Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 16:54
“Xiaomi” şirkəti rəsmi təqdimatı mayın 26-na planlaşdırılan yeni “RedmiBook” portativ kompüterinin texniki xüsusiyyətlərini açıqlayan fotoşəkillərini dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət 16,1 düym diaqonallı ekranla təchiz edilən noutbukdan gedir. Bildirilir ki, qapağın ön səthinin 90 faizini əhatə edən ekranın çərçivəsinin eni 3,26 mm təşkil edəcək. Displeyin təsvir ölçüsü barədə məlumat verilməsə də, onun “sRGB” rəng sahəsinin 100 faizini əhatə edəcəyi qeyd olunur.
Məlumata görə, nazik çərçivələr sayəsində noutbuk ümumi qabaritlərinə görə 15 düymlük modellərlə uyğunluq təşkil edəcək.
Portativ kompüterin aparat platforması qismində “AMD” platforması çıxış edəcək. Alıcılara seçim üçün “Ryzen 5 4500U” və “Ryzen 7 4700U” prosessorlarına malik modifikasiyalar təklif olunacaq.
Operativ yaddaş tutumu 16 giqabayt təşkil edəcək. Həmçinin qurğu 512 giqabayt tutumlu “Samsung PM881” bərk cisimli toplayıcısı ilə təchiz olunacaq.
16,1 düymlük portativ kompüterlə birlikdə 13 və 14 düym diaqonallı ekranlarla təchiz edilən “RedmiBook” noutbuklarının nümayişi gözlənilir.
Nizam Nuriyev