Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əri teatrdan ayırdı, uşağı yanğına düşdü, dünyadan ağlaya-ağlaya köçdü - Səhnəmizin Nazikinin həyat dramı

Əri teatrdan ayırdı, uşağı yanğına düşdü, dünyadan ağlaya-ağlaya köçdü - Səhnəmizin Nazikinin həyat dramı

Tarix: 25 Aprel 2020 15:30

Dünən maraqlı aktrisa Məleykə Ağazadənin anım günü idi. Sonxeber.net bu münasibətlə Kulis.az-a istinadən aktrisa haqqında maraqlı faktları təqdim edir.

Məleykə Ağazadə 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib, ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar edib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.

***

Məleykə xanım evin tək övladı olub. Anası evdar qadın, atası isə fəhlə işləyib. Aktrisanın özünün dediyinə görə nəsillərində heç kim incəsənətlə məşğul olmayıb.

Gallery

Orta məktəbi bitirən Məleykə Ağazadə daha sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bəstəkar Süleyman Ələsgərovun tələbəsi olub. Süleyman Ələsgərov onu əlaçı tələbəsi kimi çox istəyib. Onu hər dəfə görəndə deyirmiş, ay qızım, sənin bir dənə də olsun 4-ün yoxdur, hamısı beşdir.

***

Aktrisa Asəf Zeynallı musiqi məktəbində oxuyan zaman rəfiqəsinin qardaşı rəssam Fərrux Ağazadə ilə tanış olur. Bacısının ardınca məktəbə gələn gənc rəssam Məleykə xanımı görüb ona vurulur. Məleykə xanım da rəssama qarşı laqeyd qalmır. Bir müddət sonra cütlük ailə qurur. Bu evlilikdən onların iki oğlu dünyaya gəlir.

Gallery

Aktrisa həyat yoldaşını müsahibələrinin birində belə xatırlayır: O, mənim üçün bu dünayada ən yaxşı rəssam idi. O məni, mən də onu çox istəyirdim. 56 il onunla çox mehriban yaşamışıq. O rəhmətə gedəndə mən çox ağır günlər yaşadım. İndi "ZAQS"a ərizə verirlər, səhər artıq boşanırlar. Biz bir-birimizdən bezmişdik, amma yaşayırdıq.

***

Aktrisa ailə qurandan sonra da Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada müxtəlif rollarda çıxış edərək tamaşaçı rəğbəti qazanıb, eyni zamanda "Var olun, qızlar", "Qızmar günəş altında", "Onu bağışlamaq olarmı" və s. məşhur filmlərdə bənzərsiz obrazlar yaradıb. Aktrisaya ən çox uğur gətirən, onu tamaşaçıya sevdirən rolu isə "Ulduz" filmindəki Nazilə obrazıdır.

Gallery

Bu filmə dəvət almağına səbəb Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində davamlı olaraq 10 il bir-birindən maraqlı obrazlar yaratması olub. "Ulduz" tamaşası səhnədə oynanılanda da aktrisa orada Nazik rolunu canlandırırb. "Ulduz" filminin çəkilməsinə qərar veriləndə rejissor Ağarza Quliyev zalda əyləşibmiş. O, aktrisanın oyununu o qədər bəyənir ki, hətta sınaq çəkilişləri olmadan, onu birbaşa filmə təsdiq edir.

***

Aktrisa "Ulduz" filminin çəkilişləri üçün Astara rayonuna getməli olur. Uşaqları azyaşlı olduğu üçün o, oğlanlarını da özü ilə bərabər çəkilişə aparır. Üç ay yay fəslində, qızmar günəş altında çəkilişlərə davam edən aktrisa Hacıbaba Bağırovla ifa etdiyi tvist səhnəsini müsahibələrinin birində belə xatırlayır: Bu səhnədə biz həqiqətən də o rəqsi ifa edirdik. Möhsün roluna o dövrün bir çox məşhur aktyorları, hətta Məlik Dadaşov da dəvət olunmuşdu. Amma rejissor qətiyyətlə Hacıbaba Bağırovun üzərində dayandı. Mənim Hacıbaba Bağırovla tvist oynadığım səhnə, yəqin ki, yadınızda qalıb. Bu səhnə çəkiləndə böyük oğlum çəkiliş meydançasında idi. Kənardan dayanıb diqqətlə bizə baxırdı. Mən oynayanda o da rəqs edirdi. Hər dəfə də oynayıb kadra düşürdü, hər şeyi korlayırdı. Hava da çox isti idi, rejissor məcbur olub bu hissəni yenidən çəkirdi. Üç dəfə "stop" deyiləndən sonra nəhayət ki, bu yer çəkildi. Kiçik oğlum isə çəkiliş zamanı nəzərimdən yayınıb quyudan su çıxarılan vedrə ilə o qədər su çıxarmışdı ki, vedrə başına dəymiş, huşunu itirmişdi".

Gallery

Bir dəfə isə aktrisa yenə film çəkilişində olan zaman ona zəng vurub xəbər verirlər ki, evində yanğın baş verib, təcili evə gəlməlidir. Aktrisa evinə çatanda evində həqiqətən də yanğın baş verdiyini oğlunun da yanıq zədələri aldığını görür. Uşağı həkimlərin köməyi ilə xilas etmək mümkün olur.

***

Aktrisanın oğlanlarından biri Zeynal Ağazadə jurnalistdir. O, 17 ildir ki, Ukraynda xüsusi müxbir kimi fəaliyyət göstərir. Məleykə xanımın digər oğlu isə polkovnik-leytenantdır.

Gallery

Məleykə xanım "Onu bağışlamaq olarmı" filminə çəkilən zaman isə oğlu Çingiz 9 aylıq olub. Gündüzlər tamaşalar olduğundan filmin çəkilişləri gecələr olurmuş. Xəstəxanada Sevdanın gözünün əməliyyat olunması səhnəsi çəkilən vaxt evdən ona zəng gəlir, təcili evə çağrılır. Evinə gələn aktrisa həyətdə təcili yardım maşınını görür və bərk qorxur. Məlum olur ki, oğlunun temperaturu qalxıb, özündə deyil. Aktrisa həyəcandan nişan üzüyü olan barmağı ilə alnına döyərək ağlamağa başlayır. Uşaq yaxşılaşandan sonra elə gecə ikən yenidən çəkilişə qayıdır. Çəkilən səhnədə isə aktrisa ağlamalı imiş. Rejissor mator deyən kimi o, həmin gecə yaşadıqlarını və balaca oğlunu yadına salıb hönkür-hönkür ağlamağa başlayır. Filmdə Laçının bacısını canlandıran böyük aktrisa Hökumə Qurbanova təəccübünü gizlədə bilməyib deyir: "Sən necə ağlayırdın, afərin"

***

Aktrisa hələ gənclik illərindən teatrdakı işindən ayrılmalı olur. O, bunu ailə vəziyyəti ilə əlaqələndirib deyirmiş: Uşaqlarım oldu, yoldaşım da həmişə hirsənirdi işimə görə. Uşaqlarıma, ailmə görə 1963-cü ildə teatrdan uzaqlaşdım. Amma kinolarda çəkilirdim.

Gallery

Ömrünün son illərində aktrisa sənətdən küskün olaraq, ona qarşı laqeyidlikdən şikayət edib, üzləşdiyi problemləri ağlaya-ağlaya danışırmış: "Suğra Bağırzadə əməkdar artistdir, mən isə evdar qadın! Hamı zəng edir, hamı görüşmək istəyir, mənsə bu evdə heç kimi qarşılaya bilmərəm. Mən bu gün sadəcə evdar qadınam. Nə "Kleopatra"yam, nə də ki, "Cülyetta". Mən "Nazik"əm. Bütün Bakı məni tanıyır və çox istəyir. İnanın Allaha, yolla gedəndə neçə insan məni saxlayır, şəkil çəkdirir. Tamaşaçılar mənim üçün dua edirlər. Köhnə Tarqovu ilə hərəkət edərkən insanların mənə qarşı olan mehriban münasibətlətini görüb uşaq kimi sevinirəm. Bəzən də kövrəlirəm. Kövrəldən təkcə vəfasız illər deyil, həm də mənə qarşı olan diqqətsizlikdir. Məndən başqa, hamı həm əməkdar, həm də xalq artistidir. Mənim isə heç fəxri diplomum da yoxdur".

Gallery

2010-cu ildə aktrisanın həyat yoldaşı dünyasını dəyişir. O gündən sonra o, tək yaşamağa başlayır. Aktrisa 90 il ömür yaşayıb, uzun ömürlü olması ilə isə həmişə fəxr edib deyirmiş: İstəyirəm, 300 il yaşayım ki, ölümümü görüb, ağlamasınlar. Mənim rəhmətlik nənəm 112 il yaşayıb.

***

Heç bir adı, fəxri titulu olmayan Məleykə Ağazadə 24 aprel 2019-cu ildə şəkər xəstəliyindən vəfat edib.


Etiketlər:  Əri teatrdan ayırdı uşağı yanğına düşdü dünyadan ağlaya ağlaya köçdü Səhnəmizin Nazikinin həyat dramı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ