Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilosu 1300 manata göbələk, 130 manata gilas - Reportaj - FOTO

Kilosu 1300 manata göbələk, 130 manata gilas - Reportaj - FOTO

Tarix: 24 May 2020 20:56

Dünyanın dörd bir yanında yetişdirilən məhsulların ölkəmizdə bir məkanda satışını təşkil edən "Ekzobutik"dən reportaj

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

- Mən dünən sifariş verdiyim meyvəni götürmək üçün gəlmişəm.

- Bəli, hazırdır.

Meyvə tərəziyə qoyulur, 3 kilo gəlir, endirim edilir, müştəri 200 manat ödəyib, oradan uzaqlaşır. Bu, mağazaya daxil olduğumuzda qarşılaşdığımız ilk mənzərə oldu. Sual yarana bilər ki, 3 kilosu 200 manatdan çox olan meyvə hansıdır? Bunu da öyrənəcəyik.

Bildirək ki, dünyanın dörd bir yanında yetişdirilən məhsulların ölkəmizdə bir məkanda satışını təşkil edən "Ekzobutik"dəyik. 

Mağazanın sahibi gələnə qədər satışda olan məhsullar və qiymətləri yazılan menyuya nəzər saldıq. İlk olaraq 3 kilosu 200 manat edən meyvəni axtardıq, bu, vətəni Peru olan quanabanadır və bir kilosu 75 manatadır.

Menyuda meyvələrin bir qismi kiloqramla təklif edilir, bəziləri qramla, müəyyən meyvələr isə ədədlə. Kiloqramla olanlardan başlayaq. Peru gilası 130, cekfrut 48, durian 50, qodji giləmeyvəsi 60 manatadır.

İndoneziyadan gətirilən "Blueberry"nin 130 qramı 10 manatdır. Pekan qozunun 100 qramı 4,5 manata satılır, eyni çəkidə makadamia fındığı isə 4,7 manata təklif edilir.

Ədədlə satışda isə Kinq manqo (Günəşin yumurtası) 30, Avokado Saymon Prem 18, qranadilia 8,5, manqostin 4, rambutan 3 manat və s.

Mağazanın sahibi Əşrəf Şıxəliyev gəldiyində qiymətlərlə tanış olduğumuzu görüb söhbətə bu mövzuyla başladı. O, qiymətlərin bu cür olmasının əsaslı səbəbi olduğunu bildirdi: "Çünki elə meyvələr var ki, ölkəmizə gələnə qədər bir neçə təyyarə dəyişməli olur. Üstəlik, hər birinin saxlanma şəraiti fərqlidir. Bu kimi məsələlər üst-üstə gəldiyində qiymətlərə təsirsiz ötüşmür. Məsələn, ölkəmizdə yerli gilasın qiyməti ekzotik meyvələr qədər baha olmur. Necə ki bizim üçün manqostin ekzotikdirsə, başqa ölkələr üçün də bizim gilas elədir. Biz Vyetnama gilas ixrac edirik, orda kilosu 50 manata satırlar".

Dünyanın 3 ən dadlı meyvəsi

Sonra söhbət dünyanın ən dadlı üçlüyündən düşdü. Ə.Şıxəliyev ən dadlılar haqqında da danışdı: "Dünyanın ən dadlı 3 meyvəsi var: manqostin, kinq manqo və cekfrutdur. Hər üçü bizdə olur.

Manqostinin vətəni İndoneziyadır. Fərqli və maraqlı görünüşü var. Üzərində ulduz forması var. Üzərindəki ulduzun necə qolu varsa, içərisində də o qədər hissə olur. Müştərilərimizin sevimli meyvəsidir. Allergiya, ekzem və dəri problemlərini aradan qaldırmaqda faydalıdır. Tərkibindəki antioksidantlar bədəndə zərərli maddə və toksinləri məhv edir. Bir ədədinin qiyməti 4 manatdır.

Günəşin yumurtası adlanan kinq manqoya "Karalevski manqo" da deyirlər. Dünyada 200-dən çox manqo növü var. Ən dadlısı budur. Bu manqo Cənubi Amerikada - yalnız Peruda yetişir. Dünyada ən çox yeyilən, ən şirin meyvədir. Bir ədədinin qiyməti 25-30 manat arası dəyişir.

Cekfrutu Taylanddan gətirirdik, karantinlə bağlı həmin ölkə ixracı dayandırıb, ona görə hazırda mağazada yoxdur. Dadlılığı öz yerində, həm də doyumludur. Çəkisi böyük olur. 14 kiloya qədər. Bir hissə yedikdən sonra 12 saat toxluq hissi verir. Kiloqramı 48 manatdır. Amma siz 100-200 qram da alıb dadına baxa bilərsiniz. Bu, 5-10 manat arası məbləğ edəcək".

Dadlı, yoxsa faydalı?

Mağazanın sosial media səhifələrində ekzotik meyvələrlə bağlı paylaşımlarda sağlamlıq məsələsi xüsusilə qabardılır. Alıcıların dad, yoxsa faydalılıq cəhətdən bu meyvələri almasına gəlincə, Ə.Şıxəliyev birincinin üstünlük təşkil etdiyini bildirdi: "Bəzi meyvələrin insan orqanizminə tibdə təsdiqini tapmış ciddi faydaları var. Məsələn, quanabana meyvəsini daha çox onkoloji xəstələr üçün alırlar. Xəstəliyi birdəfəlik aradan qaldırmır, ancaq xərçəng hüceyrələrinin inkişafını dayandırır və bədəndə olan vitamin çatışmazlığını bərpa edir. Kimyaterapiya almış insanların bədənində ciddi vitamin çatışmazlığı olur. Onların bərpası cəhətdən faydalıdır. Kimi faydasına görə alır, kimi də dadına. Ancaq dad üçün alanlar daha çoxdur".

Ə.Şıxəliyev qeyd etdi ki, mağazanı açmağa da bu meyvələrin faydası ilə tanış olandan sonra qərar verib: "Mən səyahət etməyi sevirəm. Bu ideya Asiya ölkələrinə səfərimdə yarandı. Yerində o meyvələrin dadına baxdım, bəyəndim, eyni zamanda insanlarla söhbət zamanı faydaları haqqında məlumat aldım. İnsanların bir çox xəstəlikləri meyvə ilə sağaltdığını gördüm. Düşündüm ki niyə bu bizdə olmasın. Zoğal mürəbbəsi ilə qripə qalib gələn insanlara "kakosla sağala bilərsiniz" demək heç də asan deyil, amma yenə də bütün PR vasitəsində qeyd edəcəm ki, sağlamlıq tərəfindən yararlansınlar".

Deyirlər ki, öz torpağında yetişən meyvə-tərəvəz sənin sağlamlığın üçün daha faydalıdır, nəinki başqa ölkədən gələnlər. Əşrəf bəy bu fikirlə razılaşmır: "Hər kəs öz fikrində azaddır, bu fikri səsləndirənlərə etiraz etmək fikrim yoxdur. Ancaq bu yanaşmanı qəbul da etmirəm. Bunun elmi və məntiqi əsası yoxdur. Bir çox ölkələr var ki, orda hər hansı məhsul yetişmir. Onlar neyləsinlər? Amma fayda baxımından yanaşanda, ekzotik meyvələrin bəzilərində olan vitamin bizim meyvələrdən qat-qat çoxdur. Bu nə ilə əsaslanır? Çünki daim yay olan məkanda il boyu gün işığı düşən ağacın verdiyi meyvə ilə qar çovğun görən ağacın meyvəsi fərqli olur".

Sağlamlıq meyvəsi

Mağazada meyvə çeşidi çoxdur, onun hamısı haqqında danışa bilmərik. Heyətdən bir neçə meyvə seçməyi və onlar haqqında məlumat verməyi xahiş etdik. Düzdür, ən dadlılardan danışdıq, amma başqa "ən"lər də var.

Karambola "sağlamlıq meyvəsi" kimi məşhurdur. Ə.Şıxəliyev bu meyvəyə xanımların xüsusi maraq göstərdiyini deyir: "Şri-Lankanın milli meyvəsi hesab olunur. Doğrananda ulduz formasında olur. Dadı turşdur, bizim alçaya da bənzəyir. Tam yeyilir. Xanımlar üçün çox faydalıdır. Dırnaq və saçlar üçün vacib olan beta-keratin və riboflavin maddələri var ki onlarla zəngindir. Tiamin ilə zəngin olmasına görə, karambolaya "mükəmməl tərkibli ulduz meyvəsi" adını veriblər. Həm dadına, həm də sağlamlıq tərəfinə görə alınır. Bir ədədinin qiyməti 7 manatdır".

Dünyanın ən pis qoxulu meyvəsi

Mağazada söhbət zamanı dünyanın ən pis qoxulu meyvəsi olduğu bildirildi. Durian adlanan bu meyvənin satışda olub-olmadığını maraqlandıq. Ə.Şıxəliyev dedi ki, bu meyvəni sifarişlə gətirirlər: "Çünki o qədər pis qoxusu var ki, burda saxlamaq olmur. Bir otaqda o meyvə ilə 15 dəqiqə qalandan sonra adamın başı gicəllənir. Tailanddan gətiririk. Adətən nəyinsə qoxusu pis olursa, dadı da elə olur. Bu meyvədə onu deyə bilmərik. Qoxusu dəhşət pisdir, amma dadı qəşəngdir".

Kakos

Bizdə kakos deyəndə, qəhvəyi rəngdə olan balaca meyvə nəzərdə tutulur. Ə.Şıxəliyev deyir ki, o, kakos növlərinin içərisində ən dadsız və qurusudur: "Adətən Asiya ölkələrində yeyilməyən kakosdur. Kakos əslində yaşıl rəngdə böyük bir meyvədir. Bizdə üzəri ağdır, çünki təyyarədə çəkisi az gəlsin deyə üzərini yonurlar. Bu kakosun həm suyu içilir, həm də içərisindəki ağ ləti qaşıqla yeyilir. Çox faydalı meyvədir. Çünki bədəni hüceyrə səviyyəsində infeksiyalardan qoruyur. Zərərli bakteriyaları öldürür. Uşaqlara çox faydalıdır. Hətta xəstəliklərin profilaktikasında da istifadə olunur".

Əjdaha meyvəsi

Əjdaha meyvəsi adlanan "Pitahayya"nın hər 3 növü mağazada satışda olur: "Ağ, sarı və qırmızı növləri olur. Hazırda qırmızı və sarı növü mağazada var. Sarı çox dadlıdır, digər növlərindən 3 dəfə şirindir. Qırmızısının xüsusi dadı yoxdur. Ortadan bölünərək qaşıqla yeyilir. Qırmızını daha çox meyvə salatlarında yeyirlər. Müştərilər alanda, məlumat veririk ki, onun yanında nəsə alsınlar ki, qarışdırıb yesinlər. Sarının bir ədədinin qiyməti 22, qırmızı isə 20 manatdır. Ağ isə 17 manata olur".

"Plastmas" meyvə

Qranadilianı ələ alanda oyuncaq təsiri bağışladı. Bildirdilər ki, müştərilər bunu "plastmas meyvə" adlandırırlar: "Ələ alanda plastmas təəssüratı yaradır. Ortadan iki yerə bölünür, içi qaşıqla yeyilir. Şirin meyvədir. Tumları da var, yeyiləndə xırçıldadan effekt yaradır. Kolumbiya meyvəsidir. Bizdə də populyardır".

Rambutan

Rambutan da çox dadlı meyvələrdəndir. Ə.Şıxəliyev kosmik meyvə adlandırılan rambutanın şirin və çox dadlı olduğunu deyir: "Ananasla tutun qarışığı tipli mükəmməl dadı var. Həzm prosesi, dəri, mədə, qaraciyərə çox faydalıdır. Vətəni Vyetnam olsa da, dünyanın müxtəlif ölkələrində yetişdirilir. Çünki kol kimi ağacı var və rahatlıqla onu yetişdirə bilirlər. Bir ədədi 2,5-3 manat olur".

Kilosu 1300 manata göbələk

Mağazada əsasən meyvə satılsa da, tərəvəz növlərinə də rast gəlmək mümkündür: "Dünyanın ən acı bibərlərini gətirmişik. Meksika, Türkiyə, Peru və s. ölkələrin acı bibərləri var. Acı yox, çox acı bibərlər. Yaxud bütün dünyada məşhur olan Fransanın Qara Tryufeli adlandırılan göbələk növü də var. Bu, delikotes hesab olunur. Tapılması və yetişdirilə bilinməməsi ilə məşhurdur. Süfrələrin qara brilliantı adlandırılır. Dünya qurmanlarının və premium restoranların sevimli məhsullarındandır. Bu, insanın həyatı boyunca dadmalı olduğu qidalar siyahısına başçılıq edir. Bir kiloqramının qiyməti 1300 manatdır. 100 qram (2-3) göbələk almaq istəyənlər isə 130 manatlarından keçməlidirlər".

Bu meyvələrlə onların vətəninə səyahət edib yerində tanış olmaq daha gözəl olardı, ancaq bu imkan yoxdursa, alternativ var. Düzdür, ənənəvi dadlara öyrənmişik, ancaq ekzotikanın fərqliliyini yoxlamaq da gözəldir.

Milli.Az


Etiketlər:  Kilosu 1300 manata göbələk 130 manata gilas Reportaj FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ