Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Almeyda ilə maliyyə məsələsində razılaşmadıq'' - Qurban Qurbanov

''Almeyda ilə maliyyə məsələsində razılaşmadıq'' - Qurban Qurbanov

Tarix: 8 Yanvar 2020 14:16

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun jurnalistlərin suallarını cavablandırıb.

Sonxeber.net sportal.az-a istinadən həmin müsahibəni təqdim edir:
 
- Hazırlıq nə yerdədir?
- Dünəndən hazırlığa başladıq. Bu gün hamı məşqdə iştirak edəcək. Ayın 12-nə kimi Bakıda olacağıq.
 
- Riçard Almeydanın ayrılığı böyük əks-səda verdi. Onu komandada saxlamaq niyə mümkün olmadı? İddialara görə, maddi məsələyə görə, onunla anlaşma olmayıb. Bu məsələyə bəlkə nöqtə qoyasınız?
- Dəqiqi elə budur. Maliyyə məsələsində bir az razılaşmadıq. Təklifimizi etmişik. O da qalmağı çox istəyirdi. Düşünmək üçün bir az vaxt istədi. Evdəkilərlə məsləhət etməyi düşündü. Braziliyaya getdi və söhbət belə qaldı.
 
- Almeydasız "Qarabağ"ın işi çətin olmayacaq?
- Neçə illərdir bizimlədir. Əsas oyunçulardandır. O olmasa, mütləq başqa planlara əl atmalıyıq ki, yoxluğu hiss edilməsin. Almeydanın üstün cəhətləri var idi. Hər-halda, qərarına hörmət edirik. Qarşıdakı günləri gözləyirik.
 
- Riçard Almeydanın yerinə qışda oyunçu alınacaq, yoxsa növbəti transfer pəncərəsini gözləyirsiniz?
- Düzü, istəyirik ki, bu yaxınlarda işimizi konkretləşdirək. Bir neçə oyunçu ilə danışıq gedir. Türkiyəyə gedənə kimi istəyirik qərar qəbul edək. Görək, necə olacaq.
 
- "Neftçi"nin kapitanı Emin Mahmudovun "Qarabağ"a keçməsi gözlənilir?
- Bizim onunla danışığımız olmayıb.
 
- Qapıçı transferi nə yerdədir?
- Hələ bir xəbər yoxdur. Hamı indi bir az rahatdır. Transfer pəncərəsinin bağlanmasına vaxt qalıb. Ona görə oyunçular daha əlverişli variantlara baxır. Buna görə də bəzi oyunçular fikirlərini sonda bizə deyir.
 
- Asmir Beqoviçlə Maqaye Qeyenin uğursuz transfer olduğunu düşünənlər var. Onların "Qarabağ"a Avropa Liqasında lazım olan köməyi etmədiyini fikirləşirlər. Sizin düşüncəniz necədir?
- Beqoviçi də uğursuz transfer adlandırırıqsa, digər oyunçuların üzərinə bir o qədər getməməliyik. Futbol belə bir oyundur. İstənilən futbolçu səhv edə bilər. Buna görə də transfer etmək asan iş deyil. Asmir Beqoviçdən razı idim. Çox istərdim ki, qrupdan onunla birgə çıxaq. Bəlkə də, buna görə uğursuz transfer adlandı. Məncə, pis transfer deyil. Qeyenin də komandaya az faydası dəymədi. Təbii ki, daha yaxşı olmağını istəyirik.
 
- Qışda yeni hücumçunun alınması gözlənilir?
- Bəli, gözlənilir.
 
- Növbəti mövsümdən limitdə dəyişiklik ediləcəyi gözlənilir. Deyilənə görə, yeni limit qaydası 7+4 olacaq. Sizin fikirləriniz necədir?
- Bu barədə düşünməmişəm və eşitməmişəm. Müzakirəyə çıxarılanda fikir bildirərəm.
 
- Növbəti mövsüm çempionatda 10 komandanın olacağı gözlənilir. Bu kifayət edəcək?
- Ən azından 8 komandalı yarışdan yaxşı olacaq. 1-2 komanda artsa, yaxşı olacaq.
 
- "Turan Tovuz"la "Kəpəz"in elitaya qayıdacağı gözlənilir. "Zaqatala"nın kənarda qalması sizin üçün təəccüblü olmadı?
- Normal qarşılayıram. Neçə illərdir Premyer Liqada yoxdular.
 
- Mahir Emrelinin adı bir sıra klublarla hallanır. Bundan əlavə, Musa Qurbanlının da icarəyə veriləcəyi barədə iddialar var. Onların gedişinə icazə verəcəksiniz?
- Hazırda bizdə olan dəqiq məlumata görə, onlara təklif yoxdur.
 
- "Qarabağ"ın uğurlarına görə, bəzi futbolçular qiymətini qaldırır. Buna münasibətiniz necədir?
- Normal prosesdir. Klubun imkanlarından artıq heç nə olmur.
 
- Rusiya futbol veteranları MDB ölkələrinin çempionatının keçirilməsi barədə tez-tez fikirlər səsləndirir. Qazaxıstandan "Kayrat", Azərbaycandan "Qarabağ" kimi komandaların bu yarışa maraq qatacağını deyirlər. Sizin buna münasibətiniz necədir?
- Bu, qeyri-real söhbətdir. Mən istəməzdim ki, kiməsə qulluq edək. Əksinə, mən istəyirəm ki, hamının fikri öz çempionatımızda olsun. Həmin maliyyəni Azərbaycan futboluna, klublarına ayırsaq, yaxşı futbolçular ölkəyə gəlsə, özümüzdə maraq daha çox olar. 7-8 il əvvəl Azərbaycanda səviyyəli legionerlər çıxış edirdi. O çempionat bu gün ola bilər, sabah isə yox. Ona görə də özümüzə güvənək. Kiməsə güvənib, başqasının bayrağı altında oynamaqla adımızı ucaltmayacağıq. Öz çempionatımızın səviyyəsini qaldırmalıyıq. Təkliflər olur ki, Gürcüstan, Rusiya və Türkiyə çempionatında oynayaq. Öz çempionatımızda futbolçularımıza güv versək, daha münasib olar.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Almeyda ilə maliyyə məsələsində razılaşmadıq Qurban Qurbanov


RƏYLƏR