Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Qran-Prisinin promouteri builki Formula 1 yarışını tamaşaçısız keçirməyi düşünmür

Azərbaycan Qran-Prisinin promouteri builki Formula 1 yarışını tamaşaçısız keçirməyi düşünmür

Tarix: 24 Aprel 2020 11:56

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışı ilə bağlı son vəziyyətə aydınlıq gətirmək istəyir.

Şirkətdən Trend-ə verilən məlumata görə, builki çempionatın ilkin yarış cədvəlində 5-7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan Formula 1 Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda Formula 1 Dünya Çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula 1-in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula 1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula 1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, Formula 1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.

Əməliyyat şirkəti göstərilən anlayışa görə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışının bütün iştirakçılarına və tərəfdaşlarına təşəkkür edir və Sizi bu il tezliklə Bakıda qarşılamağı səbirsizliklə gözləyir.

İndiki məqamda sizi mümkün olduqca evdə qalmağa və zəruri təhlükəsizlik tədbirləri görməyə çağırırıq.


Etiketlər:  Azərbaycan Qran Prisinin promouteri builki Formula yarışını tamaşaçısız keçirməyi düşünmür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ