Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 12:56
Azərbaycanda pandemiya dövründə bal satışında artım qeydə alınıb.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar evdə qaldığı müddətdə təbii və sağlam məhsullara üstünlük veriblər: "Bu səbəbdən bal satışında 20 faiz artım qeydə alınıb".
Sədr əlavə edib ki, ötən ilin aprel, may ayları ilə müqayisədə arı məhsullarına tələbat artıb. Bununla yanaşı, havanın təmizlənməsi və ekologiyanın əlverişli olması bu il arı məhsullarının keyfiyyətini daha da yüksəldəcək.
B.Həsrətov qeyd edib ki, ölkədə tətbiq olunan karantin rejiminin arıçılığa müsbət təsiri olduğu kimi, mənfi təsiri də var.
"Bildiyiniz kimi, ölkədə hazırda xüsusi karantin rejimi tətbiq olunur, həmçinin may ayının 18-nə kimi yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan idi. Ölkədə isə arıçılıqla məşğul olan şəxslərin əksəriyyətinin yaş həddi 65 və daha çoxdur. Onların evdən çıxa bilməməsi səbəbindən bir çox arıxanalara ziyan dəyib. Belə ki, arıxanalara vaxtlı-vaxtında qulluq olunmayıb".