Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 17:09
Azərbaycanda xüsusi karantin rejiminin tədbiq olunmasının əsas məqsədi dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasının təmin edilməsi və koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
R.Məmmədov vətəndaşları bu qaydalara riayət etməyə çağırıb:
"Mən öz növbəmdə hamını qəbul olunmuş yeni təlimatlara riayət etməyə çağırıram. Dövlətimiz tələb olunan bütün qabaqlayıcı tədbirləri həyata keçirir. Bir daha vurğulamaq istəyirəm ki, bütün atılan addımların, qəbul olunan qərarların bir ali məqsədi var - hər bir azərbaycanlının sağlamlığını təmin etmək, onu dünyada sürətlə yayılan virusdan qorumaq".
Deputat vurğulayıb ki, dövlət eyni zamanda, ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması, bütövlükdə iqtisadiyyatın və vətəndaşların maksimum az zərər görməsi üçün bütün resursları, imkanları səfərbər edib:
"Bu, çox vacib məqamlardan biridir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də dövlətin yaranmış situasiyaya uyğun olaraq həyata keçirdiyi kompleks tədbirlərin əhəmiyyətini düzgün qiymətləndirir. Koronavirus nəinki Azərbaycanda, həm də bütün dünyada yeni bir situasiya yaradıb. Atılmış addımların məqsədi də bu yeni situasiyada əhalinin sağlamlığını, ölkənin ərzaq və iqtisadi təhlükəsizliyini, daha dəqiq desək, yeni şəraitdə həm də milli təhlükəsizliyini qorumaq üçün daha effektiv alətlər, mexanizmlər tətbiq etməkdir.
Ən vacib məqamlardan biri ondan ibarətdir ki, görülən tədbirlər, qəbul olunan qərarlar yalnız dövlətin ayrı-ayrı strukturlarının deyil, bütövlükdə cəmiyyətin problemin həlli üçün səfərbər edilməsinə xidmət edir. Başqa ölkələrin təcrübəsi də göstərir ki, bu, ən doğru yoldur. Ona görə də həyata keçirilən tədbirlərin arzuladığımız nəticələrə gətirib çıxaracağına əminəm. Yetər ki, hər birimiz üzərimizə düşən vəzifəni məsuliyyətlə və vicdanla yerinə yetirək".
Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.