Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda mövsümi xəstəliklər

Uşaqlarda mövsümi xəstəliklər

Tarix: 24 Yanvar 2020 21:15

Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır.

Sonxeber.net bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Payız-qış aylarında ən çox kəskin respirator virus infeksiyaları çox yayılır və bu zaman uşaqlarda immunitetin aşağı düşməsi ilə əlaqədar tez-tez xəstələnmə baş verir, qızdırma, öskürək, sətəlcəm kimi proseslər daha tez-tez əmələ gəlir".

Boğaz və qulaq ağrıları da soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Həmin narahatlıq əksər hallarda iltihabi proses şəklində üzə çıxır. Ən geniş yayılmış səbəbi isə soyuqdəymə və ya qrip hesab olunur. 4-7 yaş arası uşaqlar həmin xəstəliklərlə daha çox üzləşirlər.

Həkim-pediatr bildirib: "Valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar. Vitaminlərlə zəngin meyvə-tərəvəz rasionda üstünlük təşkil etməlidir. Uşaqları çox isti və çox qapalı mühitlərdə saxlamaq düzgün deyil. Qışda xəstəliklərin bir səbəbi də uzun müddət qapalı mühitlərdə qalmaqdır".

Onun dediyinə görə, payız-qış mövsümündə uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, qaşınması, sulanması, maye ifrazı ilə müşahidə olunan allergik reaksiyalar da geniş yayılır. Ona görə də soyuq aylarda uşaqlara qarşı daha diqqətli olmaq, onları soyuğun və küləyin təsirindən qorumaq hər bir valideynin borcudur.


Etiketlər:  Uşaqlarda mövsümi xəstəliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ