Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 20:12
Bakı. Trend:
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyini ifadə edir.
Trend xəbər verir ki, İctimai Birliyin sədri Qənbər Qurbanov, "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümummilli yardım təşəbbüsünə qoşularaq ölkəmizdə koronavirusla mübarizə tədbirlərinə töhfə verib.
Eyni zamanda, İctimai Birliyin sədr müavini Həbib Misirovun iştirakı ilə, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib, tibbi maska və spirt paylanılıb, virusdan qorunma haqqında maarifləndirmə işi aparılıb.
"Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulduqlarını bəyan edən birliyin sədr müavini deyib ki, tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən koronavirusla mübarizədə bütün resurslarımızı səfərbər edəcəyik və Şuranın başlatdığı layihəni ən güclü şəkildə dəstəkləyəcəyik.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi hər zaman ölkəmizin maraqlarını öndə tutaraq ümumxalq çağırışlarına dəstəyini ifadə etdiyi kimi, bu gün də xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır”,-deyə Həbib Misirovu vurğulayıb.