Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni robot gözdən əlillərə bələdçilik edəcək

Yeni robot gözdən əlillərə bələdçilik edəcək

Tarix: 8 Mart 2020 23:56

"IBM" şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq robot bələdçi hazırlayıb. Xarici görünüşünə görə qulpu irəliyə çəkilən çamadana bənzəyən robot məkanda istiqaməti müəyyənləşdirmək üçün süni intellekt alqoritmlərindən istifadə edir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, robot üçölçülü sensor, bütün komponentləri idarə edən hesablayıcı modul, eləcə də təkərlər üçün mühərriklər və akkumulyatorla təchiz edilib. Bu qurğular, o cümlədən qurğu sahibinin üzərində daşıdığı kamera sayəsində "ağıllı" çamadan görmə qabiliyyətini itirən insanlara həm küçədə, həm də otaqda təhlükəsiz yeriməyə imkan verir.

Bildirilir ki, robot xüsusi daşınan qurğuya ötürülən toxunuşla hiss edilən siqnallar vasitəsilə yoldakı maneələr barədə məlumat verir. Bundan başqa, robot istifadəçini kafe, mağaza və yaxınlıqdakı digər obyektlər haqqında informasiya ilə təmin edir. O, həmçinin insanın geolokasiyası və onlayn xəritələr vasitəsilə optimal marşrutu müəyyənləşdirir.

Qurğunun ideyasını görmə qabiliyyətində problemlər olan şirkət əməkdaşı Tieko Asakava xarici ölkədə ezamiyyətdə olan zaman fikirləşib. O, çamadanı itələyə-itələyə küçədə gedən zaman ətrafda təhlükə və maneələrin olub-olmamasını müəyyənləşdirən "ağıllı" çamadanın gözdən əlillərə digər şəxsin müşayiəti olmadan təhlükəsiz hərəkət etməyə kömək edəcəyi barədə düşünüb.

"Gözdən əlil insanların şəhərdə tək gəzməsi və özlərini sərbəst və təhlükəsiz hiss etməsi mümkün deyil. Mən bunu mümkün etmək istəyirəm", - T.Asakava bildirib.

"IBM" və onun tərəfdaşları robotun sınaqlarına 2020-ci ilin iyununda başlamağı planlaşdırır.


Etiketlər:  Yeni robot gözdən əlillərə bələdçilik edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ