Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə təhlükəli tapıntı - FOTO

Gəncədə təhlükəli tapıntı - FOTO

Tarix: 13 Aprel 2020 08:12

Aprelin 12-si saat 10:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Gəncə Avtomobil Zavodunun yaxınlığında 25-30 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sonxeber.net-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılmış, kustar üsulla bir hissəsi utilizasiya olunmuş 53 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 100 mm-lik top mərmisi, 36 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 122 mm-lik top mərmisinin gilizi, həmçinin tərkibində partlayıcı maddə olmayan 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 12 aprel 2020-ci il tarixlərində 88 siqnal (əməliyyat çağırışı) əsasında 79 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 300 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 41 415 kv.m ərazi yerüstü və 4 941 kv.m ərazi yeraltı yoxlanılıb.


Etiketlər:  Gəncədə təhlükəli tapıntı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ