Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar

Prezident İlham Əliyev: Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar

Tarix: 13 May 2020 16:24

Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti qeyd edib:

"Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız, eyni zamanda, onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıbdır və gənclər məsul vəzifələrə təyin edilirlər.

Son vaxtlar, xüsusilə bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Hesab edirəm ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar.

Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla "Könüllülər ili" elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Könüllülər hərəkatı ASAN könüllülərdən başlamışdır. Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər. Siz də icra hakimiyyəti başçısı kimi bu məsələyə diqqət yetirin ki, həm ictimai nəzarət baxımından işlər daha yaxşı getsin, həm ictimai fəallıq artsın və bu gün insanları narahat edən məsələlər öz həllini tapsın. Buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə, mərkəzi və yerli icra orqanları səmərəli fəaliyyət göstərməlidirlər, eyni zamanda, ictimai nəzarət yüksək səviyyədə olmalıdır. Ona görə sizin təyinatınız həm sizə göstərilən etimaddır, eyni zamanda, gənclərə göstərilən diqqətdir. Bir daha demək istəyirəm ki, siz bu yüksək etimadı öz işinizlə doğrultmalısınız.

Kəlbəcər Azərbaycanın ən gözəl diyarlarından biridir. Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələri, dağları, çayları, tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Əfsuslar olsun, erməni vandalları tərəfindən Kəlbəcərdə və işğal edilmiş digər torpaqlarda yerləşən tarixi abidələrimizin mütləq əksəriyyəti, demək olar ki, hamısı dağıdılıb, yaxud da yarıdağılmış vəziyyətdədir. O cümlədən Kəlbəcər rayonunun ərazisində Azərbaycan xalqına məxsus qədim tarixi abidələr dağıdılıbdır. Amma gün gələcək biz işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələri, bütün infrastrukturu bərpa edəcəyik. Azərbaycan öz suverenliyini bərpa edəcəkdir və bunu deməyə əsas verən bir çox amillər var. O cümlədən bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünya tərəfindən qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir. O cümlədən bu yaxınlarda separatçılar tərəfindən keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmaması və aparıcı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim mövqeyimizi gücləndirmişdir və separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmuşdur. Bununla bərabər, əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz - bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır. Hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır və bu istiqamətdə çox fəal iş aparılır".


Etiketlər:  Prezident İlham Əliyev Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda vətənpərvərlik ruhunda tərbiyə alıb gün ölkəmizin hərtərəfli inkişafı üçün biliklərini ortaya qoymağa hazırdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ