Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 14:08
Mayın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanından irəli gələn məsələlərlə əlaqədar hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilib. "Təhsil haqqında" Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır.
"Dövlət rüsumu haqqında" Qanuna təklif olunan dəyişikliklər isə "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
Onlayn iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev və İsa Həbibbəyli qanun layihəsinin qəbulunun vacibliyindən danışdılar.
İclasda komitə üzləri Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli və Fatma Yıldırım iştirak edirdilər.
İclasın sonunda gündəlikdəki məsələ yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.