Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanğınlar ildırım yaradır, ildırımlar da yeni yanğınlar - Od tutub yanan materik - FOTOLENT

Yanğınlar ildırım yaradır, ildırımlar da yeni yanğınlar - Od tutub yanan materik - FOTOLENT

Tarix: 7 Yanvar 2020 10:42

Başımız öz işlərimizə və başqalarının dərdlərinə qarışdığı bir dəmdə tam bir materik od tutub yanır.

Alov sanki vulkan lavası kimi meşələrə yayılır, minlərlə, on minlərlə hektar ağaclığı, kolluğu məhv edir. Evlərdən qalanlar kösövlər və küllərdir.

Hamı qaçır.

İnsanlar, heyvanlar, quşlar.

Okean sahilindəki insanlar gələn od divarını görərək qayıqlara minir, dalğalarda xilas yolu arayırlar.

Halbuki bəşər övladı həmişə tərsinə edib: dalğalardan qorxub, dənizdən və okeandan quruya, torpağa ayaq basanda sanki yenidən dirilib.

Fəlakət məkanlarından reportajlar. Sanki Hollivudun qorxu, vəhşət filmlərini seyr edirəm. Tüstüdə və alovda yüz milyonlarla heyvan tələf olub. Paytaxt Kanberrada havanın çirklənməsi kritik səviyyədən 26 dəfə (!) artıqdır.

Yanğınların tüstüləri artıq Yeni Zelandiyaya çatıb.

Bəşər tarixinin son 750 ilində ilk dəfədir ki, yanğınlar iqlimi formalaşdırmağa başlayıblar.

Fantastikadır? Yox.

Alovların tüğyan etdiyi nəhəng ərazidə aşağı təzyiqli böyük areal formalaşıb. Bu arealda qaynar hava yanan ağacların tüstüsünü 10-50 kilometr yüksəkliyə qaldırıb yayır.

Atmosferin yuxarı qatlarında soyuyan tüstü güclü yağış buludlarına çevrilir, elektrik sahələri formalaşır. Bu buludlarda yaranan elektrik güclü ildırımlar yaradır.

İldırımlar çaxır, yeni-yeni ərazilərdə yanğınlar başlanır.
Beləcə, ildırımlar yanğınları, yanğınlar ildırımları yaradır.

Üstəlik, yanğınlardan qalxan isti hava kütlələri közləri ətrafa səpələyir və çox uzaqlarda belə, yanğınlar başlanır.

Az öncə bu proses elə miqyasa çatıb ki, əsl alov fırtınası yaranıb.

Fəlakət qlobal iqlim dəyişikliklərinin nəticəsidir.

Belə ki, son 10 il Yer kürəsinin tarixində ən isti dövr olub.
Temperatur ən böyük sürətlə Arktikada artır, ən ağır durum isə Avstraliyada müşahidə olunur.

Ötən ilin dekabrın 29-u Avstraliyanın tarixində ən isti gün oldu. Belə ki, materikin əksər yerlərində havanın temperaturu +45-i keçmişdi.

Koalalar yanğından qaçaraq insanlara pənah gətirir, kenqurular az qala dil açaraq xilas üçün yalvarırlar.

Məşhərin, Apokalipsisin görüntüləridir sanki...

Emin
Sonxeber.net


Etiketlər:  Yanğınlar ildırım yaradır ildırımlar yeni yanğınlar tutub yanan materik FOTOLENT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ