Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 18:27
"Azərbaycanda Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzinin açılması barədə sənədlərin imzalanması ölkəni tamamilə yeni səviyyəyə çıxaran mühüm nailiyyətdir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə amerikalı politoloq Qreq Vayner deyib.
O bildirib ki, Azərbaycan regionda ən sabit ölkələrdən biridir və Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzinin açılması ölkənin liderliyini möhkəmləndirəcək:
"Bu, həmçinin Azərbaycana investisiyaların cəlb olunması prosesinə əlavə təkan verəcək. Şübhəsiz ki, bu, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası məsələsində böyük irəliləyişdir. Bu cür sənədlərin imzalanması Bakıya yüksək etimadın göstəricisidir və beynəlxalq investisiya ictimaiyyətinin Azərbaycana daha yaxşı münasibət göstərməsinə və ölkəyə yüksək etimad hissi ilə investisiya yerləşdirməsinə imkan yaradacaq".
Politoloq əlavə edib ki, Azərbaycan regionda lider olmaqla digər ölkələrin inkişafına kömək etmək üçün məsuliyyət götürə bilər.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzinin açılması Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək:
"Dünya İqtisadi Forumu Azərbaycana investisiyalar cəlb edəcək və bu qeyri-neft sektorunun bütün sahələrinə, o cümlədən turizmə müsbət təsir göstərəcək. Bir sözlə, Dünya İqtisadi Forumu Azərbaycan üçün geniş imkanlar açacaq".