Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib

Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib

Tarix: 12 May 2020 18:39

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi çap olunub.

Akademiyadan Trend-ə verilən məlumata görə, ensiklopediyanın nümunəvi (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Almaniyanın “Kösel GmbH&Co.Kg” şirkəti ilə imzalanan müqavilə əsasında bu ölkədə işıq üzü görüb.

“F” və ”G” hərfləri üzrə materialların bir hissəsini əhatə edən 9-cu cildin həcmi 75,0 şərti çap vərəqi (600 səhifə) təşkil edir. Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiətilə verilib.

Nəşrdə dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı yer alıb.

Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində milli ensiklopediyanın 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.


Etiketlər:  Azərbaycan Milli Ensiklopediyasının cildi nəşr edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ