Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır

Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır

Tarix: 24 Dekabr 2019 17:10

Vətənpərvərlik hissi olmayan insanın mənəviyyatı yoxdur
Heydər Əliyev

Ölkəsini sevməyən insan, heç nəyi sevə bilməz
Corc Bayron

Vətənpərvərlik insanı formalaşdıran, doğma yurduna, dilinə, mənəvi dəyərlərinə olan sevginin bir təzahürüdür. Məşhur amerikalı siyasətçi Edlay Stivensonun vətənpərvərlik "sadəcə emosiyaların partlayışı deyil, insanın bütün həyatı boyunca davam edən sakit və möhkəm sadiqlik hissidir" fikri ilə razılaşmamaq mümkün deyil. İnsana xas olan bu keyfiyyətlər məkan və zaman ölçülərinə sığmırlar, yaşlandıqca zəifləmir və taleyin hökmü ilə onun harada yaşamasından asılı olmurlar. Vətənpərvərin qəlbi Vətəninə məxsusdur və o daim doğma yurdu, insanları, təbiəti haqqında düşünür. Vətənpərvərlik hissləri həm də mədəni arxetiplərə uyğundur, nəsildən nəslə ötürülür, milli şüurun səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir, yazarların, şairlərin, bəstəkarların və rəssamların yaratdıqları əsərlərə hopur və beləcə Vətən haqqında nəğmələr, əsərlər yaranır.

Ədəbiyyatda və incəsənətdə vətənpərvərlik hisslərinin ifadəsinin parlaq nümunələri mövcuddur. Məgər rus vətənpərvərliyini Sergey Yeseninin poeziyası olmadan təsəvvür etmək olar!? Rus təbiətini, qışını, ağcaqayınını həm də onun şeirlərindən tanımaq və sevmək mümkündür. Keçən əsrin 20-ci illərində Bakıda olarkən, Şərq dünyasına heyranlığını gizlətməyən şair yazırdı: "Şiraz nə qədər gözəl olsa da, Ryazanın geniş çöllərindən yaxşı ola bilməz". S.Yesenin "dünyanın altıda bir hissəsini təşkil edən, qısaca Rusiya adlanan vətənini bütün varlığı ilə tərənnüm etməyi" özünə borc bilirdi.

Vətənpərvərlik hissi bütün Azərbaycan ədəbiyyatına da nüfuz etmişdir. Bu həm mənəvi irsə, həm də doğma yurdumuzun heyranedici və cazibədar təbiətinə münasibətdə bu və ya digər şəkildə təzahür edir. İlk baxışda tar sadəcə musiqi aləti olsa da, Azərbaycan mənəviyyatının simvollarından biridir. Tara nə qədər gözəl şeirlər, misralar həsr edilmişdir. Mikayıl Müşfiqin keçən əsrin 30-cu illərində qələmə aldığı "Oxu tar" şerini hər bir azərbaycanlı bilir. O zaman dövlət ideologiyasını həyata keçirənlər "proletar mədəniyyəti"nin (proletkult) tələblərinə uyğun olaraq, tarı burjua mədəniyyətinin bir qalığı kimi qadağan etməyi təklif edirdilər. Buna baxmayaraq, Mikayıl Müşfiq yazırdı:

Oхu, tar, oхu, tar!..
Səsindən ən lətif, şеirlər dinləyim.
Oхu, tar, bir qadar!..
Nəğməni su кimi alışan ruhuma çiləyim.
Oхu, tar!
Səni кim unudar?

O illərdə bu şeirin yazılması və çap edilməsi əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi idi. Şair tarın melodiyasını tarixi boyunca həm sevinc, həm də kədər yaşamış xalqın səsi kimi təqdim etmişdir. Müşfiq milli ənənələrə xor baxan insanları anlaya bilmirdi. Elə bunun üçün də Stalin repressiyasının qurbanı oldu.

Dahi Səməd Vurğunun ölkənin xalq himninə çevrilən, son dərəcə tutumlu "Azərbaycan" şeri də qeyri-adi vətənpərvərliyi ilə seçilir:
Mən bir usaq, sən bir ana,
Odur ki, baglıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Azərbaycan şairləri indi də vətənpərvərlik mövzusunda parlaq sənət əsərləri yaradırlar. Çağdaş şairlərimizin baş mövzusu da Azərbaycan və onun təbiətidir, gözəllikləridir. Leyla Əliyevanın "Xocalı - ağrım mənim" şeirinə biganə qalan insan tapmaq mümkün deyil:

"Sən bilirsən ağrı nədir?
Bu- yıxılanda qışqırdığın "Oy!" deyil.
Sevdiyinin xəyanəti də,
haqsız yerə itələnmək də deyil.
Ağrı - Xocalıdır.
Bu-parçalanmış talelərdir.
Bu-gecə vaxtı qaçmaqdır,
...Bu-öz körpəsinin nəfəsindən
doymadan, ondan ayrılmaqdır,

Bu-əzabdır, möhnətdir, qırılmış inam, acı göz yaşlarıdır,
Bu-bombalar altında haqsız ölümdür...

Vətənpərvərlik fərdin sosiallaşmasında, şəxsiyyətin, onun insani keyfiyyətlərinin formalaşmasında əks olunur. Vətənpərvərlik dəyərlərinin bu baxımdan hərtərəfli dəstəklənməsi, onların inkişafına rəvac verilməsi milli mədəniyyətimizin, onun təkrarsızlığının qorunub saxlanmasının mühüm şərtidir. Qloballaşma proseslərinin minillik ənənələri sıxışdırıb, bəzən hətta sıradan çıxardığı, manqurtluq presedenti yaratdığı, öz tarixini bilməyən, "kütləvi mədəniyyət" okeanında üzən insanların meydana çıxdığı müasir dövrdə bu məsələ xüsusi aktuallıq kəsb edir. Vətənpərvərlik xalqın tarixi yaddaşının əks tərəfidir. Xalqın yaddaşını bu və ya digər vasitələrlə, məqsədyönlü ört-basdır etmək mümkün olduqda, tarixi istənilən şəkildə dəyişdirmək, ictimai şüurla manipulyasiya etmək, təhrif olunmuş geosiyasi transformasiyaları qəbul edən bütöv bir nəsil yetişdirmək olar.


Etiketlər:  Vətənpərvərlik ölkə təhlükəsizliyinin qarantıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ