Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 23:24
SARS-CoV-2 koronavirusunun səbəb olduğu COVID-19 pandemiyası Çinin Uxan şəhərində 2019-cu ilin dekabr ayında yerli sakinlərdə atipik pnevmoniyanın ilk hallarının aşkarlanması ilə başladı. Əhalinin daimi miqrasiyası ilə əlaqədar olaraq hazırda bu virus bütün dünya ölkələrində çox geniş yayılıb. Müvafiq klinik təcrübənin olmaması və virusun yeni ştamının tam öyrənilməməsi koronavirusa yoluxmuş bütün xəstələri müalicə etməyə imkan vermir. Bir çox digər viruslar kimi koronavirus da sürətlə mutasiya olur. Bu baxımdan əvvəllər virus əleyhinə istifadə olunmuş effektiv müalicə üsulları COVID-19-un müalicəsində öz müsbət təsirini göstərmir. Sonxeber.net bildirir ki, COVID-19 pandemiyası və problemin həlli yollarının axtarışı barədə Azərbaycan Tibb Universitetinin professoru Lalə Allahverdiyeva AZƏRTAC-a öz fikirlərini söyləyib.
Professor bildirib ki, bu gün COVID-19-un müalicəsində effektivliyi sübut olunmuş hər hansı bir dərman preparatı yoxdur. Yeni virusun müalicəsi üçün effektiv dərman preparatlarının olmaması müxtəlif orqan və sistemlərdə ağırlaşmalara səbəb olur. Ən təhlükəli ağırlaşmalar aşağıdakılardır: ikinci bakterial infeksiyanın qoşulması, miokardit, ağciyər tromboemboliyası, ürək çatışmazlığı, sepsis, bakterial septik şok, kəskin respirator distress sindrom. Bu ağırlaşmalar xəstələrin 30 faizində ölümə səbəb olur. Xəstə vaxtında həkimə müraciət etməsə ölüm halları təxminən 10 faiz artır.
Bu günə qədər xəstəliyin 11 klinik təzahüri təsvir edilib. COVID-19 infeksiyasının klinikası ağırlıq dərəcəsinə görə asimptomatik infeksiyadan, yüngül, orta ağır və ölümlə nəticələnə bilən ağır formalara qədər dəyişir. Yüngül klinik gedişli xəstələr başlanğıcda hospitalizasiya edilməyə bilər. Lakin xəstəliyin klinik gedişi və simptomları ikinci həftədə ağırlaşa bilər. Hospitalizasiya olunmuş xəstələrin 17-29 faizində kəskin respirator distress sindrom, 10 faizində isə ikinci infeksiya inkişaf edir.
Xəstəliyin ağır formaları üçün risk qrupuna yaşlı insanlar və yanaşı xroniki xəstəlikləri (xroniki bronx-ağciyər patologiyası, onkoloji xəstəliklər, ürək-damar xəstəlikləri, serebrovaskulyar patologiya, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet, immunçatışmazlığı) olanlar daxildirlər.
Koronavirus infeksiyası olan xəstələrin müalicəsi erkən, kompleks, individual olmalıdır və virusun eliminasiyasına, ağırlaşmaların profilaktikasına, orqanizmin pozulmuş funksiyalarının bərpasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir. Vaxtında təyin edilmiş antiviral dərmanlar, oksigen terapiyası və qidalanma dəstəyi xəstənin vəziyyətinin ağırlaşmasının qarşısını ala bilər. Erkən başlanmış antiviral müalicə xəstəliyin ağır və kritik formalarının inkişafının qarşısını alır. Hazırda COVID-19-a yoluxan xəstələrin müalicəsi üçün lisenziyalı antiviral dərmanlar yoxdur. Bir çox ölkələrdə alimlər COVID-19 üçün peyvənd və terapevtik vasitələrin hazırlanması üzərində çalışırlar. Bəzi tədqiqatçılar bənzər koronaviruslara qarşı potensial terapevtik aktivliyi olan preparatlar təklif edirlər, lakin hazırda insanlar üzərində aparılan randomizə kontrollu sübut olunmuş tədqiqatlar yoxdur. COVID-19 üçün istifadə olunan antiviral dərmanların effektivliyi barədə klinik məlumatların olmamasına baxmayaraq, bəzi dərmanların və müalicə üsullarının effektivliyi göstərilir. Antiviral dərmanlar xəstəliyi orta, ağır və çox ağır gedişi olan xəstələrə təyin edilir. Xəstəliyin yüngül forması olan xəstələrə etiotrop müalicə təyin edilmir. Koronavirusa qarşı uğurlu mübarizə üçün son aylarda müxtəlif ölkələrin qazandığı beynəlxalq təcrübənin istifadəsi son dərəcə vacibdir. Müxtəlif ölkələrdə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif dərman preparatları istifadə edilir. Bu preparatlar aşağıdakılardır:
- Favipiravir (Favilavir, Avigan) - Yaponiyada istehsal edilən yeni koronavirus daxil olmaqla bir çox virus infeksiyalarının müalicəsində istifadə olunan bir antiviral preparatdır. Çin tədqiqatçılarının məlumatlarına görə favipiravir qəbul edən xəstələr kontrol qrupundakı xəstələrlə müqayisədə daha tez sağalıblar. Favipiravir qəbul edən xəstələrdə müalicədən 4 gün sonra, kontrol qrupundakı xəstələrdə isə 11 gün sonra mənfi test nəticələri alınıb.
- Hidroksixloroxin (plaquenil) - keçən əsrin 50-ci illərində malyariyanın müalicəsi üçün istehsal olunmuş bu preparatın koronavirusun inkişafının qarşısını aldığı göstərilib. Azitromisin ilə birlikdə koronavirus infeksiyasının müalicəsində onun effektivliyi Çində və Fransada aparılan tədqiqatlarda göstərilib. Bununla birlikdə bir sıra mütəxəssislər hidroksixloroxinin effektivliyinin sübut olunmadığını deyirlər.
- Remdesivir - SARS-CoV-2-yə qarşı aktivliyi olan bir antiviral preparatdır və onun effektivliyi Çində aparılan 2 klinik tədqiqatda təsdiqlənib.
- Lopinavir / ritonavir (kaletra) kombinə olunmuş preparatdır və virusun proteaza inhibitorudur. Tədqiqatlar göstərir ki, o, həmçinin koronavirus proteazasının aktivliyini azaldır. Bu dərman MERS-CoV infeksiyasının müalicəsində istifadə olunub və hazırda SARS-CoV-2 infeksiyasının müalicəsində də tətbiq olunur. Bu dərman preparatı ilk dəfə Çində universitet klinikasında uğurla tətbiq edilib. Əsas dərman vasitəsi olaraq lopinavir / ritonavir (2 kapsul peroral hər 12 saatdan bir) arbidol (200mg hər 12saatdan bir peroral) ilə birlikdə təyin edilib. Lopinavir / ritonavir dərmanına qarşı dözümü olmayan xəstələr üçün alternativ bir müalicə üsulu kimi antiviral aktivliyi və əlavə təsirləri nisbətən az olan darunavir / kobisistat preparatı təyin edilə bilər.
- Tocilizumab-immunoglobulin IgG1 sinfinə aid olan, interleykin-6 (IL-6) reseptorunu blokada edən rekombinant monoklonal anticisimdir. Bu preparat selektiv olaraq IL-6-nın həll olunmuş və membranda yerləşən reseptorlarına (sIL-6R və mIL-6R) bağlanır və onları blokada edir. Tocilizumabın effektivliyi Çin tədqiqatçıları tərəfindən COVID-19 olan 21 xəstə üzərində öyrənilib. Müalicə nəticəsində xəstələrin 90,5 faizi müsbət klinik dinamika müşahidə olunub. Alimlərin fikrincə bu "sitokin fırtınası" zamanı preparatın IL-6 membran reseptorlarını sürətlə blokada etməsi ilə əlaqədardır. Hazırda Çin mütəxəssisləri COVID-19 -un IL-6 ilə əlaqə mexanizmini öyrənmək və yeni bir terapevtik strategiya tətbiq etmək üçün bu dərmanın geniş kontrollu randomizə olunmuş tədqiqatını aparırlar.
- Ribavirin (ribavirinum)- virus etiologiyalı infeksiyaların müalicəsində geniş tətbiq edilən bir antiviral dərmandır. Ribavirin müxtəlif ölkələrdə SARS-CoV infeksiyasının müalicəsində istifadə edilib. Lakin bu preparatın ağır əlavə təsirlərini nəzərə alaraq onun istifadəsinə ehtiyatla yanaşmaq lazımdır (anemiya və trombositopeniya).
Avstraliya alimləri antiparazitar dərman ivermektinin (Ivermectinum) koronavirusun müalicəsində təsirli ola biləcəyini düşünürlər. Əvvəllər ivermektinin müxtəlif viruslara qarşı effektli olduğu göstərilib. Bu dərman 48 saat müddətində hüceyrə kulturasında SARS-CoV-2-nin inkişafını dayandırıb. COVID-19 ilə mübarizədə ivermektinin istifadəsi klinik tədqiqatların nəticələrindən asılıdır.
Türkiyədə COVID-19 müalicə protokolunda qeyd olunan antiviral dərmanlarla yanaşı hüceyrələrin xaricində hərəkət edən və virusun neyraminidazasını blokada edən oseltamivir preparatı istifadə olunur. Üç və ya daha çox antiviral dərmanın eyni vaxtda qəbulu tövsiyə edilmir.
- İnterferon beta-1b (IFN - β1b) preparatı antiproliferativ, antiviral və immunomodulyator təsir göstərir. MERS-CoV infeksiyasının müalicəsində bu dərman preparatı lopinavir ilə birlikdə istifadə edilib. Aparılan tədqiqatlar onun iltihabəleyhinə sitokinlərin sintezini stimullaşdırmaq qabiliyyətinə görə digər interferonlarla (IFN-α1a, IFN-α1b və IFN-β1a) müqayisədə daha fəal olduğunu göstərib. İnterferonun inhalasyon forması ilə müalicənin infeksiyanın hava ilə ötürülmə ehtimalı nəzərə alınaraq ümumi palatalarda yox, mənfi təzyiq olan otaqda aparılması tövsiyə olunur.
Simptomatik müalicəyə qızdırma salan (paracetamol), çoxlu maye qəbulu, nəmləndirici / eliminasyon preparatlar, vitamin terapiyası (C, D, E, B3 ) daxildir. Hazırda Çində yüksək dozada C vitamininin venadaxili yeridilməsinin COVID-19 olan xəstələrin müalicəsinə təsiri öyrənilir. 140 xəstənin iştirak etdiyi klinik tədqiqatın sentyabr ayında başa çatacağını bildirirlər, hazırda etibarlı nəticələr yoxdur.
CRS sindromunun (Cytokine Release Syndrome) öyrənilməsi COVID-19-dan ölüm hallarının azaldılmasının açarı ola bilər. CRS - "sitokin fırtınası" iltihabönü sitokinlərin səviyyəsinin kəskin artması ilə xarakterizə olunan bir sistem iltihab cavabıdır. Bu zaman ən çox IL-6, IL-1 və TNFα səviyyəsinin artması müşahidə olunur. Bu sitokinlərin vaxtında blokadası klinik effektivlik göstərir. COVID-19 olan xəstələrin müalicəsində yeni terapevtik strategiyalardan biri də ilk dəfə Çin tədqiqatçıları tərəfindən təklif edilən "sitokin fırtınasına" təsir edən mezenximal kök hüceyrələrin infuziyasıdır. ÜST məlumatlarına görə, kök hüceyrələri ilə koronavirus infeksiyasının müalicəsi üçün 14 klinik tədqiqat artıq qeydə alınıb. Bu müalicə metodunun əsas xüsusiyyəti ağır COVID-19 olan xəstələrdə kəskin iltihab prosesini azaltmaq və iltihabəleyhinə sitokinlərin, xüsusən də IL-10-un sayını artırmaq üçün mezenximal kök hüceyrələrin aktivləşdirilməsidir. Bu məqsədlə kəskin ağciyər zədələnməsi sindromu olan xəstələrdə toxuma bərpasını stimullaşdıran mezenximal kök hüceyrələr IFNγ ilə işlənir. Bu müalicə metodunun ilk nəticələri kəskin ağciyər zədələnməsində patogenezin fərdi xüsusiyyətlərinə təsir edən aktivləşdirilmiş mezenximal kök hüceyrələrdən istifadənin perspektivli olduğunu göstərdi.
Ağır vəziyyətdən kritik mərhələyə keçid prosesində xəstədə ağır hipoksemiya, sitokin kasqadının aktivləşməsi və ağır infeksiyalar ola bilər, hansılar ki, şok, toxuma perfuziyasının pozğunluqları və hətta çoxsaylı orqan çatışmazlığı ilə nəticələnə bilər. Süni qaraciyər dəstək sistemi (ALSS) və aferez müalicə üsulları iltihab mediatorlarını effektiv şəkildə azaldır, sitokin kaskadının aktivləşməsini, şok, hipoksemiya və respirator distress sindromun yaranmasının qarşısını alır.
Ağır pnevmoniya olan xəstələrdə sitokin kaskadının aktivliyini azaltmaq məqsədi ilə və xəstəliyin inkişafının qarşısını almaq üçün kortikosteroidlərin qısa müddətli təyini məqsədə uyğundur. Lakin bu mümkün qədər tez edilməlidir. Əlavə təsirləri və ağırlaşmaları nəzərə alaraq qlükokortikoidlərin yüksək dozalarda təyinatı məsləhət görülmür.
COVID-19-da tənəffüs funksiyasının pozulması nəticəsində hipoksemiya baş verə bilər. Oksigen terapiyası hipoksemiyanı müalicə etməklə ikinci orqan zədələnmələrini aradan qaldırır.
Bakterial infeksiyaların qarşısını almaq üçün yüngül formada keçən COVID-19 da antibiotik təyin etmək tövsiyə edilmir. Onları yalnız ağır vəziyyətlərdə və ehtiyatla istifadə etmək lazımdır. Antibiotiklərdən ftorxinolonlar, ikinci və ya üçüncü nəsil sefalosporinlər, β-laktamaza inhibitorları və s. istifadə oluna bilər. Antibiotiklər süni tənəffüs aparatına qoşulmuş ağır xəstələrdə bakterial infeksiyaların qarşısını almaq üçün istifadə edilməlidir.
COVID-19 olan bəzi xəstələrdə bağırsağın selikli qişasının viruslarla zədələnməsindən və ya antibiotik və antiviral preparatların istifadəsi nəticəsində mədə-bağırsaq simptomları (qarın ağrısı, ishal) yarana bilər. Əldə olunmuş məlumatlara görə, COVID-19 xəstələrində bağırsağın mikrobiosenozu pozulur, bu isə bifido və laktobakteriyaların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Bağırsaq disbakteriozu bakterial translokasiyaya və ikinci infeksiyaya səbəb ola bilər, bununla əlaqədar olaraq bağırsaq mikroflorasının balansını normal saxlamaq məqsədi ilə probiotiklərin və nutritiv qidalanmanın təyini məqsədə uyğundur.
COVID-19 olan xəstələr psixoloji stress keçirirlər, tez-tez peşmanlıq və inciklik, təklik və köməksizlik, depressiya, narahatlıq və fobiya, qıcıqlanma və yuxu pozğunluğu kimi simptomlar nümayiş etdirirlər. Bəzi xəstələr panik vəziyyətə düşə bilər. Ağır xəstələrdə tez-tez sayıqlamalar olur. Hətta COVID-19 tərəfindən təhrik olunan ensefalit qeydə alınmışdır.
Ağır və kritik vəziyyətdə olan xəstələr müxtəlif dərəcəli orqan disfunksiyasından, xüsusən tənəffüs çatışmazlığı, hərəki və koqnitiv pozulmalardan əziyyət çəkirlər və bunların bərpası reabilitasiya tədbirləri tələb edir. Xəstə reabilitasiya terapiyasının əsasını bədən duruşuna nəzarət və tənəffüs məşqləri təşkil edir.
Hazırda koronavirus infeksiyasının spesifik profilaktika üsulları araşdırma mərhələsindədir. Belə bir fikir var ki, vaksin olmadığı halda spesifik profilaktika məqsədilə hər il qrip peyvəndi olmalıdır. Pnevmokokk infeksiyasının qarşısını almaq məqsədi ilə, virus infeksiyalarının geniş yayıldığı dövrdə pnevmokokk vaksini ilə peyvənd etmək tövsiyə olunur.
İnsanın immun sistemi müxtəlif infeksiyalara fərqli cavablar verir. SARS CoV-2 əleyhinə immunitetin müddəti və intensivliyi haqqında məlumatlar hazırda toplanır. Mövcud tədqiqatlar COVID-19 olan xəstələrin qanında IgM və IgG antitellərinin əmələ gəlməsini göstərir. COVID-19-dan sağalmış insanlarda spesifik immunitet yaranır və buna əsaslanaraq bu insanların qan plazmasını spesifik immunoterapiya məqsədi ilə xəstələrə köçürdürlər. Çində, ABŞ-da və Türkiyədə bu müalicə üsulunun istifadəsinə artıq başlanıb.
Son günlərdə əhalinin vərəmə qarşı mütləq BSJ peyvəndi olunması koronavirus infeksiyası ilə xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltdığı haqqında məlumatlar ortaya çıxıb. Amerikalı epidemioloqlar müəyyənləşdiriblər ki, mütləq BSJ peyvəndi olan ölkələrdə COVID-19-dan ölüm halları daha azdır. Bu gün dünyanın 96 ölkəsində BSJ peyvəndi ilə yeni növ koronavirus infeksiyasından ölüm halları arasında əlaqəni göstərən məlumatlar var. Tədqiqatçıların fikrinə görə BSJ peyvəndinin bütün əhali üçün mütləq olduğu ölkələrdə ölüm halları digər ölkələrlə müqaisədə 14-30 dəfə azdır . Tədqiqatlar göstərdi ki, BSJ vaksinasiyasını dayandıran və ya vaksinasiya tövsiyə xarakteri daşıyan ölkələrdə koronavirusdan ölüm halları daha çoxdur. Bu Qərbi Avropa və ABŞ-dan fərqli olaraq MDB ölkələrində, Şərqi Avropa, Yaponiya və Cənubi Amerikada vəziyyətin nisbətən yaxşı olduğunu izah edir. Bununla yanaşı BSJ ilə COVID-19-a qarşı yaranan immunitet arasındakı əlaqə sübut olunmayıb və həkimlərin əksəriyyəti bu məsələdə birmənalı mövqe tutmaqdan imtina edirlər.
Bu gün müxtəlif ölkələrin alim və həkimləri COVID-19 peyvəndi və onun yeni sınaq prosedurları üzərində işləyirlər. Mart ayının ortalarında ÜST belə vaksinlərin 41 variantının olduğunu açıqladı. Peyvənd hazırlayanlar arasında böyük qlobal əczaçılıq holdinqləri və Oksford Universiteti və Fransadakı Paster İnstitutu kimi tanınmış universitetlər var. Peyvənd layihəsinə 1 milyard dollar sərmayə qoyan Amerika şirkəti Johnson & Johnson istehsal etdiyi koronavirus peyvəndini insanlar üzərində sınaqdan keçirməyi planlaşdırdığını açıqladı. Bu şirkət bir milyard hazır vaksinin bütün dünyaya yayılmasını öz üzərinə götürdü. Bu vaksini 2020-ci ilin sentyabr ayında insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar, lakin hazırlanmış ilk vaksinlər 2021-ci ilin əvvəlində istifadəyə hazır olacaq. Bu bir vaksin hazırlamaq üçün çox qısa müddətdir. Belə ki, bu vaxta qədər tibb mütəxəssislərinin əksəriyyəti peyvəndi hazırlamaq üçün ən az 18 ay vaxtın tələb ediləcəyini bildirirdilər. Türkiyə mütəxəssisləri də COVID-19-a qarşı vaksini heyvanlar üzərində uğurla sınaqdan keçiriblər. Beləliklə, deyə bilərik ki, hazırda COVID-19 üçün spesifik müalicə yoxdur.
Düzgün tibbi xidmət göstərmək üçün pasiyentin vəziyyətinin monitorinqi aparılmalıdır. Klinik monitorinq xəstəliyin ağırlaşma əlamətlərini, məsələn tez inkişaf edən tənəffüs çatışmazlığı və sepsisi vaxtında aşkarlamağa və vəziyyətə uyğun düzgün müalicənin təyininə imkan verir. Müalicədən sonra hər hansı bir xəstə, ən azı 2 dəfə 24 saat interval ilə PCR üsulu ilə test olunmalıdır. İki mənfi test nəticəsi və xəstəliyin klinik əlamətlərinin olmaması xəstənin sağaldığını göstərir.
Bu məqalədə təqdim olunan COVID-19-un həlli yolları beynəlxalq tibb praktikasına əsaslanır, lakin bu hələ son deyil və gələcəkdə tədqiqatlar davam etdirilməlidir.