Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 09:51
Bakı. Trend:
Türkiyə vətəndaşlarını Çinin Uhan vilayətindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Kayseri əyalətinin hərbi hava limanına enib.
Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan vətəndaşları da Çindən təxliyə olunacaqlar.
Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.
“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, 2019-nCoV koronavirusu ötən ilin dekabrından yayılmağa başlayıb. Yoluxma halları artıq Cənubi Koreya, Yaponiya, Tailand, ABŞ, BƏƏ, Sinqapur, Honkonq, Avstraliya və digər ölkələrdə də qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin