Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 23:20
Bakı. Orxan Cuvarlı – Trend:
Sabahdan başlayaraq vergi güzəştləri və imtiyazlarının mahiyyəti ictimaiyyətə açıqlanacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, əsas məntiq ən çox mənfi təsir altında olan sahibkarları və sferaları qorumaqdan ibarətdir.
"Burada da əsas məntiq ondan ibarətdir ki, biz ən çox mənfi təsir altında olan sahibkarları, sferaları qoruyaq, onların bu gün əlavə likvidliyinə təzyiq yaratmayaq. İpoteka kreditlərinə dəstək proqramı da var. Bilirsiniz ki, ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Nəyə görə, ipoteka kreditləşməsi çox vacibdir? Qarşımıza qoyulan vəzifələrdən və bizim fəaliyyətimizin əsas hədəflərindən biri olan yalnız qısamüddətli təsirin qiymətləndirilməsi deyil, həmçinin ölkənin orta müddətli yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanmasından ibarətdir".
M.Cabbarov qeyd edib ki, pandemiyadan sonrakı dövrdə tikinti sektoru ölkə iqtisadiyyatının yenidən sürət qazanması üçün aparıcı istiqamətlərdən biri olacaq:
“Bunun bir neçə səbəbi var. Həm əmək tutumluluğu, həm tikinti sektoru üçün zəruri olan xammal və materialların ölkə ərazisində istehsal edilməsi, həm də tikinti sektorunun sosial sahə olması və vətəndaşların sosial rifahının artırılmasına xidmət etməsi vacib faktorlardır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti layihələri uğurla həyata keçirilir. Bu sferanın canlanması bizim üçün çox vacibdir”.