Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 20:48
İstərdik ki, bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşündə çıxışı zamanı deyib.
Afrika İttifaqı Komissiyasının sədri vurğulayıb:
"Mən əvvəlcə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Demək istəyirəm ki, dünyanın bütün ölkələri öz sərhədləri daxilində bu çağırışlarla üz-üzə qalıblar.
Xanımlar və cənablar, Zati-aliləri.
Virusun geniş yayılması bu ilin əvvəlində baş verdi. Əfsuslar olsun ki, bəzi gözlənilməz hallar və meyillər tüğyan etdi, yayıldı. Biz bu halda məhz çoxtərəfli müttəfiqlik və tərəfdaşlığı, yardımı qurmağa müvəffəq olduq. Bu, Afrika qitəsində yaşayan əhaliyə lazımdır və biz bunun şahidi olmuşuq. Bu çoxtərəfli tərəfdaşlıq baş tutubdur. Biz Bandunq prinsiplərində olduğu kimi, üzv dövlətlər arasında həmrəyliyin, dostluğun öz təzahürünü tapması üçün əlimizdən gələni etmişik. Həmçinin əvvəlki vaxtlarda olduğu kimi - fövqəladə hallarda, cinayətkarlığın yayılmasının qarşısının alınması, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında birgə olmuşuq. İndi isə biz həmin həmrəyliyi bu istiqamətdə də davam etdirməliyik. Lakin bu, bir neçə həftənin, ayın işi deyil. Bu, bizim hamımızdan kollektiv tədbirlərin görülməsini tələb edir. Biz hamımız birlikdə olmasaq, səfərbər olmasaq qalib gələ bilmərik.
Qarşımızda bir faktdır ki, Qoşulmama Hərəkatının oynadığı rol danılmazdır, fundamentaldır, əhəmiyyətlidir. Həm ikitərəfli, həm çoxtərəfli qaydada tərəfdaşlıq, o cümlədən BMT ilə olan işçi münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən millətlərik, dövlətlərik. Bizim hamımızdan, hər birimizdən bu tələb olunur. Mövcud şərait göz qarşısındadır. Elə bir mərhələdir ki, biz güclü olmalıyıq, yalnız birlikdə olaraq ən yoxsul ölkələrə kömək edə bilərik.
Mən fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatını fəaliyyətinə görə təbrik edirəm, onların əldə etdiyi nəticələri təqdir edirəm. Mən Afrika İttifaqı adından bildirmək istəyirəm ki, bu gün pandemiyanın qarşısının alınması üçün bizim də özümüzə məxsus strategiyalarımız formalaşıb. Onun iki sütunu var. Birincisi, səhiyyə, ikincisi isə sosial-iqtisadi sütun. COVID-19-a qarşı mübarizənin daha sonra hansı şəkildə aparacağımızla bağlı bizim planlarımız tərtib olunubdur. Hesab edirik ki, bu plan icra olunarsa, Afrika qitəsində bizim mübarizəmiz daha ciddi şəkildə güclənəcək. Regionumuzda olan vəziyyətlə tam tanışıq. Biz bilirik ki, hansı vəsaitlər toplanılmalıdır, hansı xam materiallar istifadə olunmalıdır. Bununla bağlı bizim ciddi əlaqələrimiz qurulubdur ki, hər hansı bir fasilə olmasın. Bu gün minlərlə müəssisə müflis olubdur. İnsanlar bu fəsadlardan davamlı şəkildə əziyyət çəkirlər. İstərdik ki, biz bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq. Pandemiyanın qarşısının vaxtında alınması üçün Afrika dövlətlərinə, xüsusən də bəzi ölkələrə bu dəstək göstərilsin. Əgər bu olmasa, həmin dövlətlər üçün fəsadlar çox ağır olacaqdır. Afrika nəinki öz imkanlarına, həmçinin öz tərəfdaşlarının dəstəyinə arxalanır.
Biz beynəlxalq əməkdaşlığa hazırıq, buna açığıq. Biz tərəfdaşlarımızla birgə bu həmrəyliyin şahidi oluruq. Mən burada Çinin və Kubanın dəstəyini qeyd etmək istəyirəm. Onlar bizə ləvazimat yardımı göstərmişlər. Bu yardım Afrika dövlətlərinə çatdırılmışdır.
Xanımlar və cənablar, Zati-aliləri, dünya çox keşməkeşli bir vaxtını yaşayır. Biz bilirik ki, mövcud şərait böyük problemlər yaradır, bir sıra ölkələrdə bu, siyasi hadisələrə səbəb olur. Biz bu halda bütün maraqlarımızı kənara qoyub həmrəylik nümayiş etdirməliyik. Belə bir vaxtda mən bütün dünyaya müraciət edərək bildirmək istəyirəm ki, bütün siyasi və iqtisadi ölçüləri kənara qoyub, bu işlərin qarşısının alınmasında bizə dəstək göstərilsin və Afrika qitəsi bundan yararlansın. Çox sağ olun".