Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 17:28
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb. Virusa yoluxan şəxslərin sayında belə artımın olması öz növbəısində müxtəlif yaş qruplarının, ələxsus yaşlı şəxslərin təşvişə düşməsinə səbəb olur. Çünki bildirilir ki, virusdan ölənlərin arasında daha çox yaşlılar müşahidə olunur.
Maraqlıdır, virusdan dolayı yayılan panikanı necə azaltmaq olar? Yaşlı insanların qorxmasında əsas səbəblər nədir?
Sonxeber.net modern.az-a istinadən bildirir ki, məsələ ilə bağlı danışan psixoloq Nuriyyə Quliyeva koronavirus haqqında məlumatların, statistik rəqəmlərin açıqlanmasının insanları daha çox qorxuya saldığını bildirib:
"Düzdür, bizdə virus kütləvi vəziyyət almayıb, amma bir neçə nəfərin yoluxması belə insanlarda təşvişə gətirib çıxarır. İnsanların panikaya düşməsində əsas səbəblərdən biri də KİV-də gedən informasiyalardır. Təəssüflə vurğulamalıyam ki, virus haqqında məlumatlı olan insan da bu barədə danışır, məlumatı olmayan da. Sosial şəbəkələrdə də elə görüntülər yayılıb ki, halbuki onların heç biri Azərbaycandakı vəziyyəti əks etdirmir. Bəzi insanlar var ki, bilərəkdən belə videoları yayıb insanlarda təşviş yaradır. Bu dəqiqə də yaşdan aslı olmayaraq hər birimiz virusla bağlı xəbərlərdən, görüntülərdən təsirlənmişik. Hazırda mətbuatda virus haqqında daha çox xəbər gedir, nəinki ölkədə baş verən hadisələr haqqında. Ən azı statistik rəqəmlər insanları qorxuya salır. Bu qədər danışılan mövzu təbii ki, insanları təşvişə salacaq. Tibb nümayəndələri belə quş qripinin, donuz qripinin koronavirusdan daha təhlükəli olduğunu bildirir. Yəni bu xəstəliklərdən ölənlər daha çoxdur, nəinki koronavirusdan. Sadəcə deyim ki, insanlar arasında və mətbuatda bu mövzuda müzakirələrin çox aparılması panikaya səbəb olur"
Psixoloq bildirib ki, azərbaycanlıların koronavirus epidemiyasından panikaya düşməsinin ikinci bir səbəbi isə bu virus haqqında məlumatlı olmamasıdır:
"Bu barədə xəbərlərin getməsində müsbət tərəf ondan ibarətdir ki, televiziya və digər media orqanlarında maarifləndirmə işlərinə də xüsusi diqqət ayrılır. Xarici ölkələrdən koronavirusdan qorunmaq üçün tərcümə olunmuş çox yaxşı videoçarxlar var. Panikanı azaltmaq üçün ilk edə biləcəyimiz iş bu barədə maariflənmək, əlləri yumaq, spirtdən istifadə etmək, immuniteti gücləndirmək, kütləvi tədbirlərdən uzaq durmaq və s. metodlardır".
Nuriyyə Quliyeva deyir ki, valideynlər xəstəlik barədə evdə danışmamalıdırlar, bu onları qorxuya salır:
"Təhsil Nazirliyinin dərsləri təxirə salması uşaqlarda narahatlığın azalmasına səbəb oldu. Çünki istər-istəməz onlar təhsildən çox günbəgün artan virusun qorxusunda idilər. Tətilin elan olunması və dezinfeksiya məsələləri uşaqlarda rahatlıq yaratdı. Yaşlı insanların xəstəlikdən qorxmalarına səbəb istər-istəməz yaşın çoxalması ilə olan həssaslıqdır. Yaşın çoxalması ilə cüzi də olsa ağrıların artması, qrip əlamətləri yaşlı adamları panikaya salır, o ki, qaldı sürətlə artan koronavirus epidemiyası. Statistika da onu göstərir ki, ölüm halları immunitetləri zəif olduğu üçün ən çox yaşlılara təsir edir. Təbii ki, bu ifadə də yaşlı adamların qorxmasına səbəb olur. Onlar belə xəbərləri oxuduqca düşünürlər ki, koronavirusa yoluxsalar mütləq şəkildə öləcəklər. Panikanı azaltmaq üçün ilk növbədə xəstəlik haqqında düşünmək yox, sağlamlığın qeydinə qalmaq və psixoloji güclü olmaq lazımdır. Məsələn, dediyim kimi, əlləri tez-tez yumaq, meyvə-tərəvəz yemək panikanı azaltmağa kömək olacaq. Valideynlər də diqqət edib xəstəliyi uşaqların yanında müzakirə etməsinlər. Çünki uşaqlar görsə ki, onların valideyni xəstəlik qarşısında acizdir, onlar da qorxuya düşəcək.Onlar düşünə bilər ki, özləri ya da ata-anaları xəstəlikdən dolayı ölə bilərlər. Buna görə də valideynlər evdə xəstəliyi müzakirə etməməli, sadəcə olaraq uşaqlara gigiyenik qaydalara əməml etməyi öyrətməlidirlər".