Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 18:06
Koronavirus pandemiyasının vurduğu zərərlər avtomobil bazarından da yan keçməyib.
Sonxeber.net APA TV-yə istinadən xəbər verir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ərəfəsində avtomobil bazarı da bağlı qalan sahələr sırasında idi.
Bəs fəaliyyəti aprelin 27-dən bərpa olunan bu sahədə dirçəlmə varmı? Ümumiyyətlə, onlayn satışa icazənin olması bu bizneslə məşğul olan şəxslərə fayda veribmi?
İndiki vəziyyəti öyrənmək, eləcə də bu suallara aydınlıq gətirmək üçün üz tutduq avtomobil satışı ilə məşğul olan salonlara. Bir-birindən fərqli qiymətə təqdim edilən modellərə maraq azalıb desək, yalan olmaz. Belə salonlardan birinin marketinq rəhbəri olan Rüstəm Əliyev karantin dövründə xeyli sayda alıcı itirdiklərini deyir: "Pandemiya ərəfəsində camaat evdə qalanda biz xeyli müştəri itirdik. Gələn zənglər çox oldu, salona gəlib avtomobillərə baxmaq istəyənlər oldu. Ancaq ümumi karantin rejimi ilə əlaqədar olaraq çox insan gəlib baxa bilmədi avtomobillərə və bu da müştəri itirməyə səbəb oldu. Ancaq indi təxmini faiz nisbəti ilə götürsək, 20-25% canlanma var. Ancaq vəziyyət belədir ki, kredit, lizinq olmadığına görə, nağd satış olduğuna görə canlanma o qədər də təsir göstərməyib".
Qiymətlərə gəlincə, salonun marketinq rəhbəri avtomobil almaq istəyənlər üçün o qədər də əlçatmaz qiymətlər olmadığını, hətta bir çox modellərin maya dəyərinə satdıqlarını açıqladı: "Qiymətlərin artımı haqqında belə deyim sizə, bizim sifarişlər yolda olan avtomobillərimiz var, onlar gəlir. Onlarda qiymətdə heç bir dəyişiklik yoxdur. İqtisadi vəziyyət, dollardan asılı olmağımız göstərir ki, əgər dollar qalxsa, onda da bizdə qiymətlər o faizlə qalxacaq. Amma bizdə avtomobillər var ki, öz maya dəyərinə satılır".
Bakı Avtomobil Satış Mərkəzi karantin müddətində bağlı olduğunu məlumat lövhəsində əksini tapan yazı ilə öz müştərilərinə elan edib. Salonlara verilən icazə isə burada fəaliyyət göstərən satış mərkəzlərinin bazarına hələ ki, rəng qatmayıb.
Onlayn avtomobil satışı ilə məşğul olan saytlardan birinin rəhbəri Əli İbrahimov deyir ki, karantin müddətində maşın almaq istəyən alıcılar çıxış yolu kimi internet üzərindən təklif olunan avtomobillərə üz tutublar: "Həll yolunu insanlar onlayn satışda əldə etməyə çalışdılar. Avtomobil satışı da belədir ki, onlayn satış üzərindən həyata keçirilsə belə, avtomobil onlayn olaraq tapılır, qiymətlər razılaşdırılır, telefonla görüşlər aparılır və yekunda avtomaşına baxış keçirilməlidir. Bəyəndikdən sonra yekun mərhələ olaraq bunlar getməlidirlər notarusa alqı satqı etməlidirlər. Ən son mərhələ yerinə yetirilə bilmədiyi üçün ona görə də avtomobil alqı-satqı sıfır vəziyyətindədir".
Əli İbrahimovun sözlərinə görə, salonlarda olan qiymət düşümü internet üzərində olan satışda özünü bir o qədər də göstərmir: "Vəziyyətin bu halda olması insanlarda bir az çaşqınlıq yaratdı. Adamlar avtomobilləri satıb-satmamaq arasında qərarsız qaldılar. Çıxan yeni qərarlara uyğun olaraq addım atmaq istədilər. Onlar da səhifələrə reklam versələr də, baha qiymətə qoydular elanları. Çünki müştəri düşərsə satacağam, satsam da baha qiymətə satım. Həm də satmamaq fikri var. Niyə satım? Bilmirəm sabah nə olacaq. Ona görə də bu kimi natamam tarazlıqlar qiymətlərin bahalaşmasına gəlib çıxdı".
Sayt rəhbəri deyir ki, karantin müddətində kuryerlərin işlərinin çox olması çatdırılma işlərində ən əlverişli hesab olunan motosiklet, moped və velosipedlərin satışını yüksəldib: "Velosipedlərə, mopedlərə tələbat artdı. Ona da çox tələbat deməzdim. Bir sektora 2-3, elə sektor var 1 mopedlə 5-6 velosiped almaqla işlərini həll etməyə çalışdı. Amma təbii ki, avtomobillərdən bir addım önə keçdi moped və motosiklet sektoru".
Ümumiyyətlə, bəzi ekspertlər hesab edir ki, yaxın bir neçə ay ərzində avtomobil bazarında vəziyyətin düzələcəyinə ümid etmək olmaz. İqtisadi durumun geriləməsi bu sahənin hələ bir neçə ay passiv qalacağını göstərir.