Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 12:03
Malayziyanın çoxsaylı aparıcı mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının (QH) Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünü geniş şəkildə işıqlandırıb.
Sonxeber.net xəbər verir ki, Azərbaycanın Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bu səpkidə, Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA ilə yanaşı, ölkənin çoxtirajlı nüfuzlu qəzetlərindən "New Straits Times", "The Star", "Malay Mail", "Free Malaysia Today" və "The Malaya Post" kimi nəşrlər Zirvə görüşü barədə geniş xəbər materialları dərc edərək, Malayziya ictimaiyyətini məlumatlandırıblar.
Malayziya KİV-ləri Zirvə görüşünün "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilməsinə xüsusi diqqət çəkiblər. Eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinad edərək, bu tədbirin dünyada Sülh Naminə Çoxtərəflilik və Diplomatiya Beynəlxalq Gününün qeyd olunduğu dövrə təsadüf etməsini əlamətdar hadisə kimi vurğulayıblar.
Qeyd edək ki, QH üzvü olan Malayziyanın Baş Naziri Muhyiddin Yasin də sözügedən Zirvə görüşünə qoşulmuş, bəyanatla çıxış edərək, təmsil etdiyi ölkənin COVID-19 virusu ilə mübarizə təcrübələrini bölüşmüşdür. Malayziya KİV-ləri bildiriblər ki, Baş Nazir M.Yasin öz çıxışında qlobal pandemiya qarşısında beynəlxalq müştərək dəyərləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb. Zirvə görüşü barədə Malayziyanın Nazirlər Kabineti də öz internet səhifəsində ölkə ictimaiyyətinə geniş məlumat toplusu təqdim edib.
Materiallar ingilis və Malay dillərində nəşr olunub.