Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 14:08
Bakı. Samir Əli - Trend:
Son günlər ölkə ərazisində yağan yağışlar bölgələrdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbəri İmran Cümşüdov Trend-ə açıqlamasında bildirib.
O əlavə edib ki, yağışlar əkinçiliyin inkişafını sürətləndirib: "Azərbaycanda əkinçilik sisteminin 70-80 faizi suvarma, 25-30 faizi isə dəmyədir. Dəmyə əkinçiliyi bilavasitə təbiətlə bağlıdır. Burada inkişaf yağışın miqdarından asılıdır. Son vaxtlar yağan yağışlar həm dəmyə, həm də suvarma əkinçiliyində becərilən bitkilərin inkişafına çox müsbət təsir göstərib. Dənli taxıl bitkiləri, tərəvəz və meyvələr bu yağışdan sonra sürətlə canlanıb".
İ.Cümşüdov bildirib ki, hazırda yazlıq bitkilərin əkini davam edir:
"Hazırda pambıq, qarğıdalı və tütün bitkilərinin əkilməsi prosesi davam etdirilir. Artıq sahələrə pambıq çiyidləri səpilib. Yağan intensiv yağışlar pambıq, qarğıdalı, tütün və digər texniki bitkilərin normal inkişafına sərait yaradır. Çiyələk, kartof və digər məhsullar da son günlərin yağışlı keçməsi nəticəsində inkişafı sürətləndirib".
Mərkəz rəhbəri yağışların uzunmüddətli yağmasının bəzi bitkilərə zərərindən də danışıb:
"Əgər yağışlar uzunmüddətli intensiv xarakter daşıyarsa, bu hal bəzi bitkilərə zərər verə bilər. Əsasən də meyvəli bitkilərdə göbələk xəstəliyi yarada bilər. Ona görə də fermerlər bu proseslərə hazır olmalıdırlar. Əgər belə hal mütəmadi davam edərsə, fermerlər yağışdan sonra müəyyən kimyəvi vasitələrdən istifadə edərək göbələk xəstəliyinin qarşısını almalıdırlar. Onlar bağ sahələrində mütəmadi müşahidələr aparmalı və qabaqlayıcı tədbirlər görməlidirlər".