Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 21:04
"Maraqlı oyun izlədik. Bir tərəf topa nəzarət edirdi, digər tərəf də sürətli hücumlar qurmaq istəyirdi. Hər iki hissədə imkanlarımız oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 20-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
- “Qarabağ” layiqli qələbə qazandı. Bu əzmkarlıq, istəyə görə futbolçulara deyəcək sözümüz yoxdur. 3 əsas heyət oyunçumuz yox idi. Meydana çıxan hamı yaxşı təsir bağışladı. Getdikcə oyunlar daha da ağırlaşır. Bu oyundakı səhvlərdən nəticə çıxarmaq istəyirik.
- Aleşandre Kriştavaoya kifayət qədər şans verirsiniz. Meydanda gördüyü işdən nə dərəcədə razısınız?
- Hiss olunur ki, yavaş-yavaş komandaya uyğunlaşır. Onun iş əmsalı başqadır, Frutosunku başqa. Bu gün fərqli oynamalıydıq, amma itkilərə görə belə oldu. Hələ tam uyğunlaşmayıb.
- Lorenso Frutosda geriləmə hiss olunmur?
- Bir müddət məşqlərdən kənar qaldı. Ona görə tam formasını bərpa etməyib.
- Ruslan Qurbanovu yarımmüdafiədə oynatdınız. Çıxışından razı qaldınız?
- Hücumameylli yarımmüdafiəçi kimi oynayırdı. Uzun müddət zədə ucbatından məşqlərdən kənar qalıb. Kamaranı, Turalı əvəzləyəcək yeganə oyunçumuz Ruslan idi. Məcburiyyətdən orada oynadı. Bacardığı qədər mübarizə apardı.
- Müdafiənizin cinahları rəqib üçün açıq dəhliz idi sanki. Təsadüfi deyil ki, ilk hissədən sonra Cabir Əmirlini İlkin Qırtımovla əvəzlədiz. Maraqlıdır, varıantınız olsa, Azər Salahlını da əvəzləyərdizmi?
- Bəlkə də dəyişiklik etsəydik, daha böyük fəsad verərdi. Bir oyuna görə kimlərisə ittiham etmək olmaz. Komanda uduzursa, ilk növbədə baş məşqçi günahkardır.
- “Neftçi” ilə xal fərqiniz xeyli böyüdü...
- Mən söz verməmişəm ki, komanda 1, ya da 2-ci yeri tutacaq. Məqsədimiz mükafatçılar sırasına düşmək və ya avrokuboklara getməkdir. Məni öz oyunlarımız maraqlandırır. Qazana bildiyimiz qədər xal toplamaq istəyirdik. Kiminsə yerinə göz dikmək planım yoxdur.