Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 13:54
"DOST mərkəzinin açılışında Azərbaycan Prezidentinin çıxışı ölkəmizdə, xüsusuilə də, sosial sferada həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərini və nəticələrini dəyərləndirmək baxımından qiymətlidir".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O, 3 saylı DOST mərkəzinin açılışını Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanların mənafeyinin dayandığının göstəricisi adlandırıb:
"Burada cənab Prezident bir sıra maraqlı faktlar sadaladı. O cümlədən, ölkəmizdə aztəminatlı əhaliyə göstərilən dövlət qayğısı, ən müxtəlif istiqamətlərdə insanların dövlət himayəsi ilə əhatə olunması, DOST Mərkəzlərinin açılması və bu əsasda da insanların ən adi problemlərinin belə asan şəkildə həll olunması üçün şərait yaradılması və s. ilə bağlı qiymətli məlumatlar verdi. Bütün bunlar bir daha belə fikirləşməyimizə əsas verir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində həqiqətən vətəndaşlarının mənafeyi, konkret olaraq insanların qayğılarının mümkün qədər asanlıqla və tez bir müddətdə həll olunması dayanır. Xüsusi ilə də ölkəmizdə koronavirusla mübarizə dövründə insanların yaşayışının və rifahının yaxşılaşdırılması üçün atılan addımlarla bağlı Prezidentin verdiyi məlumatlar xüsusi ilə dəyərlidir".
Millət vəkili Prezident İlham Əliyevin mərkəzin açılışındakı çıxışını dövlətin sosial siyasətinin əsas istiqamətlərini dünya ictimaiyyətinə təqdim etmək baxımından çox əhəmiyyətli hesab edib:
"Onu da qeyd edim ki, müharibədə şəhid olmuş əsgərlərimzin ailələrinə göstərilən qayğının, diqqətin başqa ölkələrlə, o cümlədən Ermənistanla müqayisə olunması çox əhəmiyyətli məsələdir. Çünki Prezident çox haqlı olaraq qeyd etdi ki, Azərbaycandan müharibədə şəhid olanların ailələrinə avtomobillər, mənzillər və s. qiymətli hədiyyələr pulsuz olaraq verildiyi halda Ermənistanda bu kimi hallara rast gəlinmir. Əlbəttə ki, bu təkcə Ermənistanın iqtisadiyyatının tamamilə dağılmış və zəif olması ilə əlaqədar deyil, həm də onla bağlıdır ki, Ermənistan təcavüzkar ölkə olduğuna görə orada müharibədə ölmüş əsgərlərin ailələrinə hər hansı bir yardımın göstərilməsi çox əsaslı və ciddi suallar yarada bilər. Çünki Ermənistan əsgəri başqa dövlətin torpağında həlak olurlar. Bir sözlə, cənab Prezidentin 3 saylı DOST mərkəzinin açılışındakı çıxışı həm ölkənin, dövlətin sosial siyasətinin əsas istiqamətlərini təqdim etmək, həm də bu istiqamətlərdə əldə olunmuş nəticələri ölkə ictimaiyyətinə və müəyyən mənada da dünya ictimaiyyətinə çatdırmaq nöqteyi nəzərindən çox əhəmiyyətlidir".
Təhməz Təkin