Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 02:54
Bakı. Trend:
Yanvarın 10-u saat 11:27-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində döyüş sursatlarının və Daş Salahlı kəndi ərazisində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Kəmərli kəndi ərazisində Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 455 ədəd müxtəlif çaplı patron, 3 ədəd işıqlandırıcı füşəng, 1 ədəd avtomat darağı (boş) və 4 ədəd pulemyot lenti (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanıb.
Daş Salahlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, ətrafında 100 kv.m əraziyə yerüstü baxış zamanı əlavə 1 ədəd də 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub. Top mərmisinin silahdan atıldığını, üzərində partladıcısının olduğunu və havanın qaranlıq olmasını nəzərə alaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının mühafizəsinə verilməklə növbəti iş günü yerində zərərsizləşdirilməsi qərara alınıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 10 yanvar 2020-ci il tarixlərində 9 siqnal (əməliyyat çağırışı) əsasında 7 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə baxış keçirilmiş, 20 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilmiş, 2,670 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılmışdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin