Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 11:38
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi başlayıb. Lakin bu mütəşəkkil qruplaşmanın işi narkotik alverinin getdikcə yayılmaqda olduğu ölkədə tez-tez ələ keçən digər cinayətkar qrupların işinə bənzəmir. Hazırda müttəhimlər kürsüsündə oturanlar sintektik tərkibli narkotik maddələr də daxil olmaqla geniş çeşiddə zəhərin internet üzərindən satışını təşkil ediblər. Dəstənin başçıları isə Türkiyədə oturub, oradan müntəzəm olaraq Azərbaycana "mal" göndəriblər. Nəhayət banda üzvləri polisin keçirdiyi uğurlu əməliyyatla yaxalanıblar.
Bandaya Ağayar Ağazadə, Orxan Ağayev, Natiq Şabıyev, Rüfət Babayev, Elçin Kərimov, Elvin Babayev, Zəka Şahbazov, Ziya Şahbazov, Elməddin Əliyev, Şamil Samilov, Rəşad Ağayev ("Baba"nın qardaşı), Arif Əliyev, Rəşad Məmmədov, Nahid Nəsirli, Pərvin Şabiyev, Aqşin Xasayev, Emin Tağıyev, Ramil Məmmədov, Rasim Hacıyev, Türkel Seyidov, Elvira Ağayeva ("Baba"nın anası) , Şəlalə Ağayeva ("Orxan XX" anası), Şahanə Ağayeva ("Orxan XX" bacısı) Türkiyə vətəndaşı Bayar Aslan, Ayşən Tağıyeva, Kamran Abdulov, Zaur Şəbiyev daxildir.
Ağayar və əmisi oğlu Türkiyədə qruplaşma qurur...
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və onun əmisi oğlu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün "Baba", Orxan Ağayev isə "Orxan XX" kod adlarından istifadə edib. Dəstə üzvləri "Baba" və "Orxan XX"nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib "Whatsapp" mesajlaşma sistemi ilə dəstə rəhbərlərinə göndəriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları da müəyyən edilib.
Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə "Baba" və "Orxan XX"nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər.
Həmçinin, araşdırma zamanı müəyyənləşdirilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı "Baba"nın anası Elvira Ağayevada cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.
Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.
Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda "şüşə" adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər.
"Əmimoğlu Türkiyədən Azərbaycana narkotik göndərirdi"
Təqsirləndirilən "Baba" ləqəbli Ağayar Ağazadə ifadəsində əmisioğlu Orxanın Türkiyədən narkotik və güclü təsir edən maddələr alıb Azərbaycana göndərməklə yaxşı pul qazandığını, bu səbəbdən də 2016-cı ildə Orxanın yanına "işləməyə" getdiyini göstərib. Əvvəllər Lənkəranda narkotik vasitələrin "zakladka" üsulu ilə satışını həyata keçirən "Baba"nın bu iş üzrə təcrübəsi olduğundan qısa müddətdə əmioğlular bir yerdə fəaliyyət göstərməyə başlayıblar: "Həmin vaxtlar Orxan İstanbulda narkotik maddələri alıb avtobus vasitəsilə kiminsə yükünün içində Azərbaycana göndərir, Bakıda müəyyən adamlar həmin malı qəbul edir, satışını həyata keçirirdilər".
Uşaq oyuncaqları, uşaq yeməkləri arasında göndərilən "ağ ölüm"
Ailə üzvlərini Orxanın yanında maşın ustası işləyəcəyinə inandıran "Baba" İstanbulun "Bahçeşehir" şəhərciyinə - əmisioğlunun kirayə yaşadığı mənzilə üz tutub. Əmisioğlunun "ağ ölüm" alveri ilə məşğul olan şəxslərdən aldığı müxtəlif çeşidli narkotik vasitələri - metamfetamini, kokaini, ekstazini və lirika həblərini qablaşdırıb Azərbaycana göndərib. Əvvəl bu işlər "karqo" xidməti vasitəsilə həyata keçirilib. Əsasən uşaq oyuncaqları, "Nesquik" uşaq yeməyi paketlərinin içərisinə yerləşdirilib, Azərbaycandan gələnlərdən xahiş ediblər ki, həmin yükü öz yükü ilə birgə aparsın, yaxın adam gəlib qarşılayacaq. Sonradan belə qərara gəliblər ki, malları təyyarə ilə göndərsinlər.
"Mallar"ın "zakladka" üsulu ilə satışı
Bir sözlə, Orxanın aldığı "malları" qablaşdıraraq qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərmək məsələsini "Baba" həll edib. Mal ünvana çatandan sonrasa "zakladka" üsulu ilə satdırılıb. "Baba"nın tapşırığı ilə Bakıda tanıdığı şəxslər malı təhvil götürüb, diqqət cəlb etməyən yerə qoyub, sonra şəkilin çəkib ona yollayıblar: "Mobil telefonda "WhatsApp" la şəkli çəkib göndərirdilər, mən də müştəriyə yerini deyirdim, müştəri də bankda olan hesaba pul ödəməklə narkotiki oradan götürürdü. Orxan narkotik vasitələri kürd mənşəli şəxslərdən alırdı. Bakıda "zakladka" nı həyata keçirənlərin qazancları olurdu. Həmyerlim Nahid Nəsirli narkotikin satışından əldə olunan pulları yığıb mənə göndəriridi. Nahidə üç ədəd plastik kart vermişdim, pul həmin kart hesablarına yığılırdı. Bir çox hallarda pulları universal pul terminalları, hər hansı bank vasitəsilə göndərir, şifrəni mənə deyir, mən də Türkiyədə qəbul edirdim".
"Zibildaşıyanların 30 min manatlıq narkotiki daşıyıb atdıqlarını dedi, adam tutub Balaxanı zibilliyini eşələtdirdim"
"Baba"nın ifadəsinə inansaq, həmyerlisi Nahid bəzən onlara ziyan da vurub. Belə ki, narkotik qəbul edəndən sonra yalandan gah "mal"ın qoyulan ünvandan itdiyini, gah polis tərəfindən aşkarlandığını, gah da zibil daşıyanların bilmədən tulladıqlarını deyib: "Bir dəfə 30 min manatlıq metamfetamin, lirika, ekstazi göndərmişdim. Nahid həmin maddələri Neftçilər prospektində hansısa zibil qutusunun yanına qoyub sonradan mənə dedi ki, zibil daşıyanlar zibillə birgə daşıyıb aparıblar. Hətta Balaxanı zibilliyən adam göndərib oranı eşələtdirdim, amma tapılmadı. Başa düşdüm ki, Nahid göndərilən malları bəzi hallarda özü götürür və satıb pul qazanır. Amma yenə də pulların yığılmasını Nahid həll edirdi. O, mənim ən çox etibar etdiyim adam idi. 2018-ci ildə Nahid həbs olundu. Narkotikin satışı, pulların yığılması və göndərilməsində çətinlik yarandı".
"20 min manatı anama çatdırmağı tapşırdım"
N.Nəsirlinin həbsindən sonra "zakladka" işi Rüfət Babayevə həvalə edilib. R.Babayevin daimi müştəri olması bu işlərin görülməsində elə də çətinlik yaratmayıb: "Rüfət özü metafetamin təşkil edə biləcəyini demişdi. Mən də bu işi görməyi ona həvalə etmişdim. Rüfət malı İrandan Bakıya Elçin adlı şəxsin gətizdirdiyini deyirdi. Bundan sonrakı müddətdə qramı 50 manatdan metafetamin təşkil edirdi. Eyni qayda ilə işləyirdik. Sonradan aramızda pul söhbəti oldu. Qardaşım Rəşad Ağayev həbs olunduqdan sonra Rüfətə dedim ki, onda olan 15 min manat pulu və karta köçürülən 5 min manatı anam Elviraya çatdırsın. Rüfət də öz qohumu vasitəsilə 20 min manatı anama çatdırmışdı. Sonradan Rüfət özü də polis əməkdaşları tərəfindən tutuldu".
Narkotikdən gələn gəlir gecə həyatı ilə yanaşı həm də türmədəki məhbuslara xərclənib
"Baba"nın ifadəsinə görə, "zakladka" işinə baxanlara hər ay maaş qismində üç-dörd min manat pul verilib: "Tanımadığım, adlarını bilmədiyim bir çox şəxslər mənə "WhatsApp" a zəng vurur, öz istifadələri üçün narkotik alırdılar. Mən heç onların üzlərini də görməmişəm. Müştərilər nömrəmi məni tanıyanlardan əldə edib əlaqə saxlayırdılar. Pərvin Şabiyevi, Zaur Şabiyevi, Kamran Abdulovu, Natiq Şabıyevi əmim oğlu Orxanın əhatəsində olan şəxslər olub. Natiq Şabıyevi bir neçə dəfə Orxanın yanında görmüşəm. Natiq Orxana aid narkotik və psixotrop maddələrin satışından əldə olunan pulların toplanması və yönəldilməsi ilə məşğul olurdu. Bildiyimə görə toplanan pulları Bakıda kart hesablarından qohumları vasitəsilə nagdlaşdırırdı. Əmim oğlu Orxan bildiyimə görə narkotikin Azərbaycandakı satışından əldə olunan pulları öz adamları vasitəsilə anası Şəlalə Ağayevaya və bacısı Şahanə Ağayevaya çatdırıb. Mən özüm də qazandığım pulları Lənkərandakı qardaşım Rəşada göndərmişəm".
"Narkotikdən əldə olunan pulları əmim oğlu da, mən də İstanbulda gecə həyatına, eyş-işrət məclislərinə xərcləmişik. Türkiyədə özümə "BMW M 3"markalı avtomobil almışdım, həmçinin Lənkəranda məscidin gümbəzinin təmirinə pul yollamışdım, bu dövr ərzində hər həftə Bakı İstintaq Təcridxanasındakı dustaqlar üçün müəyyən adamlar vasitəsilə 300 manat pul göndərmişəm"- "Baba" ifadəsində qeyd edib.
"Rusiyadakı dostlarım oyunun qaydalarını başa saldılar"
Təqsirləndirilən "Orxan XX" ləqəbli Orxan Ağayev ifadəsində 2006-cı ildən avtomobil alqı-satqısı ilə məşğul olduğunu deyib. O, müxtəlif banklarda girovda olan bir neçə avtomobili saxta məktub əsasında girovluqdan çıxarıb girovda olmayan avtomobil kimi başqa şəxslərə sataraq külli miqdarda pul ələ keçirib və bu üzdən Azərbaycanı tərk edərək xarici dövlətlərdən birinə getməyi qərara alıb. Bu məqsədlə əvvəl Ukraynaya gedib, bir müddət sonra Dubayda, daha sonrasa Türkiyədə yaşayıb. 2014-cü ildən etibarən dələduzluğa görə axtarışda olub.
"Orxan XX" ifadəsində göstərib ki, internetdə müxtəlif saytlara baxarkən əsasən Rusiyada narkotik vasitələrin "WhatsApp" la "zakladka" üsulu ilə satışını həyata keçirməyin, əldə olunan gəliri banka ödəməklə pul qazanmağın mümkün olduğunu öyrənib. Bu qaydanı tam öyrənmək üçün Rusiyada yaşayan "İvan" və "Qeşa" adlı tanışları ilə "Skype" ilə əlaqə saxlayıb, maraqlanıb.
Həmin şəxslər "oyunun qaydaları"nı ona başa salıblar. Bundan sonra İstanbulda narkotiklərin kimlər tərəfindən satıldığı, qiymətlərin neçə olması barədə maraqlanmağa başlayıb. "Aksaray"da türk və kürd mənşəli olan şəxslərlə görüşüb: "Onlardan birinin adı Firat idi. Narkotik alveri ilə məşğul olmaq istədiyimi dedim. Malı alandan sonra Azərbaycana hansı qaydada göndərə biləcəyimi soruşdum. Həmin şəxslər çətin bir iş olmadığını, "karqo" vasitəsilə göndərə biləcəyimi dedilər. Əvvəlcə Firat ekstazi tapıb gətirdi. Həmin həbləri uşaq oyuncaqlarının içərisində yerləşdirib Azərbaycana göpndərdim. Bu cür işləməyə başladım".
Əmioğluların qurduğu sistem ondan ibarət olub ki, bütün ödənişlər bank vasitəsilə həyata keçirilib və satılan məhsullar əlbəəl heç kimə verilməyib.
"Bizimlə işləyənləri "banditizm" əməkdaşları tutmuşdu"
"Orxan XX "ifadəsində narkotik vasitələrin hamısının dadına baxsa da aludəçisi olmadığını, heç siqaret belə çəkmədiyini deyib:"Əmim oğlu Ağayar Türkiyə gələndən sonra mənimlə bir yerdə qalırdı. Daimi olaraq narkotikdən istifadə edirdi. Özüm narkotiklərin hamısının dadına baxsam da, heç vaxt aludəçisi olmamışam. Ağayar mənim aldığım narkotik vasitələri qablaşdırmaqla və müxtəlif oyuncaqların, uşaq yeməklərinin içində yerləşdirməklə məşğul olurdu. 2018-ci ildə xəbər tutduq ki, bakılda "banditizm" əməkdaşları əməliyyat keçiriblər, bizim göndərdiyimiz narkotikləri müxtəlif yerlərə qoymaqla məşğul olan şəxsləri həbs ediblər. Tutulanlar - Nahid, Nurlan, Cahandar, Zəka, və Rüfət Ağayarın təlimatı ilə "zakladka" edən şəxslər idi. Onların içərisində hımyerlim Nahidi yaxşı tanımışam. Digərləri ilə əlaqəm olmayıb".
Məhkəmə prosesi davam edir.