Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 17:16
Bakı. Cani Babayeva - Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının açılış mərasimi olub.
Trend-in məlumatına görə, Avropa çempionatını Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov açıq elan edib.
O, qonaqları UEG adından salamlayıb:
“Aerobika gimnastikası üzrə Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirilir. Gördüyünüz kimi, yarışlar yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, təşkilat komitəsinin bütün üzvləri, könüllülər və azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm”.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin