Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 12:44
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir.
Trend-in məlumatına görə, Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyevin fikrincə, 2015-ci ildə ölkə başcısının sərəncamı ilə xüsusi icazələrin, yəni lisenziyaların ləğv edilməsi həmin dövr üçün olduqca vacib bir qərar olub. Çünki turizm sənayesinin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu:
"Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb. Təbii ki, kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımı üçün də şəraitin yaradılması vacib amildir. Təəssüflə qeyd etməliyik ki bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir. Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır.
Son dövrlərdə assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olub. Vətəndaşlar turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıqlar edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil digərt aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı.
Assosiasiya olaraq hesab edirik ki, artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir".
"Turizm haqqında" qanunda bu məsələ ilə bağlı müddəaların öz əksini tapdığını deyən R.Hacıyev qeyd edib ki, yaxın zamanlarda yenidən lisenziyalaşma prosesinə başlamağa, müəyyən keyfiyyət standartlarının tətbiqinə ehtiyac var:
"Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə proseslər müəyyən qədər tənzimlənəcək".