Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 16:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edib.
Tranzit çaylarda vəziyyətə gəlincə, yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 592 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 375 kub/s olmaqla, ongünlük normadan az olub.
Mayın 06-da yağan yağışla əlaqədar Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 148 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 108 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 39 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 360 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 51 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 13 sm azalaraq 472 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 06-da isə 330 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 18 sm azalaraq 265 sm qeydə alınıb. 2018-ci il mayın 06-da isə bu rəqəm 179 sm təşkil edib. Salyanda suyun səviyyəsi 16 sm azalıb və 303 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 103 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 8 sm azalaraq 251 sm olub və bu göstərici 2018-ci il mayın 06-da 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 215 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 06-da isə 48 sm təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin