Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 00:32
Bakı. Trend:
11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.
Trend-in məlumatına görə, körpücük üzərinə ilk olaraq yaşı 20 və 23-ə qədər olan qadınlar çıxıblar. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Yaşı 20-yə qədər olan qadınların mübarizəsində toplam 172 kq (74+98) nəticə və 249.5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kq (67+85) nəticə və 233.4 xalla Mərizyyə Məhərrəmova qızıl medal əldə edib.
Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kq (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 190 kq (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kq (80+96) nəticə ilə Əvəz tağıyev tutub.
Günün sonunda kişilər arasında çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kq (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşn Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kq (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kq (98+120) nəticə ilə Ömər Cavadov tutublar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin