Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunun “İslam iqtisadiyyatı” kitabı nəşr olunub

İlahiyyat İnstitutunun “İslam iqtisadiyyatı” kitabı nəşr olunub

Tarix: 13 Mart 2020 12:09

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun “İslam iqtisadiyyatı” adlı dərsliyi nəşr olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, beş fəsildən ibarət olan “İslam iqtisadiyyatı” dərsliyi İslamın iqtisadi məsələlərə, xüsusilə müasir dövrdə aktual olan problemlərə münasibəti haqqındadır. Kitab İslam iqtisadiyyatının əsas prinsipləri, Mali ibadətlər, Miras hüququ, Müasir məsələlər və Əlavələr bölmələrini əhatə edir.

Birinci fəsildə İslam iqtisadiyyatının ümumi prinsiplərindən bəhs olunur. Burada halal qazancın yolları, mülkiyyət anlayışı və müqavilə nəzəriyyələrindən danışılır. İkinci fəsil zəkat, xüms və sədəqə kimi ibadətlərə həsr olunub. Üçüncü fəsildə İslam hüququnda mühüm yer tutan miras məsələlərinə geniş yer verilib. Dərsliyin dördüncü fəsli isə İslam hüququnun müasir məsələlərini əhatə edir. Bu fəsildə İslam bank sistemi və sığorta haqqında faydalı məlumatlar var. Əlavələr bölümündə isə mehr və nəfəqə haqqında məlumat verildikdən sonra, İslam iqtisadiyyatı ilə bağlı ayə və hadisələr qeyd edilib. Sonda isə İslam iqtisadiyyatı haqqında qısa terminlər lüğəti təqdim olunub. Kitab ilahiyyat sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Eyni zamanda, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.


Etiketlər:  İlahiyyat İnstitutunun İslam iqtisadiyyatı kitabı nəşr olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ