Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkə hesabınızda söyüşlə qarşılaşırsınızmı?

Sosial şəbəkə hesabınızda söyüşlə qarşılaşırsınızmı?

Tarix: 5 Mart 2020 21:12

İnsanların cəmiyyətdəki özünütəsdiq cəhdləri sosial şəbəkələrə də sirayət edir. Bu, çox vaxt təhqirlər yağdırma vasitəsilə müşayiət olunur.

Sosial şəbəkələri qlobal yanaşaraq təhlil etsək, bu istiqamətdə yerli və əcnəbi istifadəçilər arasındakı fərqi aydın görə bilərik. Çoxları əcnəbilərin rəy və statuslarının daha savadlı, etik olduğunu söyləyirlər. Bu, hansı səbəblərdən irəli gəlir? Ümumiyyətlə, sosial şəbəkələrdə rəqəmsal mədəniyyət qaydalarına riayət etməyənləri hansı inzibati cəzalar gözləyir?

"Təhqir nə bizdə yaranıb, nə də bizə aiddir"

Milli.Az ted.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, eyni problem yalnız azərbaycanlı istifadəçilər arasında müşahidə edilmir, bir çox ölkələrdə var: "Donald Trampın səhifəsinə daxil olsanız, orada necə təhqirlər yazıldığının şahidi olarsınız. Təhqir nə bizdə yaranıb, nə də bizə aiddir. Bu, insan faktorundan asılıdır. Real həyatda da mədəni insan sivil, digəri isə qeyri-etik hərəkətlərlə davranır. Bu, virtual həyatda da keçərlidir. Belələri ətrafımızda olduqları kimi sosial şəbəkələrdə də mövcuddurlar. Sadəcə media bəlli bir etik çərçivə ilə tənzimlənir. Onun özünütənzimləmə formaları var. Sosial şəbəkədə isə hər kəs özünü sərbəst ifadə edir. Bu zaman onlar üçün etik çərçivə sadəcə öz əxlaqlarıdır. Real həyatda öz əxlaqına özünüsenzura tətbiq edənlər bunu virtual aləmdə də edirlər. Digərləri isə virtual həyatda da təhqir, böhtan və kobud ifadələrə yer verirlər. Bu, dünyanın hər yerində mövcuddur. Yalnız bizə aid deyil. Əksinə, bizə də onlardan gəlib".

"Avropa Şurasında diffamasiyaya görə həbs cəzası verən yeganə ölkəyik"

Rəqəmsal mədəniyyət normalarını pozanlar üçün hansı intizam tədbirlərinin nəzərdə tutulmasına gəlincə isə Ələsgər Məmmədli belə cavab verib: "Məsuliyyət iki formada mövcuddur: etik və hüquqi. Etik məsuliyyətə əsasən, hər kəs rəftarını daxili senzura ilə tənzimləməlidir. Azərbaycan qanunvericiliyində hüquqi məsuliyyət dedikdə şəxsin başqası tərəfindən şərəf və ləyaqətini təhqir etmək, ona böhtan atmağın yolverilməzliyi başa düşülür. Bu zaman sosial şəbəkə də, ənənəvi media da eyni məsuliyyəti yaradır. Hər ikisi Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir kimi qiymətləndirilir. Bizdə diffamasiyaya görə, cinayət məsuliyyəti olduğu halda Avropa ölkələrinin əksəriyyətində ya yoxdur, ya da son 30-40 ildə tətbiq olunmur. Avropa Şurasında diffamasiyaya görə həbs cəzası verən yeganə ölkəyik. Ümumiyyətlə, rəqəmsal mədəniyyət geniş anlayışdır. Bura kompüter proqramlarının qanunsuz istifadəsi, hansısa alqoritmdən müəllif hüquqlarını pozaraq istifadə də daxildir. Bizdə istənilən istiqamətdə müəllif hüquqlarına hörmət arxa plandadır. Demək olar, doğru-dürüst tətbiq olunmur. Ümumiyyətlə, bu, insan faktorundan da asılıdır. Dost çevrənizdə ələkdən keçirərək özünüz görmək istədiklərinizi saxlayırsınız. Bu sektorda özünütənzimləmə ən uyğun versiyadır. Məsələn, mən sosial şəbəkə hesabımda demək olar, söyüş görmürəm. Çünki çevrəm belə qurulub. Bu, təbii filtirizasiya ilə tənzimlənib. Fikrimcə, insanlar özləri çevrələrini formalaşdıraraq lazımi mədəni mühiti qura bilirlər".

"Sosial şəbəkələr ilan zəhəri kimidir"

Sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrin vacibliyini vurğulayaraq maraqlı bir müqayisə aparıb: "Sosial şəbəkələr ilan zəhəri kimidir. Düzgün istifadə edəndə çox faydalı dərmandır, dərəcəsini artırdıqda isə təhlükəlidir. Həddindən çox qəbul etdikdə insanı öldürə də bilər. Onunla ilan zəhəri kimi davranmalıyıq. Ölkəmizdə sosial şəbəkələrdən istifadə mədəniyyəti arzuolunan səviyyədə deyil. Səhifədə ciddi yazı paylaşanda onu 50-60 adam bəyənir. Amma təhqir yazsaq, lağ etsək, 1000-dən çox bəyənmə gələcək. Bu, əhalinin intellektual səviyyəsini göstərir. Bu da bir cür cəhalətdir. Cahillik 100 il öncə başqa cür idisə, indi başqa cürdür".

"Bir də görürsən, ortaya Qarabağ məsələsi atıldı, erməni tərəf daha mədəni yazmağa başladı"

Sosioloqun fikrincə, əsas problem mənəvi dəyərlərə lazımi diqqət yetirməməkdən qaynaqlanır: "Hansı cəmiyyətdə mənəvi dəyərlər arxa plana keçsə, orada ciddi fəsadlar olur. Bunu cəmiyyətimizdə görürük. Təlim tərbiyə, təhsil sistemimizdəki problemlər insanları cəmiyyətə yüksək səviyyədə hazırlamağa imkan vermir. Buna təsir edən əsas amil tədris mühitidir. Həmişə deyirlər, necə oldu ki, Qori Müəllimlər Seminariyası belə dahilər yetişdirdi? Onun əsas üstünlüyü seminariyada təhsil mühitinin olması idi. Bizdə universitetdən tutmuş, məktəblərə qədər tədris mühiti deyilən anlayış yoxdur. Kimin kefi nə istəyir, onu edir. Yeni nəslin tərbiyəsinə beşikdən başlamaq lazımdır. Biz bunun üçün günün tələblərindən çox uzaqdayıq. Sovet dövründə mənəvi dəyərlər və əxlaqi məsələlərə çox yer verirdilər. Bir müddət islam dini, bir müddət də sovet ideologiyası bu məsələləri tənzimləyib. Amma son dövrlərdə təəssüf ki, bu məsələlər başlı başına buraxılıb. Buna görə də həmvətənlərimiz sosial şəbəkələrdə nə gəldi yazırlar. Baxırsan ki, ağsaqqal oturub sosial şəbəkədə, ancaq söyüş söyür. Buna 5000-6000 adam baxır. Bu, qorxunc göstəricidir. Bu qədər adam onların təhqirlərinə qulaq asmağa razıdır. Bu, dəhşətli göstəricidir.

Bir də görürsən, ortaya Qarabağ məsələsi atıldı, erməni tərəf daha mədəni yazmağa başladı. Elə cavab yazırlar ki, onu oxuyan rus da ona hörmət edir. Görür ki, savadlı yazıb. Həmvətənimiz isə ancaq söyür. Təhqir edərək dərhal milləti gözdən salırlar. O mübahisəyə kənardan baxan da dərhal erməniyə qulaq asır, çünki o daha mədəni yazıb. İnsanlar davranışları ilə ölkənin imicinə təsir edirlər. Ən yaxşı cəmiyyət odur ki, insanlar bir-biriləri ilə maddiyyatı, gücü, qışqırmağı ilə deyil, mədəniyyəti ilə yarışsınlar. İnsan həmişə özünü fərqləndirmək, təsdiq etmək istəyir. Bu, onun xislətidir. Savadı olmayanlar özlərini belə kobud üsullarla fərqləndirmək istəyirlər".

Milli.Az


Etiketlər:  Sosial şəbəkə hesabınızda söyüşlə qarşılaşırsınızmı


RƏYLƏR