Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 15:09
Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını, həmçinin təşəbbüskar ölkə olduğunu bir daha göstərdi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, hazırda bəşəriyyət koronavirus pandemiyası kimi təhlükəli bir bəla ilə üz-üzə qalıb:
"Dünya gözə görünməz düşmənlə mübarizənin pik anlarını yaşayır və bu mübarizədən xalqların və dövlətlərin az itkilərlə çıxması üçün sosial izolyasiya, karantin rejimi tətbiq edilir. Bu şəraitdə bütün səviyyələrdə canlı müzakirə, görüşlər dayandırılıb. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi öz səlahiyyətlərindən istifadə edərək, şəraitə uyğun tərzdə bu Zirvə görüşünü keçirdi. Bu görüşün onlayn qaydada keçirilməsi təşəbbüsü ilə həm çıxış etdi, həm də bunu yüksək səviyyədə təşkil etdi.
Bununla da hər zaman xarici siyasət kursunda öz çevikliyi, intensivliyi və dinamikliyi ilə seçilən ölkə başçımız beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsində bir ilkə imza atdı".
Deputat vurğulayıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu təcrübəsindən digər beynəlxalq təşkilatlar da istifadə edəcək:
"Zirvə görüşünün əsas məqsədi karantin rejiminin səbəb olan koronavirus pandemiyası dövründə milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsi aparmaq idi. Sözsüz ki, bu mübadilənin aparılması üzv ölkələr arasında münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsinə çox müsbət təsir göstərəcək. Digər bir maraqlı məqam ondan ibarətdir ki, türkdilli dövlətlər ən çətin anlarda belə bir araya gəlməyi bacarırlar".