Tarix: 22 May 2019 10:12
Şərq Tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisi şəhərində EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib. Azərbaycan bu görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Görüş zamanı 28 fevral 2019-cu il tarixində Buxarestdə keçirilmiş rəqəmsal iqtisadiyyat üzrə Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin üçüncü Nazirlər Toplantısının nəticələrinə əsasən EaPeReg üzrə gələcək fəaliyyətə dair müzakirələr aparılıb.Danışıqlarda 2020-ci il üçün hədəflər müəyyən olunub.
Sonda EaPeReg üzrə fəaliyyəti hüquqi aspektdən təmin edən və onun iş qaydasını müəyyən edən Anlaşma Memorandumunun Azərbaycan tərəfindən imzalanma mərasimi keçirilib. Sözügedən Anlaşma Memorandumu Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdən Gürcüstan, Moldova, Ukrayna və Ermənistan tərəfindən 2012-ci ildə, Belarus tərəfindən isə 2016-cı ildə imzalanıb.Azərbaycan isə 2012-ci ildən EaPeReg-in işində müşahidəçi qismində mütəmadi olaraq iştirak edib.
Nümayəndə heyəti səfər çərçivəsində, həmçinin 15 may 2019-cu il tarixində keçirilmiş EaPeReg-in növbəti plenar sessiyasında iştirak edib. İclas zamanı EaPeReg üzrə yaradılmış İşçi Qrupların işinə dair hesabatların təqdim edilməsi, şəbəkənin gələcək işinin təşkili ilə bağlı müzakirələrlə yanaşı, 2020-ci il üçün şəbəkənin sədr və sədr müavini vəzifələrinə müvafiq olaraq, Polşa və Azərbaycanın namizədliyi elan olunub. Sədr və sədr müavini vəzifələrinə seçkilərin cari ilin noyabr ayında Riqada keçiriləcək EaPeReg-in növbəti plenar sessiyasında təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində birgə əməkdaşlıq tədbirlərində fəal iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2012-ci ildən etibarən Şərq Tərəfdaşlığına üzv ölkələrin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin fəaliyyətində (EaPeReg) yaxından iştirak edir. EaPeReg qanunvericilik və genişzolaqlı xidmətlər, radiotezliklərin idarəçiliyi və beynəlxalq rouminq xidmətləri sahələri üzrə yaradılmış ekspert işçi qruplarının əsasında fəaliyyət göstərir.