Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağın işğalı ilə bağlı məruzə BMT-nin rəsmi sənədi kimi yayıldı

Dağlıq Qarabağın işğalı ilə bağlı məruzə BMT-nin rəsmi sənədi kimi yayıldı

Tarix: 28 Fevral 2020 18:12

Məşhur beynəlxalq hüquqşünas Malkolm Şou və Naomi Hart tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hərbi cinayətlər və Ermənistanın məsuliyyətinə dair" məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Sonxeber.net-a verilən məlumata görə, məruzədə Azərbaycanın hazırda işğal altında olan ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətləri və bununla bağlı Ermənistanın üzərinə düşən öhdəliklər araşdırılır, bu xüsusda müvafiq hüquq normaların nəzəri təhlili ilə yanaşı, həmin normaların Ermənistan tərəfindən pozulmasını sübut edən faktoloji məlumatlar əks olunur.

Məruzədə beynəlxalq təşkilatların sənədləri, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin qərarları, qeyri-hökumət təşkilatlarının araşdırmaları, kütləvi informasiya vasitələrinin açıqlamaları, fərdi müəlliflərin yazıları kimi müstəqil mənbələrdən, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının sənəd və materiallarından istifadə olunub.

İki hissədən ibarət olan məruzənin birinci hissəsi münaqişənin faktoloji və tarixi kökləri, beynəlxalq humanitar hüququn ümumi izahı və bu xüsusda, Ermənistanın üzərinə düşən öhdəliklərin təhlilinə həsr edilib. Məruzənin ikinci hissəsi isə ardıcıl qaydada təhlil edilmiş müharibə cinayətlərindən bəhs edir, burada ilk növbədə, mülki şəxslərin öldürülməsi və yaralanması ilə bağlı müharibə cinayətlərinə dair, daha sonra isə etnik təmizləmə, işğal altında olan ərazilərdən məcburi köçürülmə və bu ərazilərin xüsusiyyətinin məqsədyönlü şəkildə dəyişdirilməsi, eləcə də mədəni irsin dağıdılması və ətraf mühitə zərər vurulması kimi məsələlərin təhlili yer almışdır.

Məruzədə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, BMT Təhlükəsizlik Şurasının birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyi, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının tərkib hissəsi olduğu və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə tələb irəli sürdüyü vurğulanır.

Məruzədə Ermənistanın bu tələblərə məhəl qoymayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında saxlamağa davam etdiyi, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada müxtəlif növ qeyri-qanuni fəaliyyət apardığı qeyd olunur. Belə ki, sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində beynəlxalq hüquqa zidd qeyri-qanuni fəaliyyəti araşdırılır. Bu xüsusda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2016-cı ildə hazırlanmış "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət" adlı hesabatın, eləcə də Xarici İşlər Nazirliyi və Azərkosmosun 2019-cu ildə birgə dərc etdiyi "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın BMT çərçivəsində yayıldığı qeyd edilir.

Məruzədə, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və Ermənistanın beynəlxalq məsuliyyətinə dair hüquqi rəy təmin edilir.

Məruzə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsinin BMT Baş Katibinə müşayiət məktubu ilə birgə bu ilin 7 fevral tarixində BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.


Etiketlər:  Dağlıq Qarabağın işğalı ilə bağlı məruzə rəsmi sənədi kimi yayıldı


RƏYLƏR