Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 21:30
Əgər maska çatışmazlığı aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib:
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar.
Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir.
Goranboy rayonunda dövlət xətti ilə bir çox infrastruktur layihələri icra edilib. Mənim göstərişimlə burada qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. İndi qalan kəndlərin qazlaşdırılması nəzərdə tutulur. Bir neçə önəmli yol layihəsi icra edilib. Onlardan birini biz bu gün açmışıq. Yenə də vətəndaşların təklifləri var ki, yeni yolların, kənd yollarının çəkilişi təmin edilsin. Müvafiq göstərişlər veriləcək, sərəncam imzalanacaq. Təmirli yollar 65 faizə çatıb. Şəhərin içməli su ilə bağlı problemi 2014-cü ildə öz həllini tapdı. Mənim iştirakımla burada bu böyük layihənin açılışı həyata keçirilmişdir. Müasir Olimpiya İdman Kompleksi tikilir. Bu da idmançılar və ümumiyyətlə, vətəndaşlar üçün çox lazımlı bir obyektdir. Çünki mən demişəm və bir daha demək istəyirəm ki, hər bir insan müntəzəm surətdə idmanla məşğul olmalıdır. Vaxtilə demişdim ki, hər bir insan müayinədən keçməlidir və biz buna demək olar ki, nail oluruq, əminəm ki, buna da nail olacağıq. Əgər hər bir insan müntəzəm olaraq idmanla məşğul olsa, onun sağlamlığı da yerində olacaq, immuniteti də yüksək olacaq və o, çox keyfiyyətli həyat tərzi sürərək həm çox yaşayacaq, həm də ki, həyatdan zövq alacaq.
Bundan sonra da Goranboy rayonunun inkişafı, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Goranboyda xalça fabriki açılıb. Bir sözlə, həm infrastruktur layihələri, həm sosial obyektlər, iş yerlərinin yaradılması ilə bağlı olan layihələr icra edilir və ediləcək. Bir daha sizi bu gözəl xəstəxananın açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram, qarşıdan gələn bayramlar münasibətilə, Novruz bayramı münasibətilə təbrik edirəm".