Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 14:16
"Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır".
Sonxeber.net xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.
Mart ayının sonunda istifadəyə verilmiş "Yeni klinika" müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisi davam edir. Artıq mayın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Xəstəxananın açılışı zamanı dövlətimizin başçısı geniş nitq söylədi və indiyə qədər görülən işlər barədə fikirlərini bildirdi.
Cənab Prezident qeyd etdi ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Azərbaycan dövləti üçün başlıca məsələnin vətəndaşların sağlamlığı olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir.
"Həqiqətən də, ölkəmizdə bu istiqamətdə görülən işlər dünya ölkələri üçün nümunədir. Bu gün koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dünyada ən az itkilərə məruz qalan ölkələrdən biridir. Belə ki, COVID-19 infeksiyasına dünyada hər 1 milyon insana düşən yoluxmanın sayı 450 nəfərdirsə, bu göstərici Azərbaycanda 200-ə yaxındır. Ölüm sayına görə dünyada hər 1 milyon insana düşən göstərici 33-ə bərabərdir. Azərbaycanda isə bu göstərici daha yaxşıdır, cəmi 2.6 nəfərdir. Beləliklə, Azərbaycanda vəziyyət dünya göstəricilərindən 15 dəfə yaxşıdır. Bütün bunlar dövlətimizin, Prezidentimiz İlham Əliyevin insanlarınn təhlükəsizliyinin, sağlamlığının qorunmasına verdiyi önəmin ifadəsidir. Bununla belə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Aprelin 27-dən xüsusi karantin rejimində yumşalmaların edilməsi insanlarda arxayınlıq yaratmamalıdır. Bu məsələlərə cənab Prezident də çıxışında toxundu. Son üç gündə xəstələrin sayının artması göstərir ki, məsuliyyətimizi daha da artırmalıyıq. İnsanlar karantin rejiminə əməl etməli, zərurət olmadıqda evdən çıxmamalı, sosial izolyasıya tədbirlərinə əməl etməlidirlər. əks halda, karantin rejimi yenidən sərtləşdiriləcək"- deyə, S.Hüseynova vurğulayıb.