Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 09:30
Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərib.
Fonddan Trend-ə verilən məlumata görə, həmçinin 2019-cu ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maddi dəstək göstərilib.
Eyni zamanda, ölkədə fəaliyyət göstərən müsəlman dini icmalar tərəfindən təqdim olunmuş 71 maarifləndirici layihə Fond tərəfindən maliyyələşdirilib.
Həmçinin, Fondun təşkilatçılığı ilə qeyri-islam dini icmalarla birlikdə “Tolerant Azərbaycan” layihəsi çərçivəsində bayramlarda və əlamətdar günlərdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icmasının fəaliyyətinə həsr edilmiş konfranslar keçirilib.
Keçən dövr ərzində Fond tərəfindən Qafqaz Müsəlmanları İdarəsi ilə birgə “Vəhdət dəyərimizdir” layihəsi həyata keçirilmişdir. Hər biri 3 gün olmaqla 4 dəfə (Gəncə şəhəri, eləcə də Lənkəran, Zaqatala və Oğuz rayonlarında) keçirilən layihə çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan din xadimləri bir araya gəlmiş, onlar üçün seminarlar keçirilmiş, ölkəmizin tarixi-dini abidələri ziyarət edilmiş və birlikdə vəhdət namazları qılınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin