Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:50
Dünyanın ən yaxşı idmançıları ilə böyük məbləğlər qarşılığında müqavilələrin bağlandığını eşitməyə alışmışıq. Lakin bəzi idman növlərində əmək haqqı və oyunçuların dəyərinin artması dramatik xarakter daşıdığından bu, hal-hazırda hər kəs tərəfindən birmənalı qarşılanmır. Bu mənzərəyə əksər hallarda dünyanın ən populyar idman növü olan futbolda rast gəlinir.
Öncə bunu qeyd edim ki, bütün peşəkar futbolçular milyonlar qazanmır. Orta səviyyəli profesional futbolçu karyerası ortalama 8-10 il müddətində olur. Beləliklə, peşəkar bir futbolçunun orta hesabla 8-10 mövsümü var ki, normal peşə sahibinin təqaüdə çıxmazdan əvvəlki müddət ərzində qazana biləcəyi qazancı əldə etsin.
Bu zaman düşünə bilərik ki, futbolçular karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərə bilirlər. Amma statistikaya əsasən, futbol mütəxəssisi kimi karyerasına başlayan keçmiş futbolçulardan ilk 2 ildə 50%-i, ilk 5 ildə isə cəmi 20%i öz işlərini davam etdirir.
1960-70 ci illərdə futbolçular öz güclərini sübut etdiyi və bunun qarşılığını tələb etdiyi dövrlərdə transfer və əmək haqqı qaydalarında müəyyən dəyişikliklər başladı. 1960-cı illərin əvvəllərində "Maksimum əmək haqqı" prinsipi ləğv edildikdə, klublara daha yaxşı oyunçuları cəlb etmək üçün daha böyük məbləğdə pullar təklif etmək mümkün oldu. 1979-cu ildə İngiltərə Birinci Divizionunda mübarizə aparan “Nottingham Forest” klubu hücumçu Trevor Francisi transfer etməklə dünyanın ilk milyon funt sterlinqlik müqaviləsini bağlamış oldu.
1995-ci ildə Avropa Ədalət Məhkəməsi “Bosman” işində oyunçuların xeyrinə qərar verdikdən sonra daha yüksək əmək haqqı üçün yeni qapılar açıldı. Qərara görə, klubla müqaviləsi başa çatmış futbolçular transfer haqqı ödənilmədən başqa kluba keçə bilərdilər. Bununla da, əvvəllər transfer haqqına sərf edilən pullar artıq futbolçulara maaş təklifi üçün istifadə olunmağa başladı və Avropanın ən güclü klubları futbolçulara yüksək maaşlar təklif edərək bir-birləri ilə rəqabətə girdilər.
Nəticə olaraq, futbolçuların dünyanın ən çox maaş alan idmançıları sırasına düşdüyü müddətədək maaşları daim artan traektoriya ilə davam etdi. Məsələn, dünyanın ən çox qazanan oyunçusu Barselona və Argentina milli komandasının üzvü Lionel Messi maaş və digər gəlirlərini nəzərə alsaq ayda 7 milyon funt sterlinq qazanır. Bu, Baş nazirin maaşının təxminən 600 misli hesab oluna bilər. Maaş artımı yalnız məşhur futbolçulara şamil edilmir. Hal-hazırda Premyer Liqanın orta səviyyəli klubunda forma geyinən oyunçu 1960-cı illərdə dövrünün ən güclüsü sayılan futbolçuların 1 ildə əldə etdikləri əmək haqqını 1 həftə ərzində qazanır.
Futbolçulara bu qədər məbləğlər niyə verilir : tələb və təklifin iqtisadi nəzəriyyəsi.
Tələb və təklif bir az cazibə qanununun iqtisadi versiyasına bənzəyir. Bu vəziyyətdə, təklif, İngiltərə Premyer Liqası kimi üstün çempionatlarda oynamağı bacaran futbolçuların sayıdır. Tələb isə, oyunçuları almaq istəyən komandaların sayı ilə müəyyən olunur.
Futbol dünya səviyyəsində məşhur bir idman növüdür, milyonlarla gənclər isə məşhur futbolçu olaraq zirvəyə çıxmaq istəyirlər, lakin onlardan çox az bir qismi ən yaxşı liqalarda oynamaq üçün kifayət qədər bacarıqlı və istedadlı olurlar. Futbolçuların sayı çox olsa da, Messi və Ronaldo kimi istedadlı oyunçular çox az hallara yetişir.
Futbolun vətəni sayılan İngiltərədə üst liqalarda oynamaq üçün mübarizə aparan çoxlu sayda gənc oyunçular var. Burada hər il aşağı liqalarda oynayan 1.5 milyon gənc oyunçudan yalnız 180-in nəticədə peşəkar futbolçu kimi Premyer Liqaya çıxacağı təxmin edilir. Buna görə də potensial super ulduzların sayı azdır, komandanın titul qazanma şansını artırdığı üçün istedadlı futbolçulara tələbat çox yüksəkdir.
Oyunçular aşağıdakı meyarlara əsasən daha çox məvacib alırlar:
1. Performans amili
2. Liqa
3. Futbolçunun imici
4. Yaş amili
5. Beynəlxalq status (hansı ölkənin milli komandasında oynaması)
6. İstedad və bacarıq
7. Zədələnmə həssaslığı və tarixi
Klublar əvvəlkindən daha çox qazanc əldə etdikləri üçün oyunçulara getdikcə daha yüksək maaş verilir. Ödənişli Televiziya bazarı kimi qloballaşma və texnoloji irəliləyişlər nəticəsində futbol daha məşhur idman növünə çevrildi və daha çox qazanc əldə etdi. Bütün sektorlardan olan şirkətlərin futbolla əlaqələndirilməsini istəməsinin səbəbi, milyardlarla insanın auditoriyasını cəlb etməsi və dünyada hər hansı bir marka üçün ekspozisiya təklif etməsidir. 1992-97-ci illərdə Premyer Liqanın ilk mövsümləri üçün yayım hüquqları 200 milyon funt sterlinqdən az məbləğə satıldı. 2016-19 illəri üçün isə Televiziyalara yayım hüquqları 5 milyard funt sterlinqdən daha artıq məbləğə satıldı. Bu məbləğ birbaşa Premyer Liqa klublarına çatır, bu da oyunçulara daha çox pullar xərcləmək imkanı verir.
Son illərdə idman böyük biznesə çevrildiyindən qumar və mərc şirkətlərinin əksəriyyəti də futbol oyunları ilə əlaqəlidirlər. Bəzi mərc şirkətləri futbol çempionatlarına, klublara sponsorluq etməklə yanaşı, futbol oyunlarının geniş miqyasda təbliğini aparır və futbol oyunlarından yüksək məbləğlər əldə edir.
Əlbəttə ki, bu, maaş artımının qeyri-müəyyən davam edəcəyi demək deyil. Futbol populyarlığının azalması ilə qarşılaşarsa, reklam, yayım və sponsorluq gəlirləri azalacaq və oyunçu maaşları azaldılmalı olacaq. Ancaq hal-hazırda buna dair bir işarə yoxdur və yaxın gələcəkdə futbolçuların maaşlarının artmaqda davam edəcəyi ehtimalı var.
Kamil MANAFOV
rightsinsport.blogspot.com