Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 15:06
Koronavirus pandemiyası Azərbaycan üçün də spesifik bir yaşam və işləmək şəraiti yaratdı.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev bir çox məsələlərlə yanaşı, Azərbaycanda koronavirusla bağlı atılan addımlara da toxunub:
"Məhz həmin addımlar səbəbindən də ölkə vətəndaşları Azərbaycan dövlətinin bu çətin gündə insanların yanında olduğunun, onun problemlərinin həllinə dəstək verdiyinin fərqindədir".
Millət vəkili qeyd edib ki, bu şəraitdə ən optimal variantlardan biri də özünütəcrid və onlayn işləmə şəraiti idi:
"Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda işləməyən şəxslərə maddi yardımlar verilib, vətəndaşların evdə qalması üçün lazımi şərait yaradılıb. Bununla yanaşı, sahibkarlara dəstək verilib və dövlət mövcud vəziyyətlə əlaqədar hər zaman vətəndaşlarının yanında olub. Azərbaycan əhalisi bu şəraitdə həm də evdən işləməyin yolunu da tapdı. Ticarət, biznes, tədrisin onlayn təşkili, eyni zamanda bir çox məsələlərin evdən çıxmadan internet vasitəsilə həlli mümkün olub. Hesab edirəm ki, bu vərdişlər koronavirusdan sonrakı dövrdə də ölkəmizdə qalacaq və insanlar bu üsullarla işləməyə davam edəcək. Koronavirus yayılan ərəfədə Azərbaycanın qarşısında 2 çıxış yolu var idi - ya iqtisadiyyat, ya da insanların təhlükəsizliyi və sağlamlığı. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, insanların sağlamlığı onun üçün hər şeydən üstündür".