Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir - Vüqar Rəhimzadə

Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir - Vüqar Rəhimzadə

Tarix: 23 Yanvar 2020 16:36

Bakı. Trend:

Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayıb. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən Foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur. Forum, həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirib. Həmin milyarderlərin ümumi sərvəti 500 milyard dollardan çoxdur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Davosda hər il yüksək səviyyədə təmsil olunan Azərbaycan bu dəfə də Forumun iştirakçıları sırasındadır: “Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində indiyədək müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edib. “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan və OPEC-in baş katibi Məhəmməd Barkindo, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, Polşa Respublikasının Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. Prezident İlham Əliyev, eyni zamanda, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” və “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclaslarda iştirak edib. Görüşlərdə qeyd olunub ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşmasına, yeni layihələrin həyata keçirilməsinə gözəl zəmin yaradır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının davamlı olduğunu isbatlayır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu dərəcədə yüksək səviyyəli, səmərəli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan böyük maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, əksinə, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir”.

“Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, söylənilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının ölkəmizə olan marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətləri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsi və nümunə göstərilməsi xüsusilə qürurverici hadisə kimi qiymətləndirilməlidir. Bu da onu göstərir ki, Azərbaycan dünyada ciddi və qüdrətli bir dövlət kimi qəbul edilməkdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan dünyanın siyasi iqtisadi elitasının diqqət mərkəzindədir Vüqar Rəhimzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ