Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 15:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, müqəddəs ailə bağlarımızın daha da möhkəmlənməsini və sağlam köklər üzərində inkişafını arzu edirik.
Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova 15 May - Beynəlxalq Ailə Günü münasibətilə ailələrə ünvanladığı təbrikdə deyib.
O qeyd edib ki, bu gün bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir və Azərbaycan da beynəlxalq ictimaiyyətin üzvü kimi bu ənənəyə qoşularaq bütün lazımi addımları atıb:
"Heç kimə sirr deyil ki, Azərbaycanda ailəyə verilən dəyər çox yüksək, emosional bağlar dayanıqlı və möhkəmdir. Həm tarixi keçmişimiz, həm də ümummilli liderimiz Heydər Əliyevin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ailə siyasətinin bugün daha yüksək səviyyədə yerinə yetirilməsinin nəticələri, eləcə də bugünə qədər nəsildən-nəsilə ötürülərək gələn milli-mənəvi dəyərlərimiz və müasir dəyərlərə açıq xalq olmamız bizə Beynəlxalq Ailə Gününü bayram kimi qeyd etməyə imkan verir.
Bütün dünyanı bürüyən pandemiya dünya dövlətlərini və eyni zamanda insanlığı, ailələri sınağa çəkdi. Başda Prezident İlham Əliyev olmaqla dövlətimiz sosial sahədə üzərinə düşən vəzifəni bir çoxlarına nümunə olacaq şəkildə həyata keçirməkdədir. Həmçinin bu sahədə ortaya qoyulan siyasi iradə “Biz Birlikdə Güclüyük” şüarı ətrafında bütün xalqımızı birləşdirib. Cəmiyyətimizin hər bir fərdi bu yardımlaşma aksiyasına qatılıb. Bu çətin günlərdə Azərbaycan adlı böyük və müqəddəs ailənin mənəvi keyfiyyətlərinin nə qədər yüksək olduğunun, milli köklərimizə bağlılığımızın, ailədə nəsillərarası münasibətlərin dəyərini, cəmiyyətin ən müxtəlif təbəqələri arasında insani münasibətlərin bir daha şahidi oluruq. Biz bu pandemiya dövründə həm ailələrimiz, həm də hər bir vətəndaşımızla min illərdən süzülüb gələn yardımlaşma ənənəsi, ehtiyacı olana hami durmaq qabiliyyətimizlə nümunə oluruq. İnanırıq ki, bundan sonra da dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz hər sınaqdan ləyaqətlə çıxacaq".