Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 23:51
Uşaqlarda rast gəlinən periodik olaraq təkrarlanan qızdırma sindromlarını valideynlər (bəzi həkimlər də) "çöp" olaraq bilir və aldanırlar. Əslində bu hal nədir? Periodik qızdırma, müntəzəm olaraq konkret vaxt aralıqlarında uşaqlarda çox yüksələn (38-41 dərəcə) qızdırma hallarıdır. Uşaqlarda ən sıx görülən periodik qızdırma sindromlarından PFAPA sindromunu örnək göstərmək olar (başqa FMF xəstəliyi, Tsiklik neytropeniya və s.).
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Pediatr deyib ki, PFAPA sindromunu valideyn bəzən "uşağın hər ay boğazı gəlir, yüksək qızdırması olur, antibiotik də təsir etmir" kimi də təsvir edir.
PFAPA sindromunun əlamətləri:hansılardır?
Periodik, təxminən hər ay və ya 1-2 həftədən bir eyni vaxtlarda yüksələn səbəbsiz qızdırma (çox zaman valideyn uşağın qızdırmalanacığı günləri öncədən təxmin edir)
Bu sindrom zamanı uşaqda düşürülməsi çox çətin, müalicələrə baxmayaraq 4-5 gün sürən yüksək qızdırma, ayaqda, oynaqda, qarında ağrı, halsızlıq kimi hallar olur. Çox vaxt belə uşaqları "boğazında artıq əti var", "Tez tez çöpü qalır" kimi təsvir edirlər. Belə uşaqların əksəriyyəti "artıq ətdən əməliyyat olunmuş" uşaqlar olur. Tonzillektomiya əməliyyatından sonra uşaqların 50 faizində yaxşılaşma ola bilər, 50 faizdə isə simptomlar qalıcı ola bilər.
Qızdırma düşdükdən sonra belə uşaqlar çox aktiv və sağlam olurlar. Bu xəstəlik uşağın fiziki inkişafına təsir eləmir. "PFAPA sindromu" diaqnozu digər periodik qızdırma (FMF, tsiklik neytropeniya) sindromları da inkar edildikdən sonra qoyulur. Müalicəsində bu diaqnoz qoyulmuş uşaqlara qızdırma ataklarını önləmək üçün qızdırma öncəsi kortizol inyeksiyası profilaktik olaraq vurulsa bu xəstəlik simptomlarını tamamailə önləmək mümkündür. Yəni çarə çöpçülərdə deyil!