Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 13:21
Bakı. Trend:
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə məlumat açıqlayıb.
MİDA-dan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin