Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DST: Poliomielitin geniş yayılması ''beynəlxalq miqyaslı fövqəladə vəziyyət'' olaraq qalır

DST: Poliomielitin geniş yayılması ''beynəlxalq miqyaslı fövqəladə vəziyyət'' olaraq qalır

Tarix: 8 Yanvar 2020 21:54

Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə hallar komitəsi birinci tip poliovirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar narahatlığını bildirib. 2018-ci ildə 28 yoluxma qeydə alındığı halda, 2019-cu ildə həmin göstərici 113-ə çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu baxımdan Pakistanda və Əfqanıstanda xüsusilə təhlükəli vəziyyət yaranıb. DST-nin bəyanatında vurğulanır ki, dünyada hətta bircə nəfər poliovirusa yoluxmuş şəxs varsa, bu, planetimizin bütün uşaqları üçün təhlükə mənbəyidir.

Dünyanın bir çox ölkəsində artıq unudulmuş və əsasən 5 yaşa qədər uşaqlar arasında yayılan bu qorxulu xəstəlik sinir sistemini iflic edir. Poliovirusa yoluxanların təqribən 10 faizi nəfəs yollarının iflici üzündən ölür. Poliomielitin müalicəsi yoxdur, lakin OPV vaksininin köməyi ilə bu xəstəliyin qarşısını almaq mümkündür. 1988-ci ildən sonra poliovirusa yoluxma hallarının sayı 99 faizdən çox azalmasına baxmayaraq, mütəxəssislər xatırladırlar ki, arxayınlaşmaq olmaz.

Bugünkü qloballaşma mərhələsində dünyanın istənilən nöqtəsində bu xəstəliyin yayılması hər bir uşaq üçün təhlükə deməkdir. DST mütəxəssislərinin fikrincə, poliomielitin davamlı ocaqlarında onu aradan qaldırmağın mümkün olmaması o deməkdir ki, 10 ildən sonra bu xəstəliyə tutulma hallarının sayı yenidən artaraq ildə 200 minə çata bilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 1995-ci ildən sonra poliomielit xəstəliyinə tutulma halları müşahidə olunmayıb. 2002-ci ildə DST Azərbaycana poliomielitdən azad region kimi sertifikat verib. 2016-cı ilin aprel ayından etibarən ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb və ikivalentli OPV vaksininin tətbiqinə başlanıb.


Etiketlər:  Poliomielitin geniş yayılması beynəlxalq miqyaslı fövqəladə vəziyyət olaraq qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ