Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç vaxt qızımın adını əzizləyərək çağırmamışam'' - Mənim balam - FOTO

''Heç vaxt qızımın adını əzizləyərək çağırmamışam'' - Mənim balam - FOTO

Tarix: 6 May 2020 23:52

Pərvin Əsgərli: Çox istəyirəm ki, ailələrdə övladlarla valideynlər arasında hörülmüş hündür hasarlar yox olsun

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Arzularının, istəklərinin ardınca qaçmağı ona həyat öyrədib. İstəklərini gerçəkləşdirmək üçün dəstək olanı, arxasında dayanan heç kimi olmayıb. Öz gücünə, çalışqanlığı hesabına bu gün cəmiyyətdə özünə yer tutmağı bacarıb. Bu baxımdan 8 yaşlı qızı Yağmur daha şanslıdır. Çünki onun arzularını, xəyallarını gerçəyə çevirməyə çalışan anası var. Aparıcı kimi tanıdığımız Pərvin Əsgərlini bu dəfə ana kimi tanımağa çalışdıq.

- Bu gün cəmiyyətə yararlı övlad yetişdirmək üçün valideynlər ilkin olaraq haradan və necə başlamalıdır?

- Bir valideyn olaraq deyə bilərəm ki, qızımı körpə vaxtından tərbiyələndirməyə başlamışam. Təbii ki, onun bir fərd kimi yetişməsində tək ailənin deyil, bağçanın, məktəbin, ətraf mühitin də rolu var. Ancaq hər şey ailədən başlayır. Tərbiyə sistemi uşağa doğulduğu gündən tətbiq edilməlidir ki, mən də elə etmişəm. Qızımın 8 yaşı var, onunla heç zaman uşaq kimi davranmamışam, adını belə əzizləyərək çağırdığımı xatırlamıram. Hər kəsə övladı əzizdir, ancaq bu əzizləmələri anlamıram. Bəzən cəmiyyətimizdə valideynlərin övladlarının adlarını qısaldaraq gülməli təxəllüslər qoymasının tez-tez şahidi oluram. Bunu yanlış hesab edirəm. Çünki uşağın formalaşmasına bu, birbaşa olaraq təsir göstərir. 

Bundan başqa, valideynlər mütəxəssis rəyi də almalıdırlar. Belə ki, psixoloqla birbaşa əlaqədə olmaqda fayda var. Övladımız sağlam olsa da, peşəkar rəyi mütləqdir. Mən mütəmadi olaraq psixoloqla əlaqə saxlayıram və üçüncü şəxs kimi onunla məsləhətləşir, qabaqlayıcı tədbirlər görməyə çalışıram. Cəmiyyətə yararlı övlad yetişdirmək üçün bütün bu sadaladıqlarım mütləqdir. Bir valideyn olaraq mütəmadi şəkildə müəllimlərlə əlaqə saxlayır, qızımın hərəkətlərinə, cəmiyyətdə davranış qaydalarına nəzarət edirəm. İnanıram ki, ölkəmiz üçün yararlı bir fərd yetişdirəcəm.

- Hesab edirsiniz ki, uşağı bir fərd kimi yetişdirdikdə, cəmiyyətdə özünə daha rahat yer tapmış olacaq?

- Əlbəttə. Övlad böyüdərkən çalışmışam ki, onun qürurunu, şəxsiyyətini, mənliyini zədələməyim. Əgər biz uşağı gözüqıpıq, qorxaq böyütsək, bu onun gələcək həyatına da təsir edəcək. Mən heç zaman qızıma "burda xoxan var", "bunu etsən, xoxan səni yeyəcək" tipli sözlər deməmişəm. Ona hər şeyin uşaq yaşından izahını verməyə çalışmışam. Misal üçün, demişəm ki, bu çay istidir, əlini ona toxundursan, yanacaqsan. Əlin yansa, bu səni incidəcək. Yağmur uşaq yaşında belə hansı qərarı veribsə, arxasında dayanmağa çalışmışam. Qərarlarına sayğı duymuşam və onu anlamağa çalışmışam. Qızım nənə-baba yanında böyüsə də, çalışmışam ki, ərköyün olmasın.

- Uşağın tərbiyəsində ailədən başqa, cəmiyyətin və çevrənin də rolu az deyil. Bu fikirlə nə qədər razısınız?

- Uşaq birinci ailədə, daha sonra cəmiyyətdə formalaşır. Valideynlərin hansısa qüsurlu cəhətlərini gördükdə, onu mənimsəyirlər. Ailələrdə yaşanan məişət zorakılıqlar orada böyüyən uşaqların şüaraltına birbaşa təsir edir. Uşaqlar elə ilk zərbəni burdan alırlar. Belə olduğu halda, uşaq psixi gərginlik keçirir və bu onun psixologiyasına təsir edir. Buna görə qeyd edirəm ki, övladı bir fərd kimi yetişdirmək üçün valideynlər ilkin olaraq dəyişməyə və özlərini yetişdirməyə meyillənməlidir. Hər bir uşaq ailəsinin güzgüsüdür. Biz o güzgüdə nə göstəririksə, o bizə olduğu kimi geridönüş edir.  
 
- Pərvin Əsgərli yaxşı anadır, yoxsa yaxşı övlad?

- Ana olana qədər mənə bu sualı versəydiniz, deyərdim ki, yaxşı övladam. Bu gün mənim Pərvin Əsgərli olmağımda valideynlərimin böyük əziyyəti olub. Onlar məni yetişdirib, təhsil veriblər. Xüsusən də anam mənə daha çox dəstək olub. İndi siz sual verdikdə, o illər gözümün qarşısından keçdi və müqayisə etdikdə, belə başa düşürəm ki, daha yaxşı anayam, nəinki yaxşı övlad. Mənim iş rejimim elədir ki, səhər çıxıb, axşam gəlirəm. Ancaq işimin nə qədər çox olmasına baxmayaraq, övladımla maraqlanmağa mütləq zaman ayırıram. İş fasiləsi zamanı valideynlərimi deyil, qızımı axtarıb, səsini eşitmək istəyirəmsə, demək yaxşı övladdan çox, yaxşı anayam.

- Qeyd etdiniz ki, iş rejiminizlə əlaqədar olaraq səhər çıxıb, axşam gəlirsiniz. Qızınızın sizin sənətinizin davamçısı olmasını istəyərsinizmi?

- Sənətimi sevirəm və ona bağlıyam. Bu gün mediada qalmağım və Pərvin Əsgərli kimi tanınmağım üçün bəlkə də qurbanlar da vermişəm. Amma heç nəyə görə peşman deyiləm. Geriyə baxanda, buna daha da əmin oluram ki, nə yaxşı, jurnalistikaya gəlmişəm. Bununla fəxr edirəm və hər zaman da fəxr edəcəm. Elə hesab edirəm ki, işim mənim ikinci övladımdır. O ki qaldı qızımın bu sənəti seçməsinə, Yağmurun da media nümayəndəsi olması üçün əlimdən gələni etməyə hazıram. Bu baxımdan qızım məndən 1:0 öndədir. Çünki mən bu sahəyə gələndə, ailəmdə  jurnalistika ilə məşğul olan yox idi. Bu səviyyəyə gəlib çıxmaq üçün heç bir dəstək görmədim, pillə-pillə, addım-addım irəlilədim. Əvvəl dövlət televiziyasında müxbir işlədim. Müxbir kimi təcrübə topladım, sonra redaktor və aparıcı kimi fəaliyyət göstərdim. Bu gün də işimi xəbər aparıcısı olaraq davam etdirirəm. Qızım bu sənətə gələrsə, ona əlimdən gələn dəstəyi göstərəcəm.

- İxtisas seçərkən valideynlərinizin müdaxiləsi olubmu? Bəs siz özünüz necə, bir valideyn kimi övladınızın sənət seçiminə müdaxilə edəcəksinizmi?

- Valideyn övladının sənət seçiminə əsla və əsla müdaxilə etməməlidir. Əks halda, insan gələcəkdə çalışdığı peşəsini sevmir. Jurnalistikaya sevərək gəlmişəm və bu ixtisası da valideynlərimdən gizlin şəkildə seçmişəm. İxtisas seçimində birinci olaraq Bakı Dövlət Universitetinin jurnalistika ixtisasını yazmışdım. Cavablar çıxan günə qədər evdə heç kimə heç nə deməmişdim. Cavablar çıxanda atam məyus olmuşdu. Təsəvvür edin ki, atam həkim olmağıma belə razılıq vermirdi ki, qızım gecə növbəsində qalmalı olacaq. Ancaq bu gün mən jurnalistəm və gecə-gündüz işləyirik. Bu gün elə əsas dəstəkçilərimdən biri atamdır. Zaman insanları dəyişdirir. Atam vaxtilə bu ixtisası oxumağıma icazə vermirdi, amma bu gün məni efirdə görəndə ürəyi dağa dönür. Görünür, zamanla bəzi xarakterlər də dəyişə bilir.
Övladımın da valideyn olaraq sənət seçiminə qarışmayacam. Özü hansı peşəni seçərsə, onun arxasında dayanacam və hər bir köməklik göstərəcəm. Yağmurun ən böyük arzusu televiziyada aparıcı olmaqdır. Hərdən mənə sual verir ki, "dərslərimi yaxşı oxusam, televiziyada məni işə götürəcəklərmi". Qızımın hədəfi aparıcı olmaqdır. O, hədəfinə çatmaq üçün əlindən gələni edir.

- Sizcə, hazırkı dövr üçün təhsil, yoxsa şans daha önəmlidir?

- Jurnalistikada çalışmaq üçün təcrübə, baza mütləqdir. Ən azından, müsahibənin təfərrüatlarını bilmək lazımdır. Əks halda, zəif olduğunu bir neçə günə büruzə verirsən. 1 saat söhbət bəs edir ki, qarşı tərəfin nitqindən onun təhsilli olub-olmamasını anlayasan. Ancaq indiki zamanda təhsillə bərabər şanslı da olmaq lazımdır. Bəzən yüksək intellekt səviyyəsi olan insanların işsiz  olduğunu görürük. Demək, onun şansı yoxdur ki, layiq olduğu yerdə deyil. Hiss olunur ki, bu gün şansa daha çox ehtiyac var. Təhsil mütləqdir, amma şans da olsa, lap yaxşı olar.

- Övladınızı dədə-baba üsulu ilə tərbiyə edirsiniz, yoxsa sizin öz tərbiyə metodikanız var?

- Qızıma təzyiq göstərmirəm. Öz istəklərimi ona sırımıram. Övladımı sərbəst, özgüvənli şəkildə böyüdürəm. Verdiyi bütün qərarlarda sərbəstdir. Mən mühafizəkar ailədə böyümüşəm. Bu gün atama sözümü, problemimi deyə bilmirəm. Atamla aramızda sərhəd olub. Anamla da o qədər də açıq olmamışam. Onlara söz deməyə çəkinmişəm, qorxmuşam. İstəyərdim ki, atamla üz-üzə oturub, hər hansı məsələni danışım, müzakirə edim. Yeri gələndə sirdaş, yoldaş olum onunla. Bu gün çox istəyərəm ki, ailələrdə övladlarla valideynlər arasında hörülmüş bu hündür hasarlar yox olsun. İstəyirəm ki, Yağmur gələcəkdə bütün problemlərini mənimlə bölüşsün. Onu o cür yetişdirirəm. Məni bir rəfiqə, dost görsün, təbii ki, analıq statusu qalmaq şərti ilə.

- Karantin günlərində özünüzü və övladınızı necə qoruyursunuz?

- Karantin günlərində də biz hər gün işimizin başında oluruq. Həftə sonunda Yağmurla əyləncəli vaxt keçiririk. Öncədən özümüz üçün proqram qururuq. Səhər durub idman edir, yeməyimizi yeyirik. Karantin günlərində ən çox sevdiyimiz məşğuliyyətimiz birlikdə yerli və xarici mətbəxdən yeməklər hazırlamaqdır. Biz bunları sevərək edirik. Kitablar oxuyur, musiqi dinləyir, birlikdə idman edirik. Bu günlərdə dərsə də vaxt ayırırıq. Təhsilimizi evdə davam etdiririk.


Etiketlər:  Heç vaxt qızımın adını əzizləyərək çağırmamışam Mənim balam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ