Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət başçısına yazırlar: Atdığınız qətiyyətli addımlarla bir daha sübut etdiniz ki, Siz hər bir vətəndaşın Prezidentisiniz

Dövlət başçısına yazırlar: Atdığınız qətiyyətli addımlarla bir daha sübut etdiniz ki, Siz hər bir vətəndaşın Prezidentisiniz

Tarix: 30 Aprel 2020 19:06

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sonxeber.net Trend-ə istinadən həmin məktubların bir neçəsini təqdim edir.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov yazır: "Möhtərəm cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin "Kiçik bir Azərbaycan" adlandırdığı gözəl Sumqayıt şəhərinin ağsaqqalları adından Sizi salamlayıram. Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına və şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Sumqayıtın bir şəhər kimi formalaşması və inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Biz sumqayıtlılar çox sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu isti münasibəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Birbaşa diqqət və qayğınız sayəsində, xüsusən son illərdə şəhərimizdə yaradılan çoxsaylı sosial-ictimai və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirmiş və müasir, abad, işıqlı bir şəhərə çevirmişdir. Cənab Prezident, koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadi çətinlik və böhran girdabındadır. Mövcud çətinliklərə baxmayaraq, respublikamızda nəzərdə tutulan sosial layihələr dayandırılmır, qrafikə uyğun olaraq öz həllini tapır. Heç bir sosial proqram ixtisar olunmayan Azərbaycanda dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sumqayıt şəhərinə çəkilən yeni magistral qaz xətti də Sizin sumqayıtlılara yeni töhfəniz oldu. Bu alternativ qaz kəməri ilk növbədə sakinlərimizi və eləcə də sənaye müəssisələrini dayanıqlı qazla təmin edəcək. Hörmətli Prezidentimiz, sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu qorxulu və dəhşətli koronavirus pandemiyasının yayılma sürətinin xeyli aşağı salınması mümkün oldu. Dünyada koronavirusla mübarizənin çox yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğu ölkələrdən biri də məhz Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirir. Sizin tapşırığınıza əsasən şəhərimizdə ahıllara, 65 yaşdan yuxarı tənha insanlara, aztəminatlı ailələrə gündəlik qayğı və yardım göstərilir. Cənab Prezident, həmişə olduğu kimi, bu gün də Sizin və Mehriban xanımın xalqa hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər də xüsusi alqışalayiqdir. Siz həmişə əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz. Sizə Sumqayıtın çoxsaylı ağsaqqallarının, şəhər əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə və qayğıya görə minnətdarlığını, təşəkkürünü çatdırıram. Xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə Sizə, hörmətli Mehriban xanıma, ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik. Uca Tanrı Sizi Qorusun!".

Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Nihat Cavadov: "Möhtərəm cənab Prezident, dünyada yayılan nadir yoluxucu xəstəliklərdən biri də məhz son günlərdə bütün planeti qorxuya salan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər xalqımızı böyük bir təhlükədən artıq xilas etməkdədir. Bu, bütün Azərbaycan xalqını çox sevindirir. Doğrudur, xalqımız əsrlərboyu ağır günlər keçirib, lakin ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə gözəl günlərə qədəm qoyub. Siz dövlətimiz üzərində parlayan günəşsiniz. Allah Sizi qorusun! Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq. Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz tədbirlərə görə təşəkkürümü bildirməkdir. Böyük inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizi dərin sevgi bəsləyir".

Bakının Binəqədi rayonundan 7-ci sinif şagirdi Nəzrin Həsənli: "Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyasının geniş vüsət aldığı bir dövrdə yaşayırıq. Buna baxmayaraq, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi itkilərimizin digər ölkələrlə müqayisədə daha az olmasına gətirib çıxardı. Məhz Sizin göstərdiyiniz səylər nəticəsində bu virusun qarşısı tez bir zamanda alındı. "Evdə qal" çağırışınız, əhalinin daha sıx toplaşdığı məkanların bağlanması, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi bunun sübutudur. Cənab Prezident, atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz və Mehriban xanım Əliyeva daim xalqın yanındasınız. Xalqımızın evdə qaldığı müddətdə insanlara göstərdiyiniz maddi və mənəvi dəstəyə, onların rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayırdığınız vəsaitə görə çox sağ olun. Azərbaycan Sizinlə gözəldir, cənab Prezident! Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük!".

Laçın rayonundan məcburi köçkün Əli Abbasov: "Cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasına qarşı həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, planetimizin inkişaf etmiş, aparıcı dövlətləri ilə müqayisədə Azərbaycanı bu bəladan minimum itki ilə xilas etdiyinizə, bu ağır günlərdə gecə-gündüz yorulmadan çalışdığınıza, hər bir vətəndaşa maddi və mənəvi dəstək göstərdiyinizə, əsl valideyn qayğısına görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özümün və ailəmin adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizi və Sizin rəhbərliyinizlə xalqımızı qorusun!".

Zaqatala rayonundan ağsaqqal İsa Əhmədov: "Möhtərəm cənab Prezident, son vaxtlar dünyada geniş vüsət almış koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin, xalqımızın pandemiya ilə mübarizədən qalib çıxması üçün tərəfinizdən görülən qabaqlayıcı tədbirlər biz ağsaqqallar tərəfindən də rəğbətlə qarşılanır. Siz ilk günlərdən bütün qüvvələri səfərbər edərək mümkün tədbirləri həyata keçirdiniz, hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşların yanında, onların xidmətində oldunuz. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün gördüyünüz işlər, göstərdiyiniz fədakarlıq, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır. Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətləriniz, qısa müddət ərzində ölkəmizdə 14 laboratoriyanın fəaliyyətə başlaması, "Yeni klinika" tibb müəssisəsinin istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaitinin ayrılması sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar ən yüksək səviyyədə atılır. Biz ağsaqqallar da dövlətimizə, onun gücünə, gördüyünüz işlərə fərdi məsuliyyətimizlə dəstək olacaq, bəşəriyyəti bürüyən bu bəladan uğurla çıxacağıq. Azərbaycan xalqının sağlamlığının qorunmasına xidmət edən fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı arzu edirik".

Cəlilabad şəhərindən Səadətxanım Cabbarova: "Hörmətli cənab Ali Baş Komandan, Sizə 70 yaşlı ağbirçək qadın, 6 övlad anası, 11 nəvə nənəsi kimi müraciət edirəm. Külfətimin, el-obamın bu gününün, sabahının etibarlı əllərdə olması məni həm sevindirir, həm də daha çox yaşayıb-yaratmağa həvəsləndirir. Sizin gördüyünüz işlər, xalqımıza hər zaman qayğıkeş münasibət göstərib dar gündə qucaq açmağınız bir ağbirçək kimi şəxsən mənə ruh verir. Bu çətin pandemiya dövründə uzaqgörənliyiniz sayəsində bizi bəladan az itki ilə xilas etdiyinizə, xüsusilə yaşlı nəslə göstərdiyiniz qayğıya görə Sizə minnətdaram. Mən bu müqəddəs ayda oruc tuturam. Bütün Ramazan boyu Sizə və ailənizə dua edəcəyəm".

Şabran rayonunun Gəndov kəndindən 6-cı sinif şagirdi Şəfa Umudova: "Hörmətli cənab Prezidentimiz, karantin müddətində Sizin etdiyiniz yaxşılıqları görmüşəm, həqiqətən çox qayğıkeş bir dövlət başçısı olduğunuzu da bilirəm. Siz bu çətin günlərdə vətəndaşların yanında oldunuz, aztəminatlı ailələrə və yaşlı insanlara yardım etdiniz. Buna görə də Sizə dərin təşəkkürümü bildirirəm. Ailə üzvlərimiz və mən Sizi çox sevirik. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi qayğıkeş Prezidenti var".

Şəmkir şəhərindən Natiq Əliyev: "Hörmətli cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərimi çatdırıram. Sizlərə Allah tərəfindən ən ali, ən yüksək xüsusiyyətlər, insanlığın ən yüksək zirvəsi bəxş edilib. Siz isə bu zirvədən xalqa xidmət edir, onun qayğısına qalırsınız. Əslində, Sizin xalq üçün etdikləriniz gələcəkdə cild-cild kitablarda əks olunacaq. Böyük Yaradandan Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram".

Şəki rayonunun Şəki kəndindən Bayram Zeynalov: "Çox hörmətli cənab Prezident, mənim 79 yaşım var. Ailəliklə Sizi dəstəkləyirik. Bu çətin günlərdə Sizin xalqımıza göstərdiyiniz qayğı ölçüyəgəlməzdir. Sizin kimi görkəmli şəxsiyyətin rəhbərlik etdiyi bir ölkədə yaşamağın özü bir xoşbəxtlikdir. Sizə olan səmimi münasibətimi ifadə etmək üçün söz də tapmıram. Çünki Siz xalqımızı bu qorxulu xəstəlikdən qorudunuz. Dünyanın heç bir ölkəsində vətəndaşa belə böyük qayğı göstərilmədi. Uca Allah Sizi və ailənizi, övladlarınızı pənahında saxlasın!".

Ağstafa rayonundan Ayşən Tağızadə: "Əziz və hörmətli cənab Prezidentimiz, ölkəmizdə görülən işlər, əhalinin güzəranını yaxşılaşdırmaq üçün atılan addımlar üçün Sizə dərin təşəkkürümü bildirirəm. Çətin bir sınaqla üz-üzəyik. Amma Sizin uzaqgörənliyiniz, verdiyiniz qərarlar, imzaladığınız sərəncamlar sayəsində Azərbaycan xalqı bu bəladan, çox şükür ki, ziyansız ötüşməkdədir. Ölkəmizdə aztəminatlı ailələrə verilən birdəfəlik müavinətlər, yardımlar üçün Sizə təşəkkür edirəm. Sizin ölkəmizdə karantin rejimi ilə əlaqədar gördüyünüz işləri dəstəkləyirik. Siz var olduqca, Azərbaycan xalqı da yaşayacaq! Allah Sizə, ailənizə cansağlığı, uzun ömür versin! Ümid edirəm ki, hər bir çətinlikdən üzüağ çıxan Azərbaycan xalqı bu çətinlikdən də ziyansız, xətasız və bəlasız qurtulacaq. Biz Sizinlə güclüyük!".

Ağcabədi rayonunun Avşar kəndindən İqbal Abdullayev: "Hörmətli cənab Prezident, tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaq. Cənab Ali Baş Komandan, şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun ailəsi Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir".

Xaçmaz rayonunun sakini Nuranə Hacımirzəyevanın məktubunda deyilir: "Hörmətli cənab Prezident, Azərbaycan xalqının lideri kimi atdığınız mötəbər addımlara, ən ağır zamanlarda öz xalqınızın yanında olduğunuza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Belə bir vəziyyətdə Siz öz vətəndəşlarınızın yanında oldunuz. Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə gördüyünüz işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Sizin hər bir işiniz xalqımız tərəfindən dəstəklənir. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə, Sizin və Mehriban xanımın bu dar gündə xalqımıza verdiyiniz dəstəyə görə bir gənc olaraq Sizə təşəkkür edirəm. Allah-Təala Sizi və ailənizi qorusun!".

Qax rayonunun Ağyazı kəndinin sakini Məhəmməd Əlləzov: "Hörmətli cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçməyib. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu çətin dövrdə xalqımızın sağlamlığı, sosial rifahı və müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Bu istiqamətdə görülən işlərdən biri də vətəndaşların sosial işçi layihəsi çərçivəsində mənim kimi minlərlə vətəndaşa iş yerlərinin verilməsidir. Sizə bu çətin dövrdə gördüyünüz işlərdə yeni uğurlar arzulayırıq. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Sizin də dediyiniz kimi, "Biz birlikdə güclüyük!".

İmişli rayonunun Otuziki kəndinin sakini Gülsüm İbrahimova: "Hörmətli cənab Prezident, bildiyimiz kimi, bütün dünyaya yayılmış koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Lakin Sizin xüsusi diqqətiniz və nəzarətinizlə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Bir fermer olaraq pandemiyanın kənd təsərrüfatına təsirinin minimuma endirilməsi ilə bağlı dövlət tərəfindən görülən tədbirlərin təqdirəlayiq olduğunu xüsusi vurğulamaq istəyirəm. Bu baxımdan kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, saxlanması, daşınması ilə bağlı sərbəst fəaliyyətimizi dəstəklədiyiniz və ölkəmizin mənafeyini daim əsas tutduğunuz üçün Sizə minnətdarıq".

Bərdə rayonunun Hacılar kəndinin sakinləri Cəmaləddin Ağayev və Məhərrəm Bağırov yazırlar: "Hörmətli cənab Prezident, Sizin gərgin əməyiniz nəticəsində ölkəmizin sakinlərinin güzəranı firavandır. Buna görə Sizə bütün bərdəlilərin adından təşəkkür bildirirəm. Bu günlərdə yaşadığımız kənd yolu təmir edilib istifadəmizə verildi. Artıq rayon mərkəzinə daha rahat və qısa vaxt sərf etməklə çatırıq. Ulu Öndərimizin sözləri ilə desək, yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir. Cənab Prezident, bizə bu yolu qismət etməklə yeni həyat bəxş etdiniz. Hacılar kəndinin bütün sakinləri göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir".

Gəncə şəhərindən Solmaz Qəmbərova: "Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın bu çətin günündə, qorxu və təlaş içində yaşadığı zamanda ona arxa duraraq xalqımıza, Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz. Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Ona görə ki, Siz dəfələrlə xalqımızı çətin vəziyyətlərdən çıxarmış, diqqət və qayğınızı bizdən əsirgəməmisiniz. Azərbaycan bugünkü şöhrətinə Sizin sayənizdə nail olub. Sizin vaxtında verdiyiniz qərarlar, sərəncamlar ölkəmizdə pandemiyanın yayılmasının qarşısını aldı. Buna görə həm öz adımdan, həm də ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, bu arada böyük şairimiz Səməd Vurğunun bu misralarını xatırlamaq yerinə düşər: "Vətənçin yaşayan, Vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır". Bəli, Siz xalqımızın, Vətənimizin rifahı üçün həmişə əzmlə çalışan layiqli öndərin layiqli davamçısı olduğunuzu bir daha sübut etdiniz. Biz bir daha əmin olduq ki, müdrik şəxsiyyətin ardınca addımlayırıq. Sizinlə fəxr edirik".

Göyçay rayonunun Çərəkə kəndinin sakini Ayaz Daşdəmirov: "Hörmətli cənab Prezident, dünyada baş verən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşının alınması üçün tərəfinizdən qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan xalqı hər məsələdə olduğu kimi, bu çətin anlarda da Sizinlə həmrəyliyik nümayiş etdirdi. Sizin qərarınızla xüsusi karantin rejiminin elan olunması xalqa yüksək qayğınızın bariz nümunəsi olmaqla yanaşı, həm də onun sağlamlığının qorunması istiqamətində atılan ən düzgün addımlardan biridir. Cənab Prezident, gördüyünüz bütün işlərə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm. Gördüyünüz bu tədbirlər Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Sizə və ailə üzvlərinizə dünyada ən qiymətli nemət olan cansağlığı arzulayıram".

Cəlilabad rayon, Göytəpə şəhər, V.Mürsəlov adına 1 saylı tam orta məktəbin müəllimi Şəlalə Səfərəliyeva: "Möhtərəm Prezident, məktubumu Sizə həmişə dövlətin maraqlarını öz şəxsi maraqlarından üstün tutan ziyalı bir ailənin övladı, peşəsinə qəlbən bağlı olan müəllim, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan hərbçi ailəsi, ən başlıcası isə vətənpərvər Azərbaycan qadını kimi ünvanlayıram. Bu gün dünyanı cənginə alan koronavirusla mübarizə aparmaq üçün atdığınız uğurlu addımlar, xalqımıza göstərdiyiniz qayğı dünyanın əksər ölkələri üçün nümunədir. "Biz birlikdə güclüyük!" şüarınız xalqın Sizə olan inamını bir daha artırmaqla yanaşı, xalqımıza verdiyiniz dəyərin, çətin günlərdə arxamızda olmağınızın bariz təzahürüdür. Möhtərəm Prezident, xalqımızın bütün sosial qruplarını düşünərək həyata keçirdiyiniz siyasəti alqışlayır, daxil olduğum bütün sosial qrupların xalqını, dövlətini sevən üzvləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun!".

Abşeron rayonundan Amil Eyvazlı: "Möhtərəm cənab Prezident, mən Sizə və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Bu pandemiya dövründə uğurlu siyasətiniz nəticəsində xəstəliyin qarşısı alındı və tez bir zamanda əvvəlki həyatımıza dönəcəyik. Karantin dövründə işsiz vətəndaşlara birdəfəlik ödənilən 190 manat müavinət və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkil etdiyi "Biz birlikdə güclüyük!" adlı yardım kampaniyasına görə Sizə bir daha təşəkkür edirik. Biz bu gün sayənizdə həmin yardımı aldıq. Allah Sizi qorusun! Sizə hər zaman dəstəyik".

Goranboy rayonundan şagird Gül İbrahimova yazır: "Sevimli prezidentimiz, Azərbaycan xalqının dəyərli rəhbəri, Siz bu çətin vaxtlarda - pandemiya dövründə bizlərin qayğısına qaldınız. Düzgün qərarlarınızla virusun əhali arasında daha çox yayılmasının qarşısını aldınız, xalqımıza əsl atalıq qayğısı göstərdiniz. Biz şagirdlər evdə qalsaq da, Sizin sayənizdə onlayn dərslərlə təhsildən qalmadıq. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz".

Yardımlı şəhərindən 89 yaşlı təqaüdçü və keçmiş dövlət qulluqçusu Gülhüseyn Məmmədov: "Möhtərəm cənab Prezident, ataların belə bir məsəli var: "Dost dar gündə tanınar". İcazə verin, Sizə dost kimi müraciət edim. Həqiqətən, Siz təkcə Prezident və rəhbər deyil, həm də biz insanların yaxın dostusunuz. Əziz dost, Siz prezidentlik fəaliyyətinə başladığınız ilk vaxtlardan verdiyiniz sərəncamlar və həyata keçirdiyiniz bütün tədbirlərlə bunu bariz şəkildə sübut etmisiniz. Son vaxtlar dünyada cərəyan edən virus Azərbaycandan da yan keçməmişdir. Belə vaxtda Sizin həyata keçirdiyiniz qabaqlayıcı islahatlar nəticəsində xəstəlik dünyanın başqa dövlətlərinə nisbətən çox yüngül keçir. Bu, Sizin uzaqgörənliyinizin nəticəsidir. Belə bir vaxtda xəstələrə göstərilən tibbi qayğı və müalicə ilə yanaşı, biz insanlara göstərdiyiniz hər cür yardım, pul və ərzaq verilməsi Sizin bizlərə olan qayğınızdır. Dostlarınızı darda qoymadınız. Biz Sizinləyik. Sizin dediyiniz kimi, virusa birlikdə qalib gələcəyik. Sizin rəhbərliyiniz altında Vətənimizi düşmən tapdağından da azad edəcəyik. O gün uzaq deyil. O günü Siz dostumuzla birlikdə bayram edəcəyik. Cənab Prezident, dövlətimizin daha da qüvvətlənməsi, insanlarımızın maddi rifahının yaxşılaşdırılması, iqtisadi və hərbi qüdrətimizin daha da inkişaf etdirilməsi istiqamətində işlərinizdə, prezidentlik fəaliyyətinizdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun!".

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Yolçu Əliyev: "Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus infeksiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir. COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmranlıq etsə də, ölkəmizə ciddi ziyan vura bilmədi. Bu, bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Həm də onu göstərdi ki, ölkəmiz əmin əllərdədir. Xalqımız da gedən proseslərdən qürurlanır. Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya şəxsən öz adımdan və ailəmin adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah Sizləri qorusun!".

Ağdam rayonundan məcburi köçkün Hüseyinağa Hacıyev: "Möhtərəm cənab Prezident, Sizin kimi Prezidentimizin olması ilə fəxr edirik. Qürur duyuruq ki, yaxşı günümüzdə də, çətin vaxtlarımızda da bizimləsiniz. Prezidentimizi, həkimlərimizi və əməyi keçən digər vətəndaşlarımızı Allah qorusun! Bu çətin günlərdə əhaliyə göstərdiyiniz diqqət və qayğıya, koronavirusun yayılmasının qarşısının alınması istiqamətində rəhbərliyinizlə görülən tədbirlərə görə Ağdam məcburi köçkünləri adından Sizə təşəkkür edirik. Ağdamda hər kəs karantin qaydalarına əməl edir, yaşlı insanların qayğısına qalır. Dünyanı bürüyən koronavirus bəlasından dövlətimizin, xalqımızın az itkilərlə çıxması üçün verdiyiniz bütün qərarları biz məcburi köçkünlər də dəstəkləyir, qoyulan qaydalara əməl edirik".

Şamaxı şəhərindən Aliyə Bədirxanova, Məryəm İbrahimova, Mehman Vəlizadə və Yasər Rüstəmov yazırlar: "Çox hörmətli və qayğıkeş Prezidentimiz, dünyada geniş yayılmış yeni növ koronavirus infeksiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut edir ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Sizin rəhbərliyinizlə ölkəmizdə görülən bu mühüm işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq, rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülməsi davam etdirilir. Aztəminatlı ailələrə, xüsusilə yaşı 65-dən yuxarı olan tənha şəxslərə davamlı sosial-məişət xidmətləri, maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm işlər görülür. Cənab Prezident, qabaqlayıcı tədbirlərin vaxtında keçirilməsi, verdiyiniz qətiyyətli tapşırıqlar öz səmərəsini verir. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız bu bəladan da üzüağ çıxacaq. Bir daha bu çətin günlərdə əhaliyə göstərilən qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk".

Xırdalan şəhərindən Elnur Dünyamalıyev: "Hörmətli cənab Prezident, mən dövlətimizin sıravi vətəndaşı olaraq Sizin dövlətimizin inkişafı, xalqımızın rifahı yolunda gördüyünüz işləri çox yüksək qiymətləndirir, özüm və ailəm adından Sizə və çox hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm. Sizin keçirdiyiniz görüşləri, istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda, beynəlxalq tədbirlərdə söylədiyiniz nitqləri böyük həvəslə dinləyirəm. İstərdim biləsiniz ki, Sizin xüsusilə sadə insanların hüquq və maraqları uğrunda çıxışlarınız bizlərdə böyük ruh yüksəkliyi oyadır, bizlərə işıqlı sabahlar naminə böyük həvəslə çalışmaq əzmi verir. Cənab Prezident, dövlətimizin Sizin kimi rəhbəri olduğuna görə özümü çox xoşbəxt hiss edirəm. Allah Sizi və ailənizi qorusun!".

Tovuz rayonunun sakinləri Kamal Ələsgərov və Elqam Tağıyev yazırlar: "Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza qoşulan Azərbaycan xalqı bu sınaqdan üzüağ çıxacaq. Siz bu həssas məqamda xalqımızı nəinki bu bəladan qorudunuz, həmçinin vətəndaşların rifahı üçün 3,5 milyard manatlıq sosial yardım paketi ayırdınız. Bu yardım proqramı Sizin və Mehriban xanım Əliyevanın xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin əyani təcəssümüdür. Bu qayğıya görə Allah sizləri pənahında saxlasın! Möhtərəm cənab Prezident, xalqımızın Sizin ətrafınızda sıx birləşməsi Sizə olan böyük sevginin və inamın göstəricisidir. Biz bu çətin günlərdə fermerlərə yaradılan şəraitdən istifadə edərək təsərrüfatımızla məşğul ola bilirik. Dövlətimizin kənd təsərrüfatı istehsalçılarına dəstəyi nəticəsində bu sahə prioritet sahəyə çevrilmişdir. Tovuzlu fermerlər adından Sizə sonsuz inamımızı və təşəkkürümüzü bildiririk. Göstərdiyiniz bu yüksək etimadı və qayğını hər zaman doğruldacağıq. Sizin ətrafınızda daha sıx birləşərək Azərbaycan Respublikasının tərəqqisi üçün fəaliyyət göstərəcəyik".

Xırdalan şəhərindən tələbə Babək İsmayılzadə: "Hörmətli cənab Prezident, mən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ikinci kurs tələbəsiyəm. Sizə bu məktubu yazmaqla bildirmək istəyirəm ki, belə çətin günlərdə xalqa göstərmiş olduğunuz diqqət və qayğı ən yüksək qiymətə layiqdir. Sizin imzaladığınız fərman və sərəncamlar bir daha sübut etdi ki, dövlətin ali məqsədi xalqın rifahını təmin etməkdir. Mən bir gənc tarixçi olaraq Sizin siyasətinizi ürəkdən dəstəkləyirəm. Şəxsən öz adımdan, ailəmizin adından, eləcə də tələbəsi olduğum Bakı Dövlət Universitetinin gənc kollektivi adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin hörmət və minnətdarlığımı bildirirəm. Gəncləşən və güclənən Azərbaycan uğrunda daim irəli!".

Saatlı rayonundan Əsmər Zaidova: "Möhtərəm cənab Prezident, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər üçün Sizə minnətdarıq. Göstərdiyiniz qayğıya, sevgiyə, diqqətə görə çox sevinirik. Sizin hər zaman öz xalqınızla birlikdə addımlamağınız, bizim kimi vətəndaşların xəstəliyə qarşı qorxusunu azaldır. Aztəminatlı ailələrə yardım etməniz də böyük rəğbətlə qarşılanır. Göstərdiyiniz yardımlar saymaqla bitməz. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Saatlı rayonunun əhalisi də Sizin "Evdə qal" çağırışınıza ciddi əməl edir və Sizi dəstəkləyir. İnşallah bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. Sizə inanırıq və bilirik ki, Sizin sayənizdə tezliklə həyatımız əvvəlki kimi öz axarı ilə davam edəcək. Yaxşı ki varsınız, əziz Prezidentimiz!".

Bakı şəhərinin Xəzər rayonundan Rövşən Osmanov: "Hörmətli cənab Prezident, uzun illərdir ki, Ermənistan kimi virusla mübarizə aparırıq. Bu gün isə dünyamıza və ölkəmizə koronavirus bəlası gəlmişdir. Sizin vaxtında gördüyünüz tədbirlər ölkəmizdə bir sıra problemlərin qarşısını almışdır. Mən fəxr edirəm ki, Sizin kimi humanist, vətənsevər Prezidentimiz var. Sizi və ailənizi çox sevirik. Bizim ən böyük arzumuz müqəddəs bayrağımızı Qarabağımızda dalğalandırmaqdır. Mən inanıram ki, Siz bizim ana yurdumuz olan Qarabağımızı düşmən əlindən alacaqsınız. Allah Sizə və ailənizə cansağlığı versin. Yaşasın bizi Qarabağımıza aparan Ali Baş Komandanımız! Yaşasın qüdrətli Azərbaycanımız!".

Naftalan şəhərinin sakini Faiq Rüstəmov: "Möhtərəm cənab Prezidentimiz, bu gün bir daha canlı şahidi olduq ki, bizim Prezidentimiz risklərin qarşısını almaq, onları idarə etmək sahəsində böyük təcrübəyə malikdir. Dünya ölkələri koronavirusla mübarizədə Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirləri, insanların sağlamlığını qorumaq üçün verdiyiniz qərarları nümunə götürür və özlərində tətbiq etməyə çalışırlar. Sizin zəhmətləriniz hesabına ölkəmiz beynəlxalq aləmdə öz sözünü deyən, regionun və dünyanın sayılıb seçilən qüdrətli dövlətdir. Sizin vətəndaşlarımızın hər bir problemi ilə yaxından maraqlanmağınız, onlara dəstək olmağınız bizi qürurlandırır. Azərbaycanı qoruduğunuza, xalqımızla daim bir yerdə olduğunuza görə Sizə minnətdarıq. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, Sizin "Biz birlikdə güclüyük!" şüarı ilə səfərbər olan cəmiyyətimiz bəşəriyyəti bürüyən bu bəladan uğurla çıxır. Ulu Tanrı Sizi qorusun, cənab Ali Baş Komandan!".

Qazax şəhərinin sakini Mahmud Nəsibov: "Çox hörmətli cənab Prezident, Azərbaycanımızın üzləşdiyi koronavirus pandemiyası bizim ailəmizi də tapmışdı. Mən Qazax rayon polis şöbəsinin əməkdaşı Nəsibov Mahmud və həyat yoldaşım Cəfərova Samirə bu virusa yoluxanlardan olduq. Müayinə edildikdən sonra dövlətimizin yüksək qayğısı, həkimlərimizin peşəkarlığı və məsuliyyəti nəticəsində Şəmkir rayon mərkəzi xəstəxanasında müalicə aldıq. Allaha şükürlər olsun ki, artıq sağalmışıq. Bu çətin müddət ərzində bizə göstərilən diqqətə və nəvazişə görə Sizə və Birinci vitse-prezident Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Ona görə ki, bu pandemiya ilə mübarizədə Siz xalqımızın rifahını, insanlarımızın sağlamlığını hər şeydən öndə tutdunuz. Sizə möhkəm cansağlığı arzulayıram".

Beyləqan şəhərinin sakini Ərəstun Qarayev: "Hörmətli cənab Prezident və əziz Mehriban xanım, dünyamızı böhrana qərq edən, bəşər övladının varlığını təhdid altına alan bu virusa qarşı tərəfinizdən aparılan qətiyyətli mübarizədə Sizə uğurlar arzulayıram. Dövlətimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər, xalqımızın sağlamlığı üçün saymaqla qurtarmayan xeyirxah işləriniz bir daha Sizin nə qədər güclü iradəyə sahib olduğunuzu sübut edir. Azərbaycan xalqının duaları Sizinlədir. Allah Sizi və Sizin simanızda xalqımızı qorusun!".

Lənkəran şəhərinin Xolmili kəndindən şagird Murad Mirzəzadə: "Hörmətli cənab Prezident, mən 11-ci sinif şagirdiyəm. Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbində oxuyuram. Dərs əlaçısıyam. Sizinlə qürur duyuram. Sizin kimi bir Prezidentimizin olmağı ilə fəxr edirəm. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyası ilə ən güclü dövlətlər belə mübarizə aparmaqda çətinlik çəkirlər. Ancaq Sizin qabaqlayıcı və çevik tədbirləriniz sayəsində ölkəmiz daha az itki ilə xəstəliyə qalib gəlmək ərəfəsindədir. Siz həqiqətən dahi və müdrik lidersiniz. Bizim birlikdə güclü olmağımız təsdiqini tapdı. Bütün xalq Sizinlə fəxr edir, Sizin və birinci xanım Mehriban Əliyevanın ətrafında həmişə sıx birləşməyə hazırdır".

Neftçala rayonunun Birinci Qaralı kəndinin sakini Əlifağa Məmmədov: "Möhtərəm cənab Prezident, Azərbaycan dünyanın digər dövlətləri kimi koronavirus pandemiyası ilə mübarizə dövrünü yaşayır. Əminik ki, Sizin rəhbərliyinizlə biz bu mübarizədən alnıaçıq, üzüağ çıxacağıq. Dövlətimiz tərəfindən imkansız ailələrə verilən ərzaq sovqatlarının təqdim edilməsində rayon könüllüsü olaraq yaxından iştirak edirəm. Göstərilən diqqət və qayğı rayonun hər bir sakinini sevindirir. Cənab Prezident, ən ucqar kəndlərdə yaşayan ağsaqqal atalar, ağbirçək analar Sizin üçün dualar edir, dövlətimizin başında Sizin kimi rəhbər olduğu üçün qürur hissi keçirirlər. Allah xalqımızın alqışını, dualarını savabınıza yazsın, hər zaman yolunuza işıq salsın!".

Ucar şəhərindən Aytən Əliyeva: "Möhtərəm cənab Prezident, əfsuslar olsun ki, dünyanı cənginə alan koronavirus Azərbaycanımıza da gəlib çıxdı. Amma Sizin uzaqgörənliyiniz və qayğıkeşliyiniz sayəsində virusun qarşısı etibarlı şəkildə alınmaqdadır. Bu bəlanın ölkəmizdə daha geniş yayılmasına imkan vermədiniz. İnşallah, çətin günlər arxada qalacaq və ölkəmiz bu virusa qalib gələn dövlətlər arasında yer alacaq. Ölkəmizə tərəqqi və rifah bəxş etdiyinizə, xalqa göstərilən kömək və qayğıkeşliyə görə Sizə və ailənizə təşəkkürümüzü bildirirəm. Nə yaxşı ki varsınız və bizim Azərbaycanımızın Prezidentisiniz. Hər zaman Sizi çox sevəcəyik".

Mingəçevir şəhərindən Qənbər Səfərli: "Hörmətli cənab Prezident, əvvəla Sizi salamlayır və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Dünyada yayılmış COVID-19 pandemiyasının qarşısının vaxtında alınması məqsədilə verdiyiniz bütün tapşırıq və tövsiyələri izləyir və bu işinizi səmimi qəlbdən alqışlayıram. Siz xalqımızın qeydinə qalır, onun sağlam yaşaması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bu çətin günlərimizdə Siz bir daha xalqın qəhrəmanına çevrilmisiniz. Biz Sizinlə fəxr edirik və əminliklə söyləyirik ki, nə yaxşı ki, dövlətimizin rəhbərisiniz. Xalqımızın yolunda gördüyünüz işlərə, yürütdüyünüz siyasətə görə Sizə nə qədər təşəkkür etsək azdır. Allah Sizi qorusun!".

Lənkəran rayonu, Boladi kəndi, N.Axundov adına 1 nömrəli tam orta məktəbinin psixoloqu Kəmalə Səfərova: "Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr bir vətəndaş, eyni zamanda, təhsil işçisi kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə isə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu xüsusilə bugünkü çətin dövrdə atdığınız qətiyyətli addımlarla bir daha sübut etdiniz. Şərhə ehtiyac yoxdur. Faktlar danışır. Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi davamçısı kimi onun qurduğu strateji xətti uğurla davam etməyiniz bizi qürurlandırır. Biz də Boladi kənd 1 nömrəli tam orta məktəb olaraq daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük. Bizim Prezidentimiz olduğunuz üçün Sizə təşəkkür edirəm. Biz bütün çətinlikləri məhz Sizin rəhbərliyinizlə aradan qaldıracağıq".


Etiketlər:  Dövlət başçısına yazırlar Atdığınız qətiyyətli addımlarla daha sübut etdiniz hər vətəndaşın Prezidentisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ